“Nə qədər ki, bu münaqişə uzanır və bunun sonu görünmür, münaqişədə vasitəçilik edən ölkələr, problemi iki ölkənin öz arasında həll etməli olduğunu dilə gətirib bunu dəstəkləyəcəklərini söyləyirlərsə, həllə inam azalır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Vitse-spikerin sözlərinə görə, belə olduğu halda digər variantların işə düşmək ehtimalı artır. “Ona görə də münaqişə mövcuddursa, onun hərbi yolla həlli ehtimalı da qalır. Amma bunun nə vaxt olacağını heç kim söyləyə bilməz. Ümumiyyətlə Azərbaycan tərəfi bu məsələni danışıqlar vasitəsilə həll etmək yoluna sadiqdir. İndi o analitiklər, ekspertlər və ya digər başqa proqnoz verən dairələr, müxtəlif proqnozlar verə bilərlər. Onların proqnozlarına uyğun fikir söyləmək, proqnoz və şərh vermək düzgün olmazdı. Biz Azərbaycanın yeritdiyi rəsmi siyasətə uyğun mövqe bildiririk. Bu mövqedə ondan ibarətdir ki, biz məsələnin sülh yolu ilə həllini istəyirik və maksimum da buna səy göstəririk”.
Anar Kəlbiyev