Azərbaycan Milli Məclisinin binasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı iclası başlayıb. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, iclası QDİƏT PM PA və Milli Məclisin sədri Oqtay Əsədov açıb.
Spiker 6 ay əvvəl Azərbaycanın quruma sədrliyi qəbul etdikdən indiyə kimi təşkilatın keçdiyi yolu uğurlu fəaliyyət kimi qiymətləndirib. O deyib ki, QDİƏT çərçivəsində həyata keçirilən işlər üzv ölkələr arasında işbirliyinin ciddi inkişafına səbəb olur:
“Dünyada mövcud siyasi, ekoloji, iqtisadi problemləri ölkələrin birgə əməkdaşlığı olmadan həll etmək mümkün deyil. Qara dəniz bölgəsi böyük potensiala malikdir”.
O. Əsədov həll olunmayan problemlərdən də danışıb: “Təəssüf ki, indiyədək həll edilməyən problemlər var. Dağlıq Qarabağ münaqişəsi kimi daim alovlana biləcək problem beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarlara baxmayaraq, hələ də həll olunmayıb. Amma biz əminik ki ərazi bütövlüyü çərçivəsində sülh, əmin-amanlıq bərpa ediləcək”.
O. Əsədov Azərbaycan prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini də oxuyub.
Modern.az