Noyabrın 23-də Dövlət Sosial Müdafiə Fondunda kütləvi informasiya vasitələri üçün “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu: İnkişafın 20 ili” mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə tədbir keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə vurğulanıb ki, müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq təşkil olunub. Müsabiqəyə 10 iyul 2012-ci il tarixdən 01 oktyabr 2012-ci il tarixədək Dövlət Sosial Müdafiə Fondunun son 20 ildə göstərdiyi fəaliyyətlə bağlı mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub.
Müsabiqənin yekunlarına əsasən, “Yeni Təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Paralel” qəzetinin baş redaktorunun birinci müavini Yusif Seyid, “Palitra” qəzetinin müxbiri İlkin Ağayev, “Azadlıq” qəzetinin müxbiri Xəyal Babayev, “Azərbaycan Dövlət Teleqraf Agentliyi”nin (AzərTAc) müxbiri Xalid Məmmədov, “Üc nöqtə” qəzetinin müxbiri Xalid Vahidoğlu, Modern.az internet portalının müxbiri Aytən Əliyeva, “Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov, “Paritet” qəzetinin müxbiri Rövşən Atakişiyev, “Paralel” qəzetinin baş redaktorunun müavini Akif Nəsirli, “Həftə içi” qəzetinin müxbiri Təbriz Vəfalı “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə mükafatlandırılıblar.
Müsabiqənin nəticələrinə görə “Ən yaxşı məqalələr” nominasiyası üzrə 1-ci yeri “Trend” İnformasiya Agentliyinin müxbiri İlahə Məmmədli, 2-ci yeri “Azərbaycan” qəzetinin müxbiri Elçin Cəfərov və “Ayna” qəzetinin müxbiri Aynurə Əhmədova, 3-cü yeri “Lent.az” xəbər portalının müxbiri Ramiz Mikayıloğlu, “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov və “Həftə içi” qəzetinin əməkdaşı Cəmilə Əsgərxanqızı tutublar.
Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə 1-ci yerə "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin müxbiri Elnur Quliyev, 2-ci yerə “Space” Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri Sülhiyyə Şirinova, “Xəzər” televiziyasının müxbiri Zümrüd Dəmirova, 3-cü yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Əli Rzayev, “Lider” televiziyasının müxbiri Rasim Şərifov layiq görülüblər.
Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və tele-radio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılıblar:
Qəzet və jurnallarda, saytlarda çap olunmuş ən yaxşı məqalələr üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Televiziya və radio kanallarında verilmiş ən yaxşı tele-radio verilişləri və telesüjetlər üzrə:
1-ci yer – 800 manat
2-ci yer – 500 manat
3-cü yer – 300 manat
Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat – cəmi 1000 manat məbləğində.
DSMF sədri Səlim Müslümov qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. O vurğulayıb ki, Fond sığorta- pensiya sahəsində həyata keçirilən islahatlarla bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaq.