Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyətin qəbuledilməz olduğunu deyib.
Modern.az saytının məlumatına görə, N.Məmmədov qeyd edib ki, bu məsələ ilə BMT Təhlükəsizlik Şurasının qətnaməsi, Avropa İttifaqı, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər regional və beynəlxalq qurumların müəyyən qərar və qətnamələri, eyni zamanda həmsədr ölkələrin rəhbərləri - ABŞ, Rusiya, Fransa prezidentlərinin 4 bəyanatı olduğu halda və onların da dedikləri kimi, indiki vəziyyət qəbul edilməzdir, status-kvo dəyişdirilməlidir.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan tərəfi vaxtaşırı müəyyən bəhanələr taparaq danışıqları uzatamağa nail olmamalıdır. Buna görə də, həmsədrlərdən istəyimiz və tələbimiz budur ki, ili ilə satmağa dəyməz. Neçə illərdir ki, onlar bu istiqamətdə danışıqlar aparırlar. Amma bu danışıqların heç bir real nəticəsi yoxdur. Həmsədrlər bura gəldilər danışıqlar apardılar, həmçinin Ermənistanda oldular. Bununla bağlı Avropa İttifaqının nümayəndələri regiona gəlib-gedirlər. Əsas məsələ ondan ibarətdir ki, münaqişənin həll olunmamış vəziyyətdə qalması mümkün deyil. Azərbaycan torpaqları mütləq işğaldan azad olunmalıdır. Mənim fikrim bundan ibarətdir ki, bu nə qədər tez olsa, Ermənistan bir dövlət kimi, erməni xalqının gələcək taleyi müəyyən mənada təminat ala bilər. Əgər münaqişə belə qalarsa, bu dövlətin də, millətin də gələcəyi sual altında olacaq”-deyə, Prezidentinin Administrasiyasının şöbə müdiri əlavə edib.
Anar Kəlbiyev