Modern.az

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov

İqtisadiyyat

4 Noyabr 2021, 12:25

Ticarət şəbəkəsi istehlak mallarının qiymətini dayanmadan artırır. İstehlakçılar bahalaşmanı piştaxtalardakı məhsulların demək olar hər çeşidində hiss edirlər. Ötən ayla müqayisədə ərzaq və qeyri-ərzaq mallarının qiymətində təxminən 20-25 qəpik bahalaşma müşahidə olunur.

Qiymətlərin artımına münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Modern.az-a deyib ki, məmurlar bizneslə məşğul olmaqda davam edəcəksə, qanunların qəbuluna, yerli bazarın dünya bazarına inteqrasiya olunmasına maneçilik yaradılacaq, davamlı olaraq süni qiymət artımı da baş verəcək.


E.Hüseynovun sözlərinə görə, prezident də iqtisadi çıxışlarında dəfələrlə deyib ki, bazarda monopoliya var:


“Ərzaq mallarında qiymət artmasının həm təbii, həm də süni səbəbləri var. Dünyada ərzaq istehsalı resursları məhduddur, insan varlığı isə artır. Belədə təbii qiymət artımı Azərbaycandan da yan keçmir.

Amma Azərbaycanda ərzağın qiymətinin artmasının başqa səbəbləri də var. Ölkə prezidenti çıxışlarında daim bildirir ki, bazarda monopoliya var. Təəssüflər olsun ki, bu monopoliya hələ də davam edir.

Ölkədə nə qədər ki, məmur bizneslə məşğul olacaq, qanunlar da ayaq altına atılacaq, qiymətin qaldırılma tendensiyası da davam edəcək.

Qiymətin artmasının digər səbəbləri də var ki, bunu hər kəs bilmir. Azərbaycanda hər hansı bir istehsalçı öz malını marketə yerləşdirmək üçün öncədən həmin şəbəkəyə pul verir. Həmin pul da vergiyə cəlb olunmur”.


AİB sədrinin sözlərinə görə, bütün bunlar süni qiymət artımına gətirib çıxarır.


“Bir istehsalçı dedi ki, satmaq istədiyi balı marketdə yerləşdirmək üçün ondan 18 min manat pul istəyiblər. İstehsalçı da marketin öncədən ödədiyi pulu öz malının qiymətinin üzərinə gəlir. Bu azmış kimi marketlər də malın qiymətinin üzərinə əlavə pul qoyur. Hələ bu da son deyil,  marketlər istehsalçının gətirib yerləşdirdiyi maldan satış sonunda bonus da tələb edir. İstehsalçıların da səsi çıxmır. Çünki qorxurlar ki, onları marketdən qovarlar”.


E.Hüseynov Nazirlər Kabinetini marketlər üçün qaydalar hazırlamağa səsləyib:


“Sizin sayt vasitəsi ilə səslənirəm ki, Nazirlər Kabineti marketlər üçün qaydalar hazırlasın. Başqa ölkələrdə bu qaydalar çoxdan mövcuddur.

Marketlər istehsalçını soyur və nəticədə bütün xərc siravi vətəndaşın cibindən çıxır.

Qiymət artımı keyfiyyətə təsir edir. Məsələn, biz bunu zavod çörəyinin istehsalında görürük. Dövlət o çörəyin qiymətinə qeyri-qanuni nəzarət edir. Onlar da bu vəziyyətdən çıxmaq üçün nəmliyi artırır, çəkini aşağı salır və keyfiyyət aşağı düşür. Zavod çörəyi istehsalçıları “qırmızı xətt”in üzərində dayanıb. Belə getsə, zavod ya bağlanacaq, ya da ayrı istehsala keçəcək.

Bu hallar anormaldır. Qiymət artdıqca keyfiyyət aşağı düşür”.


E.Hüseynovun sözlərinə görə, qiymət artımı nəticəsində qaçaqmalçılıq da çoxalacaq.


“Misal olaraq, siqaretin bahalaşması qaçaqmalçılığın artmasına təsir edəcək. Ölkəyə keyfiyyətsiz siqaret gətiriləcək və bu da müxtəlif xəstəliklərə yol açacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər