Modern.az

Diasporumuzun Zəfər Günü SEVİNCİ: Konsertlər, tədbirlər, sərgilər...

Diasporumuzun Zəfər Günü SEVİNCİ: Konsertlər, tədbirlər, sərgilər...

Diaspor

8 Noyabr 2021, 14:04

Bu gün Azərbaycanda Zəfər Günün 1-ci ildönümü qeyd olunur.

 

44 günlük Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümü ilə əlaqədar müxtəlif ölkələrdə yaşayan azərbaycanlı diaspor fəalları fərqli formatda tədbirlər keçiriblər. Onlar yaşadıqları ölkələrdə bu sevinci tarixi vətənləri olan Azərbaycanla birgə qeyd ediblər.

 

Modern.az  xəbər verir ki, noyabrın 7-dən diasporumuz 100-dən çox tədbirin keçirilməsini planlaşdırıb.

Dünya azərbaycanlılarının Zəfər Günü ilə bağlı keçirdiyi tədbirləri təqdim edirik:

 

Almaniya

Berlin şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı təntənəli tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının (AAA) təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Almaniyadakı səfiri başda olmaqla səfirliyin diplomatları, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan icmasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, AAA idarə heyətinin sədri Yaşar Musayev, sədr müavinləri Sevda Qəribova və Nuran Abdullayev, diaspor nümayəndəsi Zaur Spivak və başqaları çıxış ediblər.

Sonra azərbaycanlı sənətçilərin iştirakı ilə konsert olub. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

 

Norveç

Norveçin Stavanger şəhərində yaşayan azərbaycanlı musiqiçi Ülvi Həsənli noyabrın 7-də bolqarıstanlı musiqiçi tərəfdaşım Kiril Kutin ilə bərabər "Zəfər günü"nə həsr olunmuş "Xarı bülbül" konsert proqramı ilə çıxış edib.

Konsertdə 50-60-a yaxın Norveç azərbaycanlısı da iştirak edib. Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və s. bəstəkarlarımızın klassik əsərləri piano və skripkada ifa olunub.

 

Eyni zamanda, Oslo şəhərindəki Norveç parlamenti binasının – Stortingetin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə “Böyük qayıdış” adlı aksiya keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə baş tutan aksiyaya Azərbaycan və Türkiyə icmalarının üzvləri, Türkiyənin Norveçdəki səfirliyinin əməkdaşları qatılıblar.

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları şəhidlərimizin şəkillərini, “Həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsinə”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağa böyük qayıdış” şüarlarını əks etdirən posterləri nümayiş etdiriblər.

 

Gürcüstan

Tbilisi şəhərinin mərkəzində yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib. Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ köynək geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar, Fləşmob şəhər sakinlərinin və parkdakı turistlərin marağına səbəb olub.

 

Almaniya

Almaniyanın Köln şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Füsünkar musiqi” (“Adorable Music”) adlı konsert təşkil edilib. Diaspor Komitəsinin dəstəyi ilə “Steigenberger” hotelinin konfrans zalında gerçəkləşdirilən konsertdə Almaniyada yaşayan tanınmış azərbaycanlı müğənni Seyran İsmayılxanov çıxış edib.

Sənətçi təqdim etdiyi konsert proqramını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin böyük qəhrəmanlıqla qazandığı parlaq Qələbəyə, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizə və cəsur qazilərimizə həsr etdiyini bildirib.

Eyni zamanda, Kölndə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Alman-Azərbaycan Mədəniyyət Evi və Köln Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı ilə fotosərgi nümayiş etdirilib. 

 

Moldova

Moldovadakı Azərbaycan icması 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizin birinci ildönümünü təntənə ilə qeyd edib.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndələri ölkəmizin Kişinyovdakı səfirliyi qarşısında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Türkiyənin Moldovadakı səfirliyi qarşısında Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri düzülüb.

Sonra bayram tədbiri Azərbaycanın Moldovadakı səfirliyində davam etdirilib. Tədbirdə qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, milli diaspor rəhbərləri, həmçinin MAK-ın və Azərbaycan icmasının fəxri üzvləri iştirak ediblər.

 

İtaliya

İtaliyanın Venesiya şəhərində 8 noyabr – Zəfər Gününə həsr edilmiş “Qarabağ informasiya sərgisi” layihəsi həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən sərgidə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar təqdim olunub. Sərgi şəhərin izdihamlı məkanı hesab edilən Santa Luçia dəmir yolu stansiyasının qarşısında baş tutub. Sərgi şəhər sakinlərində böyük maraq doğurub.

 

ABŞ

ABŞ-ın Şimali Karolina ştatının Chapper Hill şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbalın təşkilatçılığı ilə Nobel mükafatçısı Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində baş tutub.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə rəsmi qonaqlar, ABŞ-dakı Azərbaycan və Türk icmalarının nümayəndələri, Azərbaycanın ABŞ-dakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

 

Oman

Omanda yaşayan həmvətənlərimiz 8 Noyabr - Zəfər Günü münasibətilə paytaxt Məsqət şəhərində bir araya gəliblər.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Oman Sultanlığı üzrə əlaqələndiricisi, Məsqət Musiqi və İncəsənət Akademiyasının direktoru Səidə Xəlilovanın təşəbbüsü ilə müxtəlif sahələrdə çalışan azərbaycanlıların  iştirak etdiyi görüşdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

 

İngiltərə

London şəhərindəki “Chelsea Old Town Hall” bələdiyyə binasında 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Voices of Peace” (“Sülhün səsləri”) adlı təntənəli qala-konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konsertdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin diplomatları, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Konsert Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

 

Avstriya

Vyana şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bayram tədbirində Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Türkiyənin Vyanadakı baş konsulu Asip Kaya, türkiyəli diplomatlar, iş adamları, Azərbaycan və Türkiyə icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə dərnək sədri Yardım Güneş açıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər