“Türkan Şorayın hal-hazırda səhhəti normaldır. Özünü yaxşı hiss edir. Lakin mətbuat konfransı səhhətinə görə ləğv olunduğu üçün məşhur aktrisa bu gün axşam saatlarında vətəninə dönəcək”.
Modern.az-a açıqlamasında bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib. Onun sözlərinə görə, mətbuat konfransının keçirilməsini əvvəlcə Türkan Şorayın özü istəyib, lakin dünən axşam saatlarında səhhətində problem yarandığı üçün aktrisa mətbuat konfransında iştirak edə bilməyəcəyini bildirib.
Qabil Mehdiyev qeyd edib ki, dünən ünlü sənətçi Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İstedadlı və yaradıcı gənclər II Respublika forumu"na fəxri qonaq qismində qatılıb: “Daha sonra saat 4-də master klass keçib. Elə həmin vaxtlarda səhhəti pisləşmişdi və sonra da özünü yaxşı hiss etmədi. Amma indi səhhətində heç bir problem yoxdur”.
Qeyd edək ki, Türkan Şoray bu gün saat 12.00-da “Mariot Abşeron” mehmanxanasında jurnalistlər üçün mətbuat konfransı keçirməliydi. Nazirlik əvvəlcə bütün media nümayəndələrini konfransa dəvət etsə də, dünən gecə saatlarında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Türkan Şorayın mətbuat konfransı baş tutmayacaq. “Türkiyənin tanınmış sənətçisi Türkan Şorayın səhhətində yaranmış problemlə əlaqədar olaraq, 27 noyabr tarixində saat 12.00-da keçirilməli olan mətbuat konfransı baş tutmayacaq. Anlayışınıza görə təşəkkür edirik!”- deyə Gənclər və İdman Nazirliyindən saytımıza bildirilib.
Sevinc İltifatqızı