Xalq artisti: “Romeonu oynamaq arzusundaydım, amma...”
Gənclərin II Ümumrespublika Teatr festivalı çərçivəsində Gənclər və İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsində Art Kamp davam edir. Noyabrın 25-də növbəti ustad-dərsləri baş tutub. Bu dəfə xalq artistləri rejissor Vaqif Əsədov və Rasim Balayev yüzdən çox gəncə sənətin sirlərini anladıb.
“Teatr sənəti canlı sənətdir, bu sənətin bünövrəsini səmimiyyət təşkil etməlidir”-deyən Vaqif Əsədov öncə teatr anlayışına aydınlıq gətirib. Mükəmməl teatr üçün məktəb və peşəkarlığin vacib olduğunu diqqətə çatdıran tanınmış rejissor fikrini aparıcı dünya teatrlarindan gətirdiyi konkret misallarla əsaslandırıb.
“Əsil həqiqət dialoq və ünsiyyət zamanı üzə çıxır”-deyən xalq artisti daha sonra ustad dərsini cənclərlə dialoq üzərində qurub. Gənc aktyor Qorqud Cəfər ilə improvizə olunmuş səhnəcik quraraq, tərəf-müqabili anlamaq, hiss etmək üçün hansı texnikaların daha təsirli olacağını açıqladı: “Bəzən söz o qədər də önəmli olmur. Baxışlar, hisslər, gözlər çox şey ifadə edir ”.
Gənclər rejissordan teatrla bağlı bilmədikləri bir çox həqiqətləri öyrəndiklərini etiraf ediblər.
Xalq artisti Rasim Balayev gənclərlə söhbətə etiraflarla başlayıb: “Teatr aktyoru olmaq istəyirdim. Səhnədə Romeonu oynamaq arzusundaydım, amma o vaxt məni teatrda işə göturmədilər, dedilər ki, yer yoxdu. Kinostudiyaya getdim, orda da bir müddət mənə rol vermədilər. Həsən Seyidbəyli risq edib məni-gənc, təcrübəsiz aktyoru “Nəsimi” filminə dəvət etdi. Bütün təzyiqlərə baxmayaraq, o məni başqa aktyorla əvəzləmədi. Nəsimi mənə aktyorluq həyatımda yaşıl işıq yandırdı”.
“Bəzi obrazlarıma baxanda vicdan əzabı çəkirəm”
Gənclərin suallarını cavablandıran xalq artisti əsl aktyor olmaq üçün 3 şərtin vacib olduğunu söyləyib: Allah vergisi, zəhmət, bəxt.
“Bugünkü tamaşaçi 30 il bundan əvvəlki tamaşaçidan çox fərqlənir, onları inandırmaq asan deyil”-deyən illərin sənətkarı onu da bildirib ki, yalnız səmimiyyətlə indiki tamaşaçını inandırmaq mümkündür. “İndi mənə nə rol təklif edirlərsə, məcburam ki, imkan daxilində çəkilim. Çünki özümdən sonra iz qoymaq istəyirəm. İndidən fikirləşirəm ki, 2013-cü ildə rol təklifi alacağam ya yox... Bəzən elə olur ki, filmə dəvət alıram, gəlirəm, 10 dəqiqənin içində ssenarini verirlər, mənimsəməyə macal da tapmamış ifa edirəm. Sonradan o obrazlara baxanda vicdan əzabı məni boğur. Düzdür, mənə deyirlər ki, Rasim müəllim, əla alındı-filan. Ancaq özüm bilirəm axı, bu iş deyil, sadəcə yola verməkdir”.
Noyabrın 26-da xalq artisti Ağaxan Salmanlı və Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulovun iştirakı ilə ustad-dərsləri baş tutacaq.
Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan - Amerika Alyansının dəstəyi ilə keçirilir. Qeyd edək ki, Bakı, Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi Art Kampa ümumilikdə 100-dən artıq gənc qatılıb.
Modern.az