Modern.az

“Azərbaycan banklarının kredit faizləri dünyanın heç bir yerində yoxdur”

“Azərbaycan banklarının kredit faizləri dünyanın heç bir yerində yoxdur”

23 Noyabr 2012, 14:33

Modern.az saytı bunun səbəblərini araşdırıb...

Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin yüksək olması barədə indiyə qədər ekspertlər və media tərəfindən yetərincə məlumat verilib. Yüksək faiz dərəcələrinin bankların müştərilərinin azalmasına təsir göstərən önəmli faktorlardan biri olduğu da dəfələrlə vurğulanıb.  

Bu gün ölkədə kreditlər, xüsusilə istehlak kreditləri daha yüksək faizlə 30 - 32, biznes və digər kreditlər isə 22 - 17 faizlə təklif olunur. Maraqlıdır, kreditlərin faiz dərəcələri niyə bu qədər yüksəkdir?

Modern.az bankların faiz dərəcələrinin yüksək olmasının səbəblərini araşdırıb.   

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev ölkədə istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasını bir sıra amillə əlaqələndirir:

“Azərbaycanda kreditlərin faiz dərəcələri bir çox ölkə ilə müqayisədə xeyli yüksəkdir. Bunun da əsas səbəblərindən biri odur ki, banklar qısa müddətdə çoxlu gəlir əldə etmək məqsədi güdür. Məsələnin digər tərəfi ondan ibarətdir ki, götürülən kreditlərin 70 faizi istehlak kreditlərinin payına düşür. İstehlak kreditləri çəkisinin çoxalma səbəbi isə bu kreditlərin faiz dərəcələrinin digərlərindən üstün olmasıdır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, istehlak kreditləri, digərlərindən fərqli olaraq, adətən qısa müddətə verilir. Ümumiyyətlə, istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması onunla əlaqədardır ki, insanlar məişət avadanlıqları, avtomobil almaq istəyir, yəni buna tələbat çoxdur. Odur ki, son bir-iki ildə yerli banklar əsas gücü istehlak kreditlərinə verməyə yönəldiblər. İstehlak kreditlərinin həcmi çox böyük olmadığına görə faiz dərəcələri yüksəkdir. Bir var 1000 manatın, bir də var 100 min manat kreditin faiz dərəcəsi. Adətən kredit çox olanda, onun faizi az olmalıdır”.

Ekspert deyir ki, hazırda Azərbaycanda bank kreditlərinin orta faiz dərəcəsi milli valyutada 16 faiz, xarici valyutada isə 18-19 faiz təşkil edir. Biznes kreditləri 20 - 25 faiz, istehlak kreditləri isə 20 - 30 faiz civarındadır. Bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələri 36 faizə çatır. Xarici ölkələrin bank sisteminin təhlili Azərbaycandakı faiz dərəcələrinin yüksək olduğunu sübut edir. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7 - 8 faizlə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətindən asılı olaraq 2 - 7 faiz təşkil edir. ABŞ-da bu göstərici 5 faizdən çox deyil.

İqtisadçının dediyinə görə, Azərbaycanda bank kreditlərinin faiz dərəcələri 20 fazidən başlayır Hətta bəzi banklarda faiz dərəcələri 40-a qədər artır:

“Təbii ki, bu dərəcələr çox yüksəkdir. Bunun da əsas səbəblərindən biri Azərbaycanda bankların resurslara çıxış imkanlarının məhdud olması, ölkə iqtisadiyyatında risk səviyyəsinin yüksək olmasıdır. Ölkədəki aparıcı banklar əsasən kredit resursunu əmanətlərin hesabına formalaşdırır.

Təxmini hesablamalar göstərir ki, bankların maliyyəsinin 50 faizi əhalidən yığılan əmanətlərin hesabına formalaşıb. Hətta bəzi banklarda bu göstərici 60-70 faizə çatır. Yəni bank nə qədər kiçikdirsə, onun əmanətlərinin asılılığı daha yüksəkdir”.

Ölkədə əmanətlərin faiz dərəcələrinin 7-8 faizdən başladığını söyləyən ekspert bu rəqəmin 12-14 faizə qədər yüksəldiyini bildirib. Onun sözlərinə görə, əhalidən 13-14 faizlik əmanətlər cəlb edən banklar kredit verdikdə onun kredit faizinin yüksək olması da normaldır:

“Xüsusən də kiçik banklar böyük banklarla rəqabət aparmaq qabilliyyətinə malik olmadığından məcbur olub yüksək əmanət faizi təklif edirlər. Bu baxımdan bankların resurs cəlb etməməsi və cəlb etdikləri resursun maya dəyərinin baha olması bankların kredit dərəcələrinin yüksək olması ilə nəticələnir. Təbii ki, ikinci səbəb risk səviyyəsinin yüsək olmasıdır. Çünki bu gün əhaliyə verilən kreditlərin geri qaytarılmasında böyük problemlər olduğundan banklar həm kerdit faizləri üzrə, həm də prosedurlar üzrə kredit şərtlərini ağırlaşdırılar ki, heç olmazsa sabah kreditin qaytarılmasında problem olduqda yüksək faiz hesabına bunu bir qədər kompensasiya edə bilsinlər”.

Samir Əliyev bankların kredit faizlərinin yüksək olmasının bir səbəini də Mərkəzi Bankın ucot dərəcəsinin yüksək olması ilə izah edir. Onun sözlərinə görə, bu gün həmin dərəcə 5,5 faizdir. Bu o deməkdir ki, Mərkəzi Bankdan kommersiya banklarına verilən kreditlərin faiz dərəcəsi bu həddədir:

“Ölkə üzrə orta faiz dərəcəsi 16 faizdir. Amma reallıqda əl çatan kreditlər üçün faiz dərəcələri orta faiz dərəcəsindən də yüksəkdir. Biznes kreditlərinin faiz dərəcəsi, istehlak kreditlərinin faiz dərəcələrindən daha yüksəkdir. Çünki həmin kreditlərin həm məbləği çoxdur, həm də faiz dərəcəsi ucuzudur. Bu rəqəm də  20 -22 arasında dəyişir. Hətta bəzi banklarda 30 faizə çatır. İstehlak kreditləri isə daha bahadır. Haradasa 25-30 hətta 35 faiz arasındadır. İstehlak kreditlərinin məbləği az olduğundan, faiz dərəcələri yüksək olur. Azərbaycanda banklar son 1-2 ildə əsas gücü istehlak kreditlərinə verməyə yönəldiblər. Çünki kreditlərin geri qaytarılmasında böyük problemlər olduğuna görə, həmin kreditlər geri qaytarılmayanda banka böyük zərbə dəyir. Bankların resursu kifayət qədər deyil və bu səbəbdən də istehlak kreditlərinin məbləği az olduğundan həmin kreditlərin geri qaytarılmaması banka elə də ciddi zərbə vurmur.

Amma böyük həcmli biznes kreditinin qaytarılmaması banka kifayət qədər baha başa oturur. Odur ki, banklar faiz dərəcələrini yüksək qoyur”.

Gültəkin Ələsgər  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir