Modern.az

“Məqsəd su qıtlığını aradan qaldırmaqdır”

“Məqsəd su qıtlığını aradan qaldırmaqdır”

Aktual

29 Oktyabr 2021, 14:56

“2013-cü ildə Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksinin istismara verilməsi Prezident İlham Əliyevin tapşırığı ilə baş tutub. Məqsəd hələ o dövrdə də ehtimal edilən su qıtlığının effektiv həll yollarının müəyyən edilməsi, yeni yanaşma və texnologiyaların ölkədə tətbiqidir. Müşahidə edirik ki, son illər dünyada baş verən qlobal iqlim dəyişikliyi, doğrudan da, su qıtlığı problemini artırır. İsrail texnologiyası ilə işləyən zavod Salyan rayonunda yerləşir və gün ərzində təxminən 2 min kubmetr içməli su istehsal edə bilir. Bu, ildə təxminən 500 min kubmetr suyun təmizlənərək, istifadə olunması deməkdır. Hazırda həmin sudan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin 200 hektar yaşıllıq ərazisində, eyni zamanda tinglərin yetişdirilməsi üçün suvarmada istifadə edilir”.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov deyib.

 

O bildirib ki, ötən il Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq tədbirlər planında da alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadə qarşıya qoyulan əsas məqsədlərdən idi:

 

“Bununla bağlı aidiyyəti qurumlar Abşeron rayonunda da belə bir duzsuzlaşdırma zavodunun qurulması istiqamətində araşdırmalar aparır, qabaqcıl bir sıra şirkətlərlə, o cümlədən bu sahədə təcrübəyə malik İsrail şirkətləri ilə danışıqlar aparılır. Nəzərə almaq lazımdır ki, Abşeronda içməli su təchizatının daha çox uzaq məsafələrdən, şimalda Kür çayından, Oğuz-Qəbələ istiqamətindən təmin edilməsi həm baha başa gəlir, həm də çoxlu itkilərə səbəb olur. Nəticədə, həmin mənbələrin yerləşdiyi ətraf ərazilərdə su çatışmazlığı ortaya çıxır. Abşeronda belə zavodun açılması perspektiv kimi dəyərləndirilə bilər. Eyni zamanda, Şirvan qurğusundan da suyun duzsuzlaşdırılaraq yaşıllıq ərazilərin suvarılmasında istifadə edilir. Bu qurğu isə gündəlik 5 min kubmetr suyu təmizləyə bilir. Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu və Şirvan duzsuzlaşdırma qurğusunun suyundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin ümumilikdə 560 hektar ərazisində yerləşən yaşıllıqların suvarılması üçün istifadə edilir. Bu, su çatışmazlığının yaşandığı dövrdə böyük nailiyyətdir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi