Modern.az

“Sən yaxşı qızsan, Gülnar” ... Bu, bir təsadüfdürmü?

“Sən yaxşı qızsan, Gülnar” ... Bu, bir təsadüfdürmü?

23 Noyabr 2012, 15:33

Yaşar Nurinin xatirəsinə

Bəlkə də deyil. Səhər tezdən Yaşar Nurinin vəfatı xəbəri bütün xalqımızı sarsıtdı, sözün həqiqi mənasında, hər kəs böyük hüznlə, kədərlə, hətta göz yaşları ilə onu xatırladı. Sanki hamı bu xəbərin təsirində qaldı bütün gün ərzində. Səhər  televiziyadan bu xəbəri eşidən kimi, “Heyf səndən!”- dedi anam, sakitcə və məlul stula çökdü. O, aglayırdı... Avtobusda ilk dəfəydi ki, hamını sakit və məhzun görürdüm. Deyəsən sürücünün də kiminsə xətrinə dəymək, hansısa sərnişini acılamaq fikri yox idi. Radiodan aparıcının Yaşar Nurinin ölüm xəbərini verməsi ilə elə bil avtobusdakı insanların hamısı balacalaşdı, bu xəbər hamını əzirdi sanki. Yaşar Nuri. Onu hamı sevir, hamı çox istəyirdi və bu sevgi nə qədər səmimi və əzizdirsə, onun ölümünün hamının qəlbində buraxdığı hüzn də inandırıcıdır. Azərbaycan səhnəsinin ulduzları Nəsibə Zeynalova, Telman Adıgözəlov, Eldəniz Zeynalov, neçə-neçə əvəzolunmaz sənətkarlar xalqımızın qəlbində özlərinə elə bir yer salıblar ki, həyatını, ömrünü səhnəmizin inkişafı, teatr-kino sənətinin ən yüksək mərhələyə çatmasında səhnəmiz onlara borcludur. Azərbaycan mədəniyyətinin və incəsənətinin əsl aparııcı simaları olan belə sənətkarlardan ötrü Azərbaycan səhnəsinin “burnunun ucu göynəyir” və belə də olacaq. Mən nə teatrşünas, nə də tənqidçiyəm. Kinonu, teatrı, musiqini, incəsənəti sevən hər bir şəxs kimi, mən də adını çəkdiyim və çəkmədiklərim, dünyadan köçmüş və hazırda həyatda olan bir çox sənətkarlarımızı daim izləmişəm. Yaşar Nuri kimi aktyorlar nümunə olublar hər zaman. Tək aktyor kimi deyil, həm də bir insan, vətəndaş kimi. İnsanlar onun oynadığı rollarda həmin personajın sanki özü ilə “danışıblar”.
Tipik Azərbaycan kişisinin xüsusiyyətlərini özündə cəmləşdirən İsrafil kimi,  Surxayzadə, Həsənağa, Kazım... və nəhayət, Elçin kimi. Onun yaratdığı obrazlarda hər kəs özünü tapa bilər.
Mən isə sevdiyimi, sevgimi, ilk uşaqlıq məhəbbətimi tapmışdım Elçində. Təxminən 7-8-ci sinifdə oxuyanda “Səni axtarıram”, “Səndən xəbərsiz”, “Bağışla” adlı silsilə televiziya tamaşası göstərilirdi. O zaman bütün tanıdığım insanlar bu tamaşa haqda danışır və oradan müxtəlif sitatlar gətiridilər. Hamı Yaşar Nuri və Firəngiz Mütəlimovanın “Elçin”inin və “Gülnar”ının sehrinə düşmüşdü elə bil. Bu təsadüfi deyildi. O zaman gənc yeniyetmə bir qız olaraq mən də Elçini sevirdim. Onu sevməmək olardımı? Bu, mümkün deyildi. O zaman Onun məhz Elçin olduğuna əmin idim. Yaşar Nurinin yaratdığı Elçin obrazı mənim təsəvvürümdə sevginin, saf duyğuların və əsl məhəbbətin simvolu oldu. Sonralar, böyüyəndə mən, o Elçini çox axtardım. “İnanırdım ki, günlərin birində, hardasa... Rastlaşacağam onunla, inanırdım ki, günlərin bir günü, nə vaxtsa... tapacagam onu  “Elçin” kimi, mən də inanırdım buna...

Mən onu tapmadım. Yəqin heç zaman da tapa bilməyəcəm. Səni isə itirdik. Yaşar Nuri. Bu ad Azərbaycan incəsənətinin, mədəniyyətinin ən yüksək zirvəsində dayanan adlardan biridir. Təəssüf ki, səhnəmizin, teatr, kino, televiziyanın inkişafında yeri, dəst-xətti olan görkəmli sənətkarımızla dünən həmişəlik vidalaşdıq. Və onun itkisi hamımızı çox sarsıtdı.

... Məktəb vaxtı Gülnar adlı rəfiqəmə həmişə sevdiyim o teatr tamaşasında Yaşar Nurinin dediyi bu sözləri sitat kimi təkrarlayırdım: “Sən yaxşı qızsan, Gülnar”. O dəqiqə ondan nə isə işim keçəcəyini bildiyindən hər ikimiz ürəkdən gülərdik. Xoş xatirələrlə andığım rəfiqəm yadıma düşdü və Yaşar Nurinin təbirincə yenə bu kəlməni dodaqaltı pıçıldadım. Amma bu dəfə gülə bilmədim. Mənə elə gəldi ki, sözlər bu dəfə tamam fərqli, çox fərqli səslənir, sadəcə gülə bilmədim... çünki artıq kövrəlmişdim...

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi