Müxalifət liderlərinin ABŞ səfiri ilə sonuncu görüşünə dəvət olunmayan ADP sədri Sərdar Cəlaloğlu bağlı qapılar arxasında keçirilən görüşlərin bilinməyən tərəflərini Modern.az-a açıqlayıb. ADP sədri görüşə dəvət almaması ilə bağlı səfirlikdən onlara hər hansı məlumatın verilmədiyini bildirib. S.Cəlaloğlu həmçinin bildirib ki, səfirlik növbəti görüşlər üçün dəvət gələrsə, iştirak etməyə hazıdır.
“ABŞ səfirliyi bizim nə üçün dəvət olunmamağımızla bağlı heç bir açıqlama vermədi. Biz də maraqlanmadıq. Keçən dəfı görüşdə səfir dedi ki, siyasi partiyalar rotasiya qaydasında bu görüşlərdə iştirak eləsinlər. Yəqin buna görə, səfirlik bizi dəvət etməyib. Yerdə qalan səbəblər bizi maraqlandırmır. Səfirə “bizi də çağır” deyə məsləhət verə bilmərəm. Belə bir atalar misalı var: Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə.
Ola bilsin ki, gələn görüşlərdə elə bir məsələ müzakirəyə çıxarılsın ki, o məni maraqlandıra bilər”.
“Əgər Amerikanın mövqeyi bizim xalqın, millətin mövqeyinə uyğun deyilsə, mən onu məcburam tənqid edim. Yenə də deyim ki, dəvət eləyən də sağ olsun, eləməyən də. Fərqi yoxdur, bizim “Qarabağ” blokundan olan İqbal Ağazadə həmin görüşdə iştirak edib”, - deyə ADP sədri vurğulayıb.
Sərdar Cəlaloğlu daha sonra səfir Riçard Morninqstarla müxalifət nümayəndələrinin görüşünün nə üçün mətbuata qapalı keçirilməsinə aydınlıq gətirib. Partiya sədrinin sözlərinə görə, belə görüşlərlə bağlı məlumatların verilməməsi və görüşün qapalı keçirilməsini səfir özü istəyir.
“Səfirlə görüş qapalı keçirilmir. Bu mətbuata düzgün çatdırılmır. Söhbət odur ki, bu görüşlərdə geniş söhbətlər aparılır. Konkret olaraq 8-9 partiya sədri hərəsi bir söz deyir. Bu görüşlərdə konkret mövzular olmur. Bu baxımdan görüşlərdə yekun qərar qəbul olunmur. Hesab edirəm ki, bu səpkili görüşlərlə bağlı məlumat veriləndə sonradan təhrif olunur. Bunu nəzərə alaraq səfir deyir ki, camaatda fikir ayrılığı yaratmaqdansa, belə daha yaxşı olar. Hər halda bu görüşlərin gizli mahiyyət daşımadığı məlumdur”.
Anar RÜSTƏMOV