"Ermənistan üzərində Qələbəmizin Birinci ildönümü şərəflə qeyd edirik. Ali Baş Komandanın dediyi kimi biz təkcə ərazi bütövlüyümüzü deyil, həm də həqiqət, ədalət və ləyaqət uğrunda vuruşmuşuq".
Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Zahid Oruc bildirib.
Zahid Oruc qeyd edib ki, əgər torpaq bütünlüyü bir millətə aid hadisədirsə, ədalət bütün bəşəriyyətin sərvətidir:
"Ona görə də dünyada haqq tərəfdarı olan hər kəs Zəfərimizi özününkü hesab edir.İnsan yaranandan daim azadlığa can atır və bu hiss Qarabağın Azad edilməsi ilə eyni mənanı daşıyır. Gerçəkdən də millətimizin Vətən müharibəsinə başlaması Azadlıq və Xilas ugrunda müharibə idi.Ona görə də 8 noyabr həm də bütövlük, azadlıq və yeni müstəqillik günümüzdür.
Bizim mübariz ata-babalarımızın torpağa qarışan canı deməyə əsas verir ki, iki əsrdən artıqdır davam edən erməni-azərbaycanlı düşmənçiliyindən hər bir Azərbaycan ailəsi müxtəlif dərəcədə ziyan çəkib.Ona görə də indiki “qalibiyyət nəsli”nin əldə etdiyi uğur Şuşa qalasının əsasını qoyan Pənahəli xandan bu yana doğma torpaqlarında yaşamağa can atan, onu qoruyan hər kəsin qələbəsidir.Biz insanlarımızın ruhunun necə canlandığını, Qələbənin gətirdiyi yeni milli kimliyi, böyük siyasi oyanışı yaxşı görürük.İlham Əliyevin rəhbəri olduğu xalq və Silahlı qüvvələr indi 70 mindən artıq orden və medalları daşıyan qalib Qafqaz ordusudur.
30 il əvvəl biz-məktəbli yeniyetmələr “Şərikli çörək” idealının təsiri altında, “Gənc qvardiyaçı” Oleq Koşevoyun və “Polad necə bərkidi”nin qəhrəmanı Pavel Korçaginin unudulmaz obrazlarına az qala sitayişlə baxan bir nəsil SSRİ dağılandan sonra siyasi təqvimində Milli Qələbə gününün olmadığı şəraitdə qazandığı bütün uğurları yarımçıq sayırdı.Başqa millətlərin qəhrəmanlarına xiffət etmək üzücü idi.İndi biz 21-ci əsrdə qalib gələn yeganə xalqıq!Onlarla düşmən əsgəri üzərində keçirilən tarixi Məhkəmə prosesi Azərbaycan paytaxtında-Bakıda, Lenindən Qorbaçova qədər rəhbərlərin sahib olmaq istədiyi bir şəhərdə dünya erməniçiliyinin üzərində qurulan Nürmberq prosesi sayıla bilərdi.Sonra həmin əsgərlərlə bağlı verilən qərar heç kəsi fikrindən döndərməsin-cəzalı erməni hərbçiləri o hökmləri ömürləri boyu üzərlərində daşıyacaqlar.
Qələbəmizin yüzlərlə səbəbini bir tatixi fakt yaxşı izah edir-ikinci dünya müharibəsinin yekunlarına həsr olunan təntənəli mərasimin sonuna az qalmış İosif Stalin yenidən tribunaya qalxır və deyir:xalqımız müharibənin ilk illərində məcburən geri çəkildiyimizə, Ukraynanı, Belorusiyanı, Kareliyanı tərk etdiyimizə görə hökumətə etimadını tam itirər, gedib almanlarla istədiyi müqaviləni bağlayardı.Lakin onlar bunu etmədilər. Həmin fikrin davamı olaraq, prezident İlham Əliyev qələbə ordusunu və güclü dövləti qurana qədər komanda üzvlərindən gördüyü xəyanətlər zamanı da, qarşılaşdığı məmur cinayətləri və milli qəsdlər dövründə də Azərbaycan xalqının Birinci şəxsə olan yüksək inamı və etibarı sarsılmadı. Milyonlarla insan Qələbəyə gedən yolu yarımçıq qoyub hakimiyyəti dəyişmək istəmədi.Ona görə də İlham Əliyevə sarsılmaz inam göstərən millətimiz hər cür ehtirama layiqdir!
Biz etiraf etməliyik ki, Şanlı qələbəmizə xidmət edən insanlara dövlətimizin göstərdiyi qayğı ilə yanaşı, hələ də ehtiyac içərisində yaşayan döyüşçü və qəhrəman ailələrimiz var.Bəs tarixdə necə olub? 76 il bundan əvvəl Almaniya üzərində qələbədən sonra müharibədən doğma kəndinə fərəhlə qayıdan veteran mağazada çörəyin limitinin 1.4 kiloqram olmasından hiddətlənib “bunun üçün döyüşmüşdük?Cəbhədə düşmən gülləsindən ölmədik, indi bizi çörəklə sınağa çəkirsiz”? deyərək əsəb keçirir, tanınmış sovet şairi Boris Slutski isə on minlərlə səngər yoldaşlarının 5 illik savaşdan sonra geri dönəndə iş yerlərini başqaları tutduğuna görə qəzəblə etiraz manifestləri yazırdılar.Göründüyü kimi, böyük itkilər gətirən savaşdan sonra hər bir xalqın diqqətdən kənarda qalan döyüşçüsü, şəhid valideyni emosiyasını informasiya məkanına daşıya bilər.Lakin Suqovuşandan Şuşa yüksəkliyinə qalxan döyüşçülərin narazılığını kənardan öz məqsədlərinə alət etmək istəyənlər onları qalib dövlətə qarşı çevirə bilməz.Biz ötən əsrin sonlarında belə bir sınağı qətiyyətlə yaşayıb keçmişik.
Əlbəttə, şanlı Qələbəmiz bütün ssenarilərin işığında daha aydın və əzəmətli görünür.Əgər biz savaşı qazana bilməsəydik bir xalqın dövlətçiliyi sarsıla bilərdi.Bizim məğlubiyyətimizi istəyən qüvvələr vardı.Lakin uduzmaq şansımız yox idi, çünki Qələbəmiz Heydər Əliyev siyasətinin təməlləri üzərində qurulmuşdu.
İkinci Qarabağ müharibəsində rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirlib.İki tərəfdən birgə yaralıların sayı qeyri-rəsmi rəqəmlərə görə 16-18 minə çatır.Əgər günlük hesabda biz müharibənin itki miqyasını ölçmək istəsək onda görəcəyik ki, bir gündə həyatını itirənlər 159 nəfərə, yaralılar isə 360-400-ə yaxındır.Deməli, “21-ci əsrin müharibəsi” adlandırılan sonuncu savaş birinci Qarabağ müharibəsi qədər davam etsəydi, 350 mindən artıq itkilər ola bilərdi.Miqyası təsəvvür edirsiniz.Ona görə də bizim 44 günlük Zəfərimiz ən qısa vaxtda, ən azı itki ilə ən yüksək nəticə qazanıldığı haqq savaşı kimi tarixə düşəcəkdir.
44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətindən biri də ikinci dünya müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacaran qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlərin Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması çox nadir hadisədir.Son 76 ildə buna bənzər digər bir Aktı xatırlamaq mümkün deyil.
Dünya tarixində ərazi işğalları aradan qaldırılarkən on min kvadrat kilometr ərazilərin düşmən qüvvələrdən təmizlənməsi ən azı 3 dəfə artıq ərazilərə müharibənin yayılması şəraitində mümkün olur.Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, ikinci Qarabağ müharibəsi strateji obyetklərə, yollara, hava limanlarına, döyüş zonasından uzaqda yerləşən yaşayış massivlərinin hərbi-texnolji imkanlarla qətiyyətlə qorunduğu “ağıllı müharibə! nümunəsidir.Yəni, hərbi əməliyyatların radiusunu Qarabağ və ətraf ərazilərdə lokalllaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.
Azərbaycan son yüz illik tarixində güclü liderlərə, güclü xalqa, zəif orduya, yaxud güclü liderə, parçalanmış xalqa və dağılmış orduya malik olduğu dövrləri hamısında torpaq itirib və məğlub olub.Ölkəmiz özünün müstəqillik tarixində ilk dəfədir ki, güclü liderə, vahid xalqa və monolit orduya malikdir və məhz ona görə də qələbə qazanıb.
Qarabağ bizim üçün təkcə, ərazi vahidi, yurd yeri və doğma torpaqlar demək deyil.Şanlı ordumuz yalnız silahla deyil, yenilməz ruhu və iradəsi ilə qazandığı qələbədən doğulan yeni xalq özünün gələcək qalib oğullarını yetişdirəcək. Bayramınız mübarək olsun, əziz qardaş və bacılar.200 ildən sonra bir xalqın öz şərikli Zəfər çörəyini dadmaq və Qələbə məclisi qurmaq haqqı var.Gələcək qələbələrimizin əsasını qoyan Ali Baş Komandana, millətimizə, əsgər və zabitlərimizə alqış olsun.Bütün sınaqlardan qürur və şərəflə çıxan bir xalqın öz keçmişinə və gələcəyinə hörmət gətirən 8 noyabr müqəddəsliyi əbədi və dönməz olsun!".