Siqaret cinsindən asılı olmayaraq, hər kəsin səhhətinə ziyandır. Hətta satışda olan bütün siqaret qutularının üzərində Səhiyyə Nazirliyinin qadağası barədə xəbərdarlıq da yer alır. Amma nə fayda...
Son zamanlar Azərbaycanda kişilərlə bərabər siqaret çəkən qadınların da sayı artmaqdadır. Bir çox qadınlar kişilərə nisbətən daha çox stressə düşdüklərini və bu üzdən də siqaretə aludə olduqlarını deyirlər. Stress səbəbindən siqaret asılılığı olan qadınlar, bu pis vərdişi buraxma mövzusunda da çətinlik çəkirlər.
Xarici ölkələrdən fəqli olaraq, xanımın siqaret çəkməsi Azərbaycan cəmiyyətində pis qarşılanır. Sağlamlıqla bərabər bu problem artıq əxlaq probleminə çevrilib. Cəmiyyətin bəzi üzvləri siqaret çəkən xanımların bu hərəkətini pis qiymətləndirir.
Buna baxmayaraq, əvvəllər gizlin çəkilən siqaret, indi aşkarda çəkilir. Küçədə, kafe-retoranlarda damağında siqaret olan qadınlar kifayət qədərdir. Təbii ki, siqaret çəkən qadınla bunu edən kişi orqanizminə eyni dərəcədə ziyan vurur. Amma qadınların orqanizmi, onların analıq funksiyası kimi məqamlar zərif cinsin nümayəndələri üçün siqareti xüsusilə zərərli edir.
Statistik məlumata görə, Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Əvvəllər, hətta indidi də rəsmi məlumatlarda ölkədə siqaret çəkən qadınların sıfır faiz təşkil etdiyi deyilsə də, son araşdırmalara görə, hazırda qadınların 1,5 faizi siqaret çəkir. Onların çox az qismi ictimaiyyətdən siqaret çəkdiyini gizlətmir. Aparılan sosioliji sorğulara görə, Azərbaycanda siqaret çəkən qadınlar orta hesabla gündə 10, kişilər isə 16,2 ədəd siqaret çəkirlər. Ölkədə 15-64 yaşlı kişilərin 0,9 faizi, 20-44 yaş qrupunda olan kişilərin 29,6 faizi, 45-64 yaş qrupu arasında olanların 51,2 faizi, 65 və yuxarı yaşda olan kişilərin isə 36,6 faizi siqaret çəkir. 65 və yuxarı yaşda olan qadınların isə 0,1 faizi siqaretdən istifadə edir. Əhalinin 35,9 faizi siqaret çəkir ki, bunun da mütləq əksəriyyətini 15 və daha yuxarı yaşda olan kişilər təşkil edir.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən hazırlanan statistikalarda siqaret çəkən xanıma rast gəlinməyib:
“Komitə tərəfində keçirilən ev təsərrüfatları sorğusunda siqaret çəkən qadın qeydə alınmayıb”.
Həm hüquq müdafiəçisi, həm də cəmiyyətdə fəal bir qadın olaraq tanınan Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, uzun illərdir siqaret çəkməsinə baxmayaraq, heç kimə siqaret çəkməyi məsləhət görmür:
“Mənim 80 yaşım var və 25 yaşımdan siqaret çəkirəm. Düzdü, özümün siqaret çəkməyimə baxmayaraq, qadınlara bu addımı atmamağı tövsiyə edirəm.
Mən özüm siqaretdən istifadə edən bir şəxs kimi deyə bilərəm ki, qadının siqaretə qurşanması bütün gözəlliyini itirəcək. Siqaret çəkən qadınların üzü vaxtından çox tez qırışır, ciyərləri sağlamlığı yox olur, gözəlliyi itir”.
Hüquq müdafiəçisi deyib ki, qadınlar arasında siqaret çəkmək əvvəlki zamanlardan var:
“Amma onu deyim ki, siqaret çəkən qadınlar yeni peyda olmayıb. Bizim keçmişdə nənələrimiz siqaret yox, papiros çəkirdilər. Bütün xanımlarımızın əlində müştük, papiros olardı. Yəni qadınların siqaret çəkmə adəti bizdə əvvəldən var. Düzdü, hər kəs çəkə bilmirdi. Amma özünü kübar hesab edən xanımlar siqaretdən istifadə edirdilər. Ekspertizada işlədiyim vaxtlarda mən siqaret çəkəndə kənd xanımları gəlib yanımda oturub, məndən siqaret istəyirdilər. Siqaret çəkmək özünü göstərmək, böyük saymaq demək deyil. Bizim əvvəldən xanımlarımız siqaret çəkən olublar. İndiki zamanda isə xanımlarımızın siqaret çəkməkdə səbəbləri bir çox məsələ ola bilər. Kimi problemlərə görə, kimi özünü kübar qadın hesab etdiyi üçün siqaretdən istifadə etməyə başlayır”.