Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Q.Paşayevanın təşəbbüsü ilə “PAKİSTAN ƏDƏBİYYATI” xüsusi buraxılışının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Qənirə Paşayevanın təşəbbüsü ilə AYB-nin “Dünya Ədəbiyyatı” dərgisinin “PAKİSTAN ƏDƏBİYYATI” xüsusi buraxılışının təqdimatı baş tutub.
Bakıdakı “Azərkitab” Kitab Mərkəzində baş tutan təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Zəfər Günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. O, Pakistan dövləti və xalqının həmişə Azərbaycanın haqq işinin yanında olduğunu minnətdarlıqla söyləyərək, ədəbiyyatın, mədəniyyətin xalqların, ölkələrin taleyində, dostluq və qardaşlıq bağlarının yaranmasında rolundan söz açıb.
Təqdimatın təşəbbüskarı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Prof.Dr. Qənirə Paşayeva Pakistanın Azərbaycanın haqq işinə verdiyi dəstəyi yalnız qardaş Türkiyənin dəstəyi ilə müqayisə edilə biləcək səviyyədə yüksək olduğunu deyərək, siyasi-iqtisadi, mədəni, ümumən bütün əməli fəaliyyət sahələri üzrə əlaqələrimizin getdikcə daha da güclənməsindən məmnunluğunu bildirib.
Q.Paşayeva Pakistan müxtəlif illərdə etdiyi səfərlərdən, qardaş ölkənin dövlət, ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə çoxsaylı görüş və müzakirələrdən minnətdarlıqla söz açıb.
AYB-nin “Dünya ədəbiyyatı” dərgisinin nəfis “Pakistan ədəbiyyatı” xüsusi buraxılışının hazırlanmasında əməyi keçən hər kəsə, özəllikə, Seyfəddin Hüseynliyə, Səlim Babullaoğluna, habelə Pakistanın filosof şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”ni tərcümə edərək nəşrə hazırlamış Elxan Zala təşəkkür edən Q.Paşayeva, belə layihələrin önəmini şərh edib, Mədəniyyət Komitəsinin bu istiqamətdə yeni layihələrə də dəstəyini vəd edib.
Tədbirin keçirilməsinə dəstək verən Nəfəs İctimai Birliyinin sədri F.Balakişiyeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri A. Bağırova çıxışlarında Pakistan-Azərbaycan qardaşlığının önəmindən danışaraq qeyri hökümət təşkilatları olaraq bu birliyin daha da güclənməsinə öz töhvələrini verməyə bundan sonra da hazır olduqlarını bildiriblər.
Q.Paşayeva çıxışının sonunda, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva ilə birlikdə, qardaş Pakistan İslam Respublikasının Baş nazirinə, Pakistan parlamentinə və cənab səfirə Qarabağ və İslam motivli özəl işlənmiş rəsm əsərləri bağışladı: “Xahiş edirəm, bu özəl rəsm əsərlərini bizdən Pakistan dövlətinə və xalqına minnətdarlıq əlaməti olaraq qəbul edəsiniz. Biz Zəfər Bayramı ərəfəsindəyik və bilirik ki, Siz bizim bayramımızı öz bayramınız qədər uca tutursuz. Pakistanın Qarabağ mövzusunda, Azərbaycanın ərazi bütövlüyü mövzusunda göstərdiyi həssaslıq kimi, bizi də Kəşmir mövzusuna eyni həssaslıqla yanaşırıq. Pakistanın uğurunu uğurumuz, uğursuzluğunu öz uğursuzluğumuz bilirik.
Burada Pakistanın könül dostları əyləşib. Pandemiya məhdudiyyətlərinə görə tədbiri məhdud iştirakçı ilə keçiririk; lakin kimi dəvət etmişiksə, sevə-sevə gəlib. Burada iştirak edən bütün ziyalılarımıza, QHT və KİV təmsilçilərimizə, özəlliklə, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun dəyərli üzvlərinə bizimlə birgə olduqları üçün təşəkkür edirəm.
Cənab səfir, Pakistan parlamentinə bağışladığımız bu əsər, Xalq rəssamı Arif Hüseynovun əsəridir və Xocalı Soyqrımına həsr olunmuş yüksək sənətkarlıq örnəyidir. Dost, qardaş Pakistanın digər dövlət orqanları kimi, parlamenti də Xocalı Soyqırımı mövzusuna yüksək həssasiyyəti, ədalətli mövqeyi ilə seçilib. Pakistanın bu mövzuya ədalətli yanaşması əslində, bütün dünya parlamentləri üçün bir örnək təşkil etməlidir. Bilirsiz ki, qarşıdan Xocalı Soyqırımının 30-cu ildönümü gəlir. İnanırıq ki, bu ildönümü qardaş və dost Pakistanın millət vəkilləri tərəfindən qeyd ediləcək, uyğun bir müraciət yaxud başqa bir sənəd qəbul ediləcək.
Xahiş edirəm, bizim salam-sayğılarımızı Pakistan dövlətinə və xalqına, o cümlədən Pakistan ədəbiyyat, mədəniyyət xadimlərinə çatdırasız”.
Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye təqdimat və təqdimata səbəb olan nəşrə görə əməyi keçən hər kəsə təşəkkür edib, Q.Paşyevanın rəhbərlik etdiyi parlamentlərarası işçi qrupunun məhsuldar fəaliyyətini qeyd edib.
Səfir B.Haye ölkələrimiz arasındakı qardaşlıq, dostluq münasibətlərinin qədim tarixə əsaslandığını və çağdaş dönəmdə öz yüksək səviyyəsi ilə seçildiyini bildirərək, xalqların qardaşlığı ilə qələm, sənət qardaşlığının bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.
Cənab səfir öz növbəsində Nizami Gəncəvinin seçilmiş əsərlərinin Pakistanda nəşr edilməsi təşəbbüsü ilə çıxış edib. Q.Paşayeva bu nəcib təşəbbüs üçün cənab səfirə təşəkkür edərək, bu sahəyə vaqif olan Azərbaycan yazarları, ədəbiyyatşünaslarla birgə bu təşəbbüsü dəyərləndirəcəklərini və Nizaminin seçilmiş əsərlərinin qardaş ölkədə nəşri üçün müvafiq addımlar atılacağını söyləyib.
AYB-nin katibi, “Dünya ədəbiyyatı” dərgisinin qurucusu Səlim Babullaoğlu və dərginin baş redaktoru Seyfəddin Hüseynli dərgi və özəlliklə “Pakistan ədəbiyyatı” xüsusi buraxılışının mətn-mündəricəsi barədə ətraflı bilgi verib. Bildirilib ki, bu xüsusi buraxılış həm 44 günlük müharibədə Pakistan dövlətinin, xalqının göstərdiyi mənəvi-siyasi dəstəyə şükranlığın, həm də Pakistan ədəbiyyatının haqq etdiyi yüksək münasibətin ifadəsidir. O da vurğulanıb ki, rəmzi olaraq, xüsusi buraxılışa 44 Pakistan ədibinin əsərlərindən örnəklər daxil edilib.
Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri – MM-in Komitə sədri Tahir Rzayev, Millət vəkilləri Azər Badamov, Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov öz çıxışlarında üzvü olduqları qrupun parlamentin ən çoxsaylı üzvə malik iki qrupundan biri olduğunu söyləyərək, əslində, bütün millət vəkillərinin bu qrupa üzv olmaq istəyində olduğunu da vurğulayıblar.
Millət vəkilləri iki ölkənin qardaşlıq, dostluq bağlarının tarixi, buğunu və gələcəyi ilə bağlı fuikirlərioni bölüşüb, təqdim olunan “Pakistan ədəbiyyatı” xüsusi buraxılışının məziyyətləri haqqında fikirlərini bölüşüblər.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli, Mahmud Kaşqari Fondunun qurucu-başqanı Elxan Zal Qaraxanlı öz ürək sözlərini bölüşüb, tarixdən qaynaqlanan səmimi, ləyaqətli münasibətlərimizin böyük gələcək vəd etməsindən söz açıblar.
Bu nərşlərin Pakistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına töhfə olduğu bütün çıxışlarda ana xətt olaraq keçib. Haqqında danışılan kitabın və xüsusi buraxılışın gün üzü görməsi, onların təqdimat törənlərinin keçirilməsi, təqdimatlarda səsləndirilən qiymətli fikirlər, irəli sürülən təşəbbüslər Azərbaycanda keçiriləcək “Zəfər günü”nə və Pakistanda keçiriləcək “İqbal günün”nə bir ərməğan olaraq qiymətləndirilib.
Sonda Komitə sədri Q.Paşayeva və səfir B.Haye bağlanış sözü söyləyib, təqdim olunan nəşrdə və təqdimatın keçirilməsində əməyi keçən hər kəsə, təqdimat iştirakçılarına təşəkkür ediblər.
Sonda xatirə şəkilləri çəkilib.
Tədbirin videosunu aşağıdakı linkdən izləyə bilərsiniz: