ATƏT-in hazırkı sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Patrik Merfi ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində inşa etdiyi Xankəndi aeroportu ilə bağlı açıqlama verib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ATƏT rəsmisi bildirib ki, Xankəndi hava limanı ilə bağlı məsələ bölgənin status məsələsinə təsir göstərməyəcək.
P.Merfi həmçinin vurğulayıb ki, Xankəndi aeroportu ətrafında yaranan problemlə bağlı Azərbaycan və Ermənistan tərəfi ATƏT-ə söz veriblər.
“Bu hava limanının başına nə gəlirsə gəlsin, status məsələsinə heç bir təsir göstərməyəcək. Hətta bu yaz tərəflər, ATƏT-in Minsk qrupu həmsədrlərinə mülkü təyyarələrə qarşı güc istifadəsində bitərəf qalacaqlarını, bu problemə diplomatik baxımdan yanaşacaqlarını və məsələni siyasi amilə çevirməyəcəklərini söz veriblər. Mən bu öhdəliklərin icra ediləcəyə ümid edirəm və inanıram", - deyə ATƏT nümayəndəsi vurğulayıb.
Erməni mətbuatında yer alan məlumatlara görə, Xankəndi hava limanının istifadəyə veriləcəyi ilk mərhələdə saatda 100 sərnişinə xidmət göstəriləcək, uçuşların «Air Artsakh» şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilir.
Anar RÜSTƏMOV