Müxalifətin prezident seçkilərində vahid namizədlə təmsil olunub-olunmayacağı yenidən gündəmin müzakirə obyektinə çevrilib. Müsavat başqanı İsa Qəmbərin və digər partiya rəhbərlərinin seçkilərdə iştirak edəcəyi haqda öncədən səsləndirdiyi fikirlər müxalifət düşərgəsinin 2013-cü il prezident seçkilərində vahid namizədlə iştirakının mümkünsüzlüyündən xəbər verdi. Son günlər baş verən siyasi proseslər müxalif cəbhədə ciddi fikir ayrılığı yaradıb.
Prosesləri Modern.az-a şərh edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib ki, müxalifətin vahid namizəd məsələsi artıq geridə qalıb. Deputatın sözlərinə görə, bu istiqamətdə aparılan müzakirələr ciddi vaxt itkisidir.
“Artıq bu məsələlərlə bağlı danışmaq ciddi vaxt itkisinən başqa bir şey deyil. Vahid namizəd məsələsi ilə bağlı proses artıq geridə qalıb. Indi başqa taktikalar üzərinə işləmək daha doğru olar. İndiki reallıqda müxalifətin vahid namizədlə təmsil olunması çətin məsələdir. Bunu həll etmək prosedura etibarı ilə, həmçinin vaxt etibarı ilə mümkünsüz görünür”, - deyə İ.Ağazadə vurğulayıb.
Partiya sədri həmçinin qeyd edib ki, artıq “Qarabağ” bloku 2013-cü il prezident seçkilərinə ayrılıqda qatılacaq.
“Qarabağ” bloku olaraq biz seçkilərdə iştirak edəcəyik. Öz namizədimiz olacaq”.
Anar RÜSTƏMOV