Sizə kimdən deyim Yafəsdən, əvvəl imzası beləydi: Yafəs Məftun, sonra dəyişdi oldu: Yafəs Türksəs, sonra da dəyişdi: Yafəs Türksəs Mərdqala (Görünür, köhnə dostu Murad Köhnəqalananın şərəfinə götürüb), sonra da sadəcə Ya Fəs oldu. Bu imzaların hansı birini görsəniz, bilin ki, mən deyən adamdı. İnternetdə axtarsanız, bu imzaların heç birini görməyəcəksiniz. İnternet Yafəsə yaddı. Yafəs anacaq qəzet səhifələrindədi.
“Yazar” qəzetinin baş redaktorudur. Adi vaxt onun cibini axtarsan, son bir ayın qəzeləri çıxar. Elə bil yeriyən qəzet köşküdü. Hətta beş –altı ay öncənin qəzetlərini də onun cibindən tapmaq mümkündür. Yafəs Cəbrayıldandı. Unversiteti fərqlənmə ilə qurtarıb. Hərdən rəqibinə güc gəlmək istəyəndə bu faktdan məharətlə istifadə edir. Kim nə deyir bilmirəm, amma mən onu maraqlı, orjinal, koliritli və bəzən özünün dediyi kimi, modernist şair kimi tanıyıram. “Postmodernizmi Azərbaycan mən gətirmişəm” deyənlərin və həmin məsələ barədə birincilik uğrunda Həmid Herisci ilə dartışanların biri də odur. 60-yaxın yaşı var, səhv etmirəmsə, indiyə kimi 3 kitabı çıxıb. 3-4 dəfə Yazıçılar Birliyinə üzv olmaq üçün sənəd verib, sonra iki-üç gün keçməmiş sənəd verməyini unudub.
Maraqlı əhvalatlar qəhrəmanıdı bizim Yafəs. Bir dəfə Yafəs şair Rüstəm Behrudiyə zəng edir (tanış deyillərmiş). Deyir ki, sizinlə danışan “Yazar” qəzetinin baş redaktoru Yafəs Türkəsəsdir. Onunla görüşmək istədiyini bildirir. Hər dəfə də Rüstəm Behrudi görüşü təxirə salır, yəni boynundan atır. Günlərin bir gün nansısa restoranda Rüstəm Behrudi Murad Köhnəqala ilə Aqşinə qonaqlıq verirmiş. Vəziyyət çox yaxşı imiş. Elə bu zaman Yafəs Türksəs zəng edir. Yenə adəti üzrə deyir ki, danışan”Yazar” qəzetinin baş redaktoru Yafəs Türksəsdir. Rüstəm Behrudi qərara gəlir ki, elə həm ziyarət, həm də ticarət, dəvət edir, deyir gəl filan restorana. Bu təklif Aqşinlə Muradın ürəyincə olmur, deyir qonaq qonağı istəməz, ev yiyəsi də hər ikisini, həm də Rüstəm Behrudi tərəfindən edilən hörmətə yeni bir şərik də çıxır, özü də bu tanışlıq uzun müddət davam edə bilər. Ona görə Yafəs gəlməmiş Muradla Aqşin onu aşağılamaq istəyirlər. Yafəs gəlib çıxır, görür ki, Aqşinlə Murad da burdadır. Onun da qanı qaralır. Bilir ki, vəziyyət yaxşı olmayacaq. Artıq o özünü burada lider kimi hiss elməyəcək. Otururlar. Aqşinlə Murad başlayır Yafəsi Rüstəm Behrudinin gözündən salmağa. Elə bu zaman Yafəs Aqşinə bir şillə vurur, Murad da Yafəsi vurur. Nə isə burada iri bir dava düşür ki, gəl görəsən. Ara qarışır, məzhəb itir. Rüstəm Behrudi baş verənlərə məəttəl qalır. Tez dağılışırlar.
Yafəs evə qanı qara gedir. Evdə nə fikirləşirsə, Murada zəng eləyir, dünənki davaya görə peşiman olduğunu və ondan üzr istəməyini bildirir və görüşü də o vaxt ki, “Əzizbəyov” (indi ki, “Koroğlu”) metrostansiyasının qabağına verir. Demə Yafəsinin ürəyində intiqamı varmış. Qabaqcadan gəlib orada içi neft gölməçəli bir xəndək bələdləyir. Muradla görüşürlər. Yafəs dönə-dönə üzr istəyir. Üzr istəyə-istəyə Muradı xəndəyə tərəf çəkir. Murad da köhnə dostunu bağışlayır. Xəndəyin kənarına çatanda qəflətən Muradı xəndəyə itələyib qaçır. Murad başı üstə gedir düz xəndəyin içindəki mazuta. Murad da təzə “kurtka” alıbmış, zay olur.
Yafəsin əhvalatları dillər əzbəridi. Maraqlı kitablar satır. Hətta rəhmətə gedənlərin kitabını satanda özünü müəllif kimi qələmə verir. Tanıyan adam etiraz eləyəndə “o zaman şəklim beləydi” deyir. Bir növ Yafəs ən yaxşı yayım və xəbər mərkəzidir.
Bir gün Yafəs bir jurnalist kimi uzaq rayonda bir təşkilata gedir. Görür qəbulda 10-na yaxın jurnalist var. Bəlkə də çoxu “reket jurnalist” imiş. Əlbəttə, bu, pis əlamətdi. Müdirə xəbər verirlər ki, bəs, qəbulda 10-dan çox jurnalist gösləyir. Necə olursa, müdir hamısını birdən qəbul edir. Bir-bir jurnalistlər hansı qəzetdən olduqlarını deyir. Növbə Yafəsə çatanda deyir ki, “mən də “Çörəkpulu” qəzetindənəm”. Müdirin çox xoşuna gəlir bu sözdən, deyir, hamı getsin, təkcə “Çörəkpulu” qəzetinin redaktoru qalsın. Yafəsə yaxşı hörmət eləyir.
Məqsədim nədir? Yafəs əsl şair taleyi yaşayır. Həyatı, şeiri maraqlı hadisələrlə doludur. O həyatda şair kimi var, amma internetdə adı yoxdur. İki misrası ilə onu daha dəqiq nişan verirəm:
Kim ki xırdalandı, ələkdən keçdi,
Yafəs, bu ələkdən nə gözləyirsən?
Yafəsi tapın oxuyun, peşman olmaycaqsınız. O bizim zəmanənin istedadının ağrısını çəkən tək-tək adamlardandı.