
Bakı Metropoliteninin 45 illiyinə həsr olunan təntənəli mərasimdə metropoliten rəisi Tağı Əhmədov Bakı metropoliteninin vaqon təchizatında da yeni eranın başlandığını deyib. Bakı metropalitenin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu istiqamətdə dünyanın aparıcı şirkətlərinin məhsulları arasında seçim aparılıb və operatorun seçilməsi ilə bağlı işlər görülür.
Məlumatda oda bildirilir ki, bu işlər metropolitenin perspektiv inkişaf planının tərkib hissəsi kimi başlayıb və ölkə başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, bundan sonra metropoliten, ələlxüsus da yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunmalıdır.
İdarə rəisi Tağı Əhmədov elə həmin yığıncaqda daha ətraflı «Transmaşholdinq»in son nailiyyətlərindən olan vaqonların Bakıda da sınanmasına başlanacağını söyləyib. Bu xüsusda rusiyalı vaqon istehsalçıları ilk əvvəl Bakıya sınaq məqsədilə 5 yeni vaqon təqdim edəcəklər. Yaxın günlərdə «Transmaşholdinq»in istehsalı olan və «Oka» adı milə də tanınan yeni tipli 81-760/761 vaqonları Bakıya çatdırılacaq.
Son günlər Rusiya internet mənbələri, Bakı metrosunda «Transmaşholdinq»in yeni tipli 81-760/761 vaqonlarının istismara veriləcəyini, həmin vaqonların qəhvəyi rəngdə olacağını bəyan edir. İdarə rəisinin müavini Vladimir Qazıyevdən bu xəbərin nə qədər doğru olduğunu soruşduq. O bildirdi ki, informasiya bir qədər təkzib olunub: Vaqonlar sınaq müddəti üçün verilir. Əgər bütün standartlar ölkə rəhbərliyinin qarşımıza qoyduğu tələblərə cavab verərsə və mütəxəssislərin müsbət qiymətini alarsa, Bakı metrosunda əsas hərəkət heyətinə çevrilə bilər. Sınaq üçün göndərilən vaqonlar qəhvəyi, qapıları isə qırmızı rəngdə olacaq. Bu, vaqonların estetik görkəmdə olmasını, amma bununla belə tunel şəraitində istismar ediləcəyini nəzərə alsaq, hələlik optimal variantdır.
Qeyd edək ki, bu vaqonların istismarı ilə bağlı bir qrup mütəxəssis – maşinist və maşinist-təlimatçı təcrübə mübadiləsi üçün Moskvaya ezam olunub. Dekabrın ilk günlərində onlar da səfərdən qayıdacaqlar.
Modern.az