Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ATƏT-in hazırkı sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Patrik Merfinin Xankəndi aeroportu ilə bağlı erməni mətbuatına verdiyi açıqlamaya münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az saytına açıqlamasında Xankəndi aeroportu ilə bağlı Azərbaycanın mövqeyinin prinsipial və dəyişməz olduğunu bildirib.
“Bizim bu məsələ ilə bağlı mövqeyimiz prinsipialdır. Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı uçuşların keçirilməsi və Xankəndi aeroportunun qanunsuz tikilməsi, istifadəyə verilməsi yolverilməzdir. Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyə əsaslanır, atdığı addımlar da qanunvercilik çərçivəsində atılır”, - deyə XİN rəsmisi Patrik Merfinin açıqlamasına münasibət bildirib. Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, ATƏT nümayəndəsi Patrik Merfi guya, Xankəndi hava limanı ilə bağlı qalmaqala toxunaraq, Azərbaycan və Ermənistan tərəfinin mülkü uçuşlara təzyiq göstərməyəcəyi haqda ATƏT-ə söz verdiklərini bəyan edib.
Anar RÜSTƏMOV