Eldar İbrahimov: “Eldəniz Quliyev böyük səhv edir”
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov tanınmış kinossenarist, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin təsisçisi Eldəniz Quliyevə hakim partiya haqqında səsləndirdiyi təhqiramiz fikirlərlə bağlı sərt cavab verib.
Deputat Modern.az-a açıqlamasında bildirib ki, Eldəniz Quliyev “YAP lalların, korların partiyasıdır” deməklə böyük səhvə yol verib.
E.İbrahimov həmçinin təmsil etdiyi partiya haqda tənqidi fikirlər bildirən insanlara da sərt ismarıc göndərib.
“Yeni Azərbaycan Partiyasında olan insanlar heç bir partiyada yoxdur. Partiyamızda akademikdən tutmuş, professora kimi böyük bir ziyalı kütləsi cəmləşib. Lal, kor elə onların özləridir. Onların dilləri yoxdur danışmağa, nə də gözləri yoxdur görüməyə. Onların gözü harda pis şeylər var, onu görə bilir, yaxşı tərəfləri görməyi bacarmırlar. Çünki o insanların ürəkləri xarabdır. Bu onların xarakteridir. Təəssüf ki, hamısı öz ürəkləri ilə ölçürlər. Eldəniz Quliyev çox böyük səhv edir. Yeni Azərbaycan Partiyası lalların, korların partiyası yox, ən savadlı, dünyagörüşlü, tanınmış insanların partiyasıdır. Bizə lal-kor deyən adamın özü laldır, özü kordur”, -deyə E.İbrahimov Eldəniz Quliyevə cavab verib.
Qeyd edək ki, yeni təsis etdiyi Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinə qarşı YAP-çı millət vəkili Siyavuş Novruzovun çıxışına münasibət bildirən Eldəniz Quliyev “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada hakim partiyanı lalların və korların partiyası adlandırıb.
Anar RÜSTƏMOV