Modern.az

Azərbaycanlı nazirin türk modelyerə bağışladığı saatın tarixi...

Azərbaycanlı nazirin türk modelyerə bağışladığı saatın tarixi...

27 Noyabr 2012, 10:54

Sivilizasiyanın ən vacib kəşflərindən biri...


Min illər əvvəldə bəşər övladı qaranlığın işıqlıqla əvəz olunmasına “gündüz-gecə” adını qoyanda belə, bunu nailiyyət sayırdı. Amma indi hər şeyin “hazırına nazir” olan, elmin, texnologiyanın nailiyyətlərindən gen-bol istifadə edən müasir insan həyatın çətinliyindən şikayət edəndə bunların heç fərqinə varmır. Məsələn, bu gün istifadə etdiyimiz ən adi sayılan əşyalardan biri, saat olmayanda, min illər əvvəl insanlar günlərini necə bölürdülər?
“Vaxt qızıldır” ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub. Adəm övladı yaranandan zamanı ölçməyə çalışıb. Ona görə də, vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır.  
Qədim dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur.

Əlbəttə ki, bu məsələdə öncül qərar verənlər bəşər sivilizasiyasının ən qədim xalqı - misirlilər olub. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb.

Misir vəziyyəti etibarilə Şimal yarımkürəsində ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, Günəş çıxanda, kölgə dərhal Qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə Şimala, yəni sağa doğru hərəkət edir, Günəş batanda Şərq yönünə çatırdı.
Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma “saat istiqamətinə dönmə” kimi də adlandırıldı.
Maraqlıdır ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi. Həmin dövrdə Qədim Misir və Yunanıstanda vaxtı üfüqi və şaquli sferblatlı Günəş saatı ilə hesablayırdılar.

Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı.

Günəş və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Ammu bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi. Tarixi mənbəələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz bərabərliyi anlarını müşahidə edən müxtəlif cihazlardan əlavə Günəş saatı və su saatı olub.

Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki saat daha təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfkiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlarda ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub.  

1300-cü ildən başlayaraq Avropa ölkələrində qüllə saatları düzəldilib. Bəzi məlumatlara görə, ilk qüllə saatı Fransanın Strasburq şəhərində ucaldılıb. Qüllə saatları çox güc tələb edən mexanizm üzərində qurulurdu. Dünyadakı məşhur qüllə saatlarından biri də Çexiyanın paytaxtı Praqada düzəldilib. Təəssüf ki, həmin saatlar müasir dövrə qədər qorunub saxlanılmayıb.

Zəngli saatı isə 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.

Məlum olduğu kimi, dünyada ən məşhur saat Londonda yerləşən “Biq Ben” zəngli saat qülləsidir. Bu saat Vestminster saray kompleksinin bir hissəsidir. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. “Biq Ben” Britaniyanın fəxri və rəmzi sayılır.

“Biq Ben”i bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilib. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir.

Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam", yəni "Tanrı kraliçamız I Viktoriyanı qorusun" sözləri yazılıb.

Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində "Laus Deo", yəni "Tanrıya şükür" sözləri həkk olunub. Bu isə sözsüz ki, insanların vaxtın və qədərin Allahla bağlılığına inamından irəli gəlib.

"Biq Ben" adı əvvəllər qüllədəki böyük zəngi ifadə etsə də, hazırda həm qülləni, həm də saatı və zəngi birlikdə ifadə edir. Adın mənşəyi barəsində 2 əsas fərziyyə mövcuddur: Böyük zəngin hazırlanmasına nəzarət edən Ser Bencamin Holun şərəfinə;

1857-ci ildə sonuncu dəfə rinqə çıxmış məşhur ağırçəkili boksçu Bencamin Kauntun şərəfinə.

2012-ci ilin iyun ayında Vestminister sarayı bu saat qülləsinin adının Yelizavet qülləsi adlandırılmasına qərar verib. İngiltərənin paytaxtı Londonun simvollarından olan məşhur “Biq Ben” saatının adının dəyişdirilməsi ilə əlaqədar belə bir addımı ingilis parlamentarilər İngiltərə kraliçası ikinci Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi münasibətilə atıb.

XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub. 1800-ci ildə isə dünyada ilk elektrik və elektromexanki saatlar buraxılıb. Daha sonralar elektron saatlar istehsal olunub. Elektron saatlar zamanı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsi təşkil edir. Müasir dövrdə də saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu gün saatlar təkcə zaman cərəyanını dəqiqliyi ilə göstərən mexanizm deyil, onlar həm də insanların cəmiyyətdə çəkisini göstərən vasitəyə çevirilib.

Müasir dünyada İsveçrə ənənəvi saat ölkəsi kim tanınır. Bu gün ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən saatlar İsveçrə saatları hesab olunur. Hazırda dünyanın bir sıra ölkələrində saat muzeyləri fəaliyyət göstərir. Belə tanın muzeylərlərdən biri Rumıniyanın Ployes şəhərində yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunur.

İndi dünyada bir neçə saat markaları məşhurdur.  Ən məşhur firmaların bahalı markalarını isə əsasən dünya şöhrətli modellər gəzdirir. Məsələn, deyilənə görə, dünyada ən bahalı saatı model Patek Philipp gəzdirir - Sky Moon Tourbillon 5002. 

Yeri gəlmişkən, elə bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da türkiyəli model Barbaros Şansala bahalı saat hədiyyə etməsi barədə xəbər yayıldı. Daha doğrusu, bu xəbəri model teleefirdən öz diliylə izləyicilərə dedi. Nazirlik də «öz dili» ilə bu xəbəri qəti şəkildə təkzib etdi. 

...Sosiolqlar, psixoloqlar və fizioloqlar saatın insan həyatındakı müstəsna rolu barədə bənzər fikirlər söyləyirlər.

Sosioloq Rafiq Təmrazov hesab edir ki, günün saatlara bölünməsi təcrübəsi insanların həyatı üçün çox vacibdir. “İnsanlar öz bədənlərini saatın vasitəsilə tərbiyə edirlər. Valideynlər uşaqlarını eyni vaxtda oyadır, bağçaya aparır. Sonra məktəb, sonra iş… Təsadüfi deyil ki, uşaqlıqda bağçaya getməyən və ya valideynləri tərəfindən eyni vaxtda oyadılmayan uşaqlar böyüdükdə dərsə geçikirlər. İnsanların vaxtlarını düz bölməsi onların həyatda layiqli yer tutmasında, uğur qazanmasında əvəzsiz rol oynayır”.

Psixoloq Tamella Ramazanova da bildirir ki, saat insan həyatının ən mühüm kəşflərindəndir: “Təsadüfi deyil ki, psixoloqlar valideynlərə övladlarını tərbiyə etməklə bağlı məsləhətlər verəndə onları saatın, vaxtın düzgün bölünməsinə alışdırmağı tapşırırlar. Uşaqlarının əsəbi olduğunu deyərək, psixoloqa üz tutan analar ilk növbədə onları rejimlə yatırdıb, durğuzmaq, vaxtlı-vaxtında gəzməyə çıxarmaq barədə tövsiyyə eşidirlər. İnsanlar ən ahıl çağlarına qədər öz rejimlərinə, vaxtlarının düzgün bölünməsinə riayət etməlidirlər. Rejim insan həyatında ən vacib elementlərdən biridir. Saatla ayaqlaşmaq, sağlamlıq və nailiyyətlərin özülüdür. Bunu unutmaq olmaz”. 

Hüseyn Əlyarov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi