Modern.az

Nəşriyyatın içində və çölündə

Nəşriyyatın içində və çölündə

30 Noyabr 2012, 11:09

Dünən Azərbaycan Nəşriyyatına getmişdim. Əhvalım tamam pozuldu. Nəşriyyat əldən də düşüb, gözdən də, hələ dildən də... Kədərli-kədərli baxır adama. İlyas Ərnəfəs yüz illərdi əyləşib qarşısındakı daşın üstündə.  Əlində, cibində qəzetlər. Altında qəzet, üstündə qəzet... süfrəsi qəzet, yan-yörəsi qəzet... Dilində sözləri tum kimi cırtlayır, sonra da dalınca da  söyüş gəlir, hələ indiyə kimi bilmədim, o, kimi söyür, niyə söyür və kimin arxasınca tüpürür? Gəlib keçən adamlar hərdən onun yanında ayaq saxlayır, sonra sürətlə içəri keçirlər.

Yadımdadı, İlyas Ərnəfəs  maraqlı hekayələr yazırdı. Bəlkə adamlar, xüsusən də, başa düşənlər sözün  yanında belə  ayaq saxlayırlar. O da  qəribədir ki, İlyas xəstələnəndən sönra heç hara getmədi, gəldi nəşriyyatın qarşısında dayandı. Çünki nəşriyyatda söz vardı, qəzet vardı, tanıdığı adamlar vardı... İlyas Ərnəfəs ancaq nəşriyyatın birinci mərtəbəsindəki yeməkxanaya qədər  gedir, onun nəşriyyatla tanışlığı elə bura qədərdi. Amma nəşriyyatı, qəzetləri və adamları hamıdan yaxşı tanıyır. Onun üçün nəşriyyatın  çölü içindən daha gözəldi.

Nə isə söhbəti burda kəsib  İlyasla görüşüb keçirəm içəri. Liftin önündə dayanıram,  gözləyənlərin biri deyir ki, bu, lift işləmir, başqa birisi əlavə edir, gah işləyir, gah işləmir. O biri liftin önünə keçirəm. Bundan da ağlım bir şey kəsmir. Qırıq, yağsız araba kimi cırıladayır. Sanki dünyadan, qocalığından gileylənir. Düymələrinin heç biri yanmır, öz xösunadı, deyirlər, nə vaxt gəlib çıxar, çıxmaz bu, onun özündən asılıdır. Axır ki, gəlir... Minirəm, mənimlə bir jurnalist dostum da minir, Daşdəmir Tağıyev. Altıncı mərtəbə də düşəsiyik.  Sınmış düymələrindən birini altı hesab eləyib  təxmini basırıq. Ancaq lift altincıda saxlamır, doqquzuncu  mərtəbəyə qalxır, eybi yox, qalxsın, sözümüz yox, heç olmasa qapısını açsın, qapı açılmır. Təzədən ayrı düymələri basırıq, bizi  yenidən  birinci mərtəbəyə gətirir, yenə qapını açmır,  yenidən doqquzuncu   mərtəbəyə qaytarır, sonra  birinci mərtəbəyə düşür.  Əllərimizlə qapını dartışdırırıq. Elə bu zaman liftin  işıqları sönür. Çöldən  qapını açıb  bizi “azadlığa” buraxırlar. Hələ ki,  yarım saatdır birinci mərtəbədəyəm. Deyirlər, nəşriyyatın direktorunun lifti ilə çıxmaq olar.  Onun da  düymələri sınıq-salxaqdı. Vaz keçirəm. Haydı, irəli, deyib piyada pilləkənləri qalxıram.

Köhnə jurnalist dostlarımdan gözümə az dəyir. Əksəriyyəti yenidir.  Nəşriyyatın içi adamın könlünü bulandırır, divarlar pis gündədi. Elə bil burada müharibə gedib. Döşəmələr qopuq-qopuqdu. Hər tərəfdən toz ələnir. Otaqların qapısı hər cür materialdan düzəldilib. Kiminin qapısı seyf,  kimininki taxtdadır. Hərə istədiyi yerdən özü üçün qapı açıb, Divarların suvağı  kələ-kötürdü. Hər tərəfdə səliqəsizlik hökm sürür. Qəzet adları da ki - dəryazdan tutmuş, qanuna qədər, növbənov -səliqəsiz şəkildə qapılara vurulub. Otaqdakı istilik sistemləri- spiralı calaq-calaq olmus - əldə düzəlmə qızdırıcılardı. Hər tərəfi yemək iyi bürüyüb. Tualetlər bərbad vəziyyətdədir. Jurnalstlərin çoxu kədərli və yorğundur. Elə bu zaman  bir dovlət qəzetinin  baş redaktorunu qopmuş parket taxtalarına təpik vura-vura öz redaksiyasına  daxil olduğunu  görürəm. Deyirəm, heç olmasa o, öz hesabına kabinetinin qapısını düzəltdirə bilərdi. Amma vecinə deyil.  Bildiyim qədər redaksiyalar nəşriyyata güllü miqdarda kirayə pulu verirlər. Bəs görəsən otaqlar niyə bu gündədir?

Kəsərli yazıları ilə bölgələrdə çatışmazlıqları aradan qaldıran, insanların köməyinə çatan jurnalistlər bəs özləri üçün, redakdsiyaları üçün  niyə bir gün ağlamırlar? Axı burada söz yaranır. Dördüncü hakimiyyət olan mətbuat burada yaşayır. Ölkəmizdə sözə, jurnailstə yüksək qiymət verildiyi halda, mətbuatın ana beşiyi olan Azərbaycan Nəşriyyatı  niyə bu  vəziyyətdədir? Ürəyim sıxılır. Aşağı tələsirəm. İlyas  Ərnəfəsin yanına. Pilləkənləri düşə-düşə fikirləşirəm ki, döqurdan da, bizim jurnalistlər əsl qəhrəmandılar. Onlar belə dözülməz bir yerdə yüksək səviyyədə qəzet çıxarıb sözə, demokratiyaya sahib dururlar, ölkəmizin isməti olan mətbuatı əzab-əziyyətlə  yaşadırlar. Eşq olsun sizlərə deyirəm...

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi