“Bu qədər sevgi və sayğı ilə gəldiyimiz Ana Vətənimizdən çıxan zaman cərimələnməyimizi heç bir əks arqumentlə qəbul etmirik"
Modern.az xəbər verir ki, Gürcüstanda yaşayan azərbaycanlıların miqrasiya məsələlərinə həsr olunmuş toplantısında Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciətə Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar, QHT sədrləri və parlamentin üzvü olan azərbaycanlı deputatlar imza atıb.
Müraciətdə zaman-zaman Azərbaycanın ali hakimiyyət orqanlarından diqqət və qayğı gördüklərini qeyd edən soydaşlarımız son üç ayda Sınıq Körpü sərhəd keçid məntəqəsində baş verənlərdən ciddi narahatlıq keçirdiklərini vurğulayıblar.
“Düşünürük ki, bəzi məmurların özbaşnalığı və ya vəzifə səlahiyyətini aşması buradakı azərbaycanlılara qarşı əsl təxribat xarakteri alıb. Necə ola bilər ki, bu qədər diqqət və qayğını belə kiçik ranqlı məmurlar poza bilər? Sizə müraciət etməkdə məqsədimiz odur ki, istəyirik bu pozuntuların bəzilərindən şəxsən xəbərdar olasınız”-deyə müraciətdə bildirilib.
Müraciət müəllifləri Azərbaycanın Miqrasiya xidməti tərəfindən pasport qeydiyyatındakı keçid müddətinin bəhanə gətirilərək 29 gündən artıq Azərbaycanda qalan gürcüstanlı soydaşlarımıza geri qayıdan zaman 401 manat cərimə tədbiq etməsindən hiddətləndiklərini bildiriblər.
“Bu qədər sevgi və sayğı ilə gəldiyimiz Ana Vətənimizdən çıxan zaman cərimələnməyimizi heç bir əks arqumentlə qəbul etmirik. Çünki Gürcüstan yaxın qonşuları ilə - Rusiya ilə müharibə vəziyyətinin törətdiyi fəsadlar, ölkə vətəndaşlarının gediş-gəlişi demək olar ki, qadağan olunmuş həddə olması, Ermənistanla gürcülərin normal münasibətlərinə baxmayaraq, biz azərbaycanlılar düşmən qapısı bilib getmədiyimizdən, bizim əsas ailəmizin maddi durumla təmin etmək yolumuz Azərbaycanla bağlı olur”.
Soydaşlarımız bildiriblər ki, hazırda Azərbaycanda mülkü, toxunulmaz və ya daşınmaz əmlakı olanlar, övladlarını Bakıdakı ali məktəblərdə oxudanlar, həmçinin iki ölkənin vətəndaşları kimi qarşılıqlı şəkildə ailə quranlar da bu problemlə daim üzləşirlər.
“Artıq elə təsəvvür yaranıb ki, biz azərbaycanlılara Azərbaycanda yaşamaq həddlə, zamanla ölçülməlidir. 1990-cı illərdə Qarabağ savaşında əli silah tutan yüzlərlə gəncimiz könüllü milli dövlətimizin keşiyində durmağa getdiyimiz halda, necə ola bilər ki, onlarla şəhidi, üç milli qəhrəmanı olan bu Borçalı bölgəsinə qarşı indi belə biganəlik əlamətləri baş verir? Biz qarşıdan gələn Böyük Qarabağ savaşına da hazırıq və borçalılar olaraq yenə də hazır olduğumuzu əminliklə qəbul etməyinizi xahiş edirik.
Buradakı soydaşlarımıza ağır gəlir ki, oglu, ya qızı Azərbaycanda yaşayan valideynlər artıq azərbaycanlı kimi Vətəndə müddətlə qalmalı olurlar. Xəstə olan da, təhsil alan da, bir qismət çörək dalınca gedən də 29 günə ölkədən çıxmalı və ümidlə ailəsinə dönən qazandığını da orada cərimə şəkilində ödəməklə peşiman vəziyyətdə ailəsinə dönür”.
Müraciətə imza atanların sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir müddət öncə Borçalıda olanda miqrasiya məsələlərinə münasibət bildirib. Nazir Azərbaycan höküməti adından bu fikri xüsusilə ifadə edib ki, hər iki dövlətin rəhbərliyi qərara alıb ki, soydalarımız Azərbaycanda müddətsiz olaraq yaşaya və işləyə bilərlər.
“Belə bir vədin qəfildən pozulması haqqında heç bir informasiyanın elan edilmədən Sərhəd keçid məntəqəsində cərimələrin tətbiqi bizi ciddi narahat erdir. Bildiyimizə görə Gürcüstan tərəfi belə bir razılaşmanı pozmayıb.
Möhtərəm Prezident!
Biz əminik ki, bu və ya digər problemlərimizin həllində bizlərin xahişinə xüsusi ehtiramla yanaşacaq, Ana Vətəndə əvvəlki kimi müddətsiz qalmağımıza imkan yaradılmasına göstəriş verəcək, həmişə olduğu kimi, diqqət və qayğınızı bizlərdən əsirgəməyəcəksiniz”.
Gürcüstan azərbaycanlıları adından müraciətə aşağıdakı şəxslər imza atıblar:
Mahir Dərziyev (Gürcüstan Parlamentinin deputatı)
Azər Suleymanov (Gürcüstan Parlamentinin deputatı)
Əli Məmmədov (Gürcüstan Parlamentinin deputatı)
İsrafil Bayramov (Borçalı İş Adamları Birliyinin rəhbəri)
Əlibala Əsgərov (Qeyrət Xalq Hərakatının sədri)
Fazil Həsənov (Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri)
Əli Babayev (Gürcüstan Azərbaycanlılarının Konqressi)
Vaqif Mustafayev (Kvemo-Kartli Qubernatorunun sabiq müavini)
Kamandar İsmayılov (Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri)
Hidayət Hüseynli (Gürcüstan Parlamentinin sabiq deputatı)
Mahmud Kamaloğlu (professor)
Kamil Kirəcli (Ozan ictimai birliyi)
Ruslan Hacıyev (Marneuli şəhər 3 saylı məktəbin direktoru)
Zaur Darğallı (Marneuli Gənclər Mərkəzi)
Leyla Məmmədova (Gürcüstan Azərbaycanlı Gənclər İttifaqı)
Akif Xansultanlı (Qarapapaqlar aylıq elmi dərgisinin redaktoru)
Binnət Əlioğlu (Region press qəzetinin redaktoru)
Nizami Məmmədzadə (Ziya qəzetinin redaktoru)
Etibar Babayev (Sarvan –QHT)
Səbinə Talıbova (Göyərcin - QHT)
Yaqub Bayramov (texniki peşə məktəbinin direktoru)
Mikayıl Mustafayev (ziyalı)
Knyaz Culfayev (ziyalı)
Polad Məmmədov ( ziyalı)
Cingiz Mahmudov (ziyalı)
Ayaz Bayramov (ziyalı)