Modern.az

Rövnəq Abdullayevdən ittiham: “Azərbaycanda pullu qüvvələr var ki, hay-küy salırlar”

Rövnəq Abdullayevdən ittiham: “Azərbaycanda pullu qüvvələr var ki, hay-küy salırlar”

28 Noyabr 2012, 10:00

“Jurnalist İdrak Abbasovla bağlı əlimizdə ciddi faktlar var”

“Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hələ indiyədək heç bir yerdə tikilib başa çatdırılan evi sökməyib. Biz yalnız tikinti aparmaq istəyən sakinlərin qarşısını alırıq”. Modern.az saytının məlumatına görə, bu sözləri ARDNŞ prezidenti Rövnəq Abdullayev BBC Azərbaycancaya müsahibəsində bildirib.
R.Abdullayev deyib ki, neft mədənləri ərazisindəki tikilib başa çatdırlan evlərin sayı barədə ARDNŞ tərəfindən siyahı hazırlanaraq Nazirlər Kabinetinə verilib. Həmin evlərin sökülməsinə dair məhkəmə qərarları da o siyahıya əlavə olunub.

"Bəs Sulutəpə qəsəbəsində evləri sökülənlərə Neft Şirkəti niyə təzminat vermir" sualına cavabında  R.Abdullayev orada içərisində yaşayış olan evlərin deyil, yarımçıq tikililərin söküldüyünü iddia edib.   
ARDNŞ prezidenti deyib ki, Sulutəpədə neft ərazilərini qanunsuz satan ayrı-ayrı qruplar fəaliyyət göstərir ki, həmin qrupların əlində külli müqdarda pullar cəmlənib və aşiotajı da onların öyrətdiyi adamlar yaradırlar.

“5 ildir televiziya vasitəsilə insanlara bəyan edirik ki, qanunsuz sənədlərlə qanunsuz torpaqları almayın. Dünyanın hansı ölkəsində belə qanunsuzluğa gedirlər? Mənə bir kadr göstərdilər, bir otaqdan ibarət yarımçıq tikilinin içərisində bir ailə stol qoyub oturub. Guya, bununla göstərmək istəyirlər ki, həmin tikilidə yaşayış var. Belə yaşayış olar? İndi deyirlər mənə təzminat verin.
Azərbaycanda pullu bir qüvvələr var, hay-küy salan qadınlardan ibarət qüvvələr. Onları gətirib deyirlər hüquqlarını qorusunlar”.

"Jurnalist İdrak Abbasovu döyən Neft Şirkəti işçisinə qarşı niyə heç bir tədbir görülmür" sualına cavabında R.Abdullayev belə cavab verib:

“İdrak Abbasov 4 ildir Sulutəpədə qanunsuz tikililərlə bağlı əməliyyatlara torpaq satan alverçilərin adamı kimi gəlib-gedib. Bunu açıq deyirəm və əlimizdə hər cür təsdiqləyici sənədlər də var. Onun qardaşı da orda torpaq satmaqla məşğuldur. İdrak Abbasov ora jurnalist kimi deyil, torpaq satanlaraın adamı kimi gəlmişdi ki, bizim işçilərə mane olsun”.

R.Abdullayev deyib ki, döyülən zaman İdrak Abbasovun əynində jurnalist gödəkçəsi olmayıb, həmin paltar ona sonradan geyindirilib.
“O da orda daş atmaqla məşğul olub. Biz o məsələyə açılış vermədik. Lazım gəlsə, o məsələyə qayıdıb həmin kadrı göstərə bilərik. Bu provakasiya idi, onun kökləri də hardadır, mən bilirəm. O hadisədən yarım saat sonra dünyanın böyük televiziyaları, agentlikləri ora tökülüşdülər. Heç zəlzələ yerlərində elə reportaj yaymırlar”.

Bununla belə, müsahibə zamanı R.Abdullayev İdrak Abbasovu döyən Neft Şirkəti işçilərindən bəzilərinin vəzifə səlahiyyətlərini aşdığını etiraf edib. O, həmin şəxslərlə bağlı sənədlərin araşdırılması üçün prokurorluğa göndərildiyini və zorakılığa yol verənlərin işdən çıxarıldığını da deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI