Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ATƏT-in Bakı Ofisini müxalifət nümayəndələri ilə keçirilən görüşlərə onu dəvət etmədikləri üçün tənqid edib. Modern.az-a açıqlama verən ADP sədri ABŞ səfirliyi ilə yanaşı, ATƏT nümayəndələrinin də görüşlərinə dəvət olunmadığını bildirib.
“ATƏT nümayəndəsini mən bir dəfə tənqid edəndən sonra başqa siyasi partiyaların rəhbərləri ilə görüşürdü, məni görəndə ağzın büzürdü. Məni görüşlərinə dəvət etmirlər. İndi mən durub bunlara yaltaqlanmayacam ki? Belə əlaqə mənim nəyimə lazımdır. Başqa bir nümayəndə gəlib o da eyni cür rəftar edir. O özü bilər məni dəvət edir, yoxsa etmir”, - deyə S.Cəlaloğlu ittiham edib.
Müxalifət liderləri arasında tənqidi mövqeyi ilə seçilən Sərdar Cəlaloğlu ABŞ-ın Azərbaycandakı səfiri ilə müxalifət nümayəndələrinin sonuncu görüşünə səbəbsiz yerə çağırılmadığını bildirib.
Anar RÜSTƏMOV