Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 28-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul edib.
DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nazir mövcud kriminogen durum, daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar, əməliyyat şəraitinin nəzarətdə olması barədə məlumat verib.
Nazir xüsusilə vurğulayıb ki, DİN-də «İnsan hüquqlarının müdafiəsi üzrə komissiya» yaradılıb, habelə müvafiq olaraq xüsusi tədbirlər planları hazırlanaraq icraya yönəldilib.
Qeyd olunub ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədilə əməkdaşların Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən və daxili işlər orqanlarının fəaliyyətinin başlıca istiqamətlərini əhatə edən müxtəlif forum və müşavirələrdə iştirak edirlər. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 4 ildə 1500-ə yaxın polis əməkdaşı iştirak edib.
İctimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin tənzimlənməsi və hüquq qaydasının təmin olunmasında vətəndaşların fəal iştirakı məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında polis sahə inspektorlarının xidməti eksperiment qaydasında «Cəmiyyət dəstəkli polis» layihəsi həyata keçirilib.
Ramil Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan və QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. Məhz belə və həssas yanaşmanın və operativ münasibətin göstəricisidir ki, təkcə son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, proses iştirakçıları haqqında müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1169 əməkdaş cəzalandırılıb, onlardan 86-sı daxili işlər orqanlarından xaric edilib, 18-i isə cinayət məsuliyyətinə cəlb edilib.
Bildirilib ki, polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. Burada beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədilə 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama təcridxanaları inşa olunub, 51-də əsaslı təmir işləri aparılıb.
Beynəlxalq təşkilatların müvafiq qurumları və Bakıda yerləşən nümayəndəliklər tərəfindən müntəzəm olaraq DİN-nin şəhər-rayon polis orqanlarının müvəqqəti saxlama təcridxanalarında monitorinqlər keçirilir, nəticələr DİN-nin aidiyyəti xidmətin əməkdaşları ilə müzakirə edilərək aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Belə ki, son iki ildə və cari ilin müvafiq dövründə mötəbər beynəlxalq təşkilatlar və digər qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1022 monitorinq keçirilib.
Qeyd edilib ki, insan və vətəndaş hüquqlarını ən ciddi şəkildə pozan amillərdən biri də insan alveridir və bu növ cinayətlərə qarşı mübarizə gücləndirilib.
Görüş zamanı həmçinin ölkəmizdə milli azlıqların hüquqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə də toxunulub.
Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex nazirin kriminogen durum və polis fəaliyyətinin daha da təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına dair verdiyi geniş və ətraflı məlumatın onların bir çox suallarını cavablandırdığını bildiriblər.
Modern.az