“Mən Azərbaycanın son günlər əldə etdiyi iki mühüm tarixi nailiyyət haqqında danışmaq istərdim. Bunlardan birincisi, oktyabrın 26-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Zəngəzür dəhlizinin təməl qoyma mərasiminin keçirilməsi və Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışıdı.
Bu hadisə bir daha onu sübut etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Ermənistanın mövqeyindən asılı olmayaraq Zəngəzur dəhlizi mütləq açılacaq”.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan və Türkiyə regionda güc balansını dəyişib və heç bir qüvvə iki qardaş ölkənin iradəsinin, o cümlədən strateji hədəflərinin əleyhinə gedə və bu layihənin həyata keçirilməsinin qarşısını ala bilməz.
“Qarabağın və Şərqi Zəngəzurun təhlükəsiziliyinə əlavə zəmanət verən bu qlobal layihənin işə düşməsilə 100 il öncə quru yolla bağlantısı kəsilən Türk dünyasının coğrafi baxımdan yenidən birləşməsi və kommunikasiya imkanlarının genişlənməsi baş tutacaq və bununla da tarixi ədalətsizlik qismən də olsa aradan qalxacaq.
Qarabağın hava qapısı olan və cəmi 8 aya minalardan təmizlənərək tikilən Füzuli Beynəlxalq Hava Limanının da məhz iki qardaş ölkənin Prezidentlərinin xeyir-duası ilə açılması sıradan bir nəqliyyat hadisəsi deyildi, bu, ilk növbədə işğaldan azad olunan əarazilərin qısa zamanda necə bərpa olunması, Qarabağın hamının sülh şəraitində yaşaya biləcəyi inkişaf etmiş bir məkana çevrilməsi üçün görülən işlərin misilsiz miqyasının və dövlətimizin gücünün nümayişi idi”.
A.Quliyev deyib ki, bu tarixi hadisənin Ermənistanda yaratdığı siyasi və psixoloji nəticələrin analizi onu göstərir ki, praqmatik düşüncəyə malik ermənilər artıq analyırlar ki, Ermənistan varlığını qoruyub saxlamaq və inkişafını təmin etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı və onlara qarşı olan əsassız iddialarına birdəfəlik son qoymalıdır.
“İkinci mühüm hadisə Azərbaycanın tələbilə İranın Xankəndiyə qanunsuz yükdaşımalardan rəsmən imtina etməsi və bunu qadağan edən xüsusi sənədi imzalamasıdı.
Fikrimcə, belə bir siyasi və diplomatik uğurun əldə olunmasını Azərbaycanın Vətən müharibəsindən sonra ikinci mühüm qələbəsi də hesab etmək olar”,- deyə A.Quliyev əlavə edib.
Deputat bildirib ki, Prezidentin qətiyyətli və güzəştsiz mövqeyi, cəsarətli addımları nəticəsində İranın son 30 ildə sərhədlərimizin toxunulmazlığı prinsipini pozaraq Xankəndiyə və digər ərazilərə qanunsuz yük daşıması və bununla da ölkəmizə qarşı açıq hörmətsizlik etməsi praktikasına son qoyuldu.
“Yəqin ki, Azərbaycanın bu qərardan əldə etdiyi geosiyasi dividentləri də hesablamaq çətin deyil.
Ancaq, əlbəttə, hesab edirəm ki, bir ay öncə sərhədlərimizdə hərbi təlim keçirən və bizə hədə-qorxu gələn İran rəsmilərinin Azərbaycanla münasibətlərin tam pozulmasının nələrə səbəb olacağını doğru analiz edə bilməsi və bu addımı atması, bütövlükdə, regionun maraqlarına cavab verir.
Ümid edirik ki, bundan sonra qonşu ölkə tərəfindən qarşılıqlı hörmət prinsipinə və milli maraqlarımıza xələl gətirən hər hansı bir hadisənin şahidi olmayacağıq”.