Noyabrın 27-də Daxili İşlər Nazirliyində «Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi», Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili" və «Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini bildirərək qeyd edib ki, insan hüquq və azadlıqlarının etibarlı təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından hər üç məsələ əhəmiyyətli olmaqla bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə axtarış işinin göstəriciləri daha da yaxşılaşaraq 58 faizdən 60,4 faizədək yüksəlib, axtarılanların ümumi sayı 2,2 faiz, axtarışda qalanların sayı isə 7,8 faiz azalıb. Axtarışda olan 1740 şəxs tutulub, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 166 nəfərin yeri müəyyən edilib.
"Polis sahə rəislərinin və inspektorlarının fəaliyyətinin təşkili sahəsində görülən işlərin vəziyyəti" haqqında məruzə ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış edib. O, bildirib ki, ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilib, habelə 33-nün tikintisi davam etdirilir. Polis sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları Nazirliyin veb-saytına yerləşdirilib. Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşıb, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxalıbr. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı DİN-in aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılıb, İctimai Şuraların formalaşdırılması işi yekunlaşıb və bu günədək 3.810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı Şura üzvlüyünə qəbul edilib.
Cari ilin müvafiq dövrü ərzində açılması təmin edilmiş 13.720 cinayətin 70 faizi, o cümlədən 81 qəsdən adam öldürmə, 198 qəsdən sağlamlığa ağır zərər vurma, 1.614 oğurluq, 671 dələduzluq, 113 soyğunçuluq, 69 quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1.231 cinayətin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olub.
Gündəlikdəki üçüncü məsələ ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Emil Usubov məruzə ilə çıxış edib. O qeyd edib ki, cari ilin 9 ayında respublikanın polis orqanlarına daxil olmuş 70621 cinayət xarakterli məlumat araşdırılıb ki, onların da 86 faizi təhqiqatçıların icraatında olub. Təhqiqatçıların peşə hazırlığının artırılması, praktikada rast gəlinən və qanunvericilik çərçivəsində düzgün baxış və yanaşma tələb edən ayrı-ayrı məsələlərin hüquqi tənzimlənməsi, funksiyalarının konkretləşdirilməsi istiqamətində reallaşdırılan təşkilati tədbirlər gözlənilən müsbət nəticələri verib. 2011-ci ilin anoloji dövrü ilə müqayisədə icraatda olan materialların sayı ötən 9 ayda 30 faizədək, müvafiq məsələ ilə bağlı Nazirliyə ünvanlanan şikayətlərin sayı 4 dəfə və ya 3987 fakt azalıb. Təhqiqat işinin qiymətləndirilməsində əsas meyarlardan sayılan sadələşdirilmiş icraatın açılması və cinayət işinin başlanılması sahəsində isə bir sıra ərazi polis orqanlarının fəaliyyəti xüsusilə səmərəli olub. Xidməti vəzifələri layiqincə yerinə yetirdiklərinə görə, cari ilin ötən dövründə təhqiqat qurumlarının 266 əməkdaşı haqqında müxtəlif həvəsləndirmə tədbiri tətbiq edilib.
M əruzələrətrafı müzakirələrdə çıxış edənlər görülmüş işlər, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması və qarşıda duran vəzifələr haqqında danışıblar. İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanlarının fəaliyyətini bütövlükdə qənaətbəxş qiymətləndirməklə bərabər, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, ilin başa çatmasına bir ay qaldığını xatırladan nazir cinayətkarlığa qarşı mübarizədə səylərin daha da artırılmasının, ağır və xüsusilə ağır cinayətlərin açılmasının, axtarışda olanların tutulması işinə bütün qüvvə və imkanların səfərbər olunmasının, əməliyyat-xidməti fəaliyyətin səmərəliyinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Modern.az