"Bu gün Azərbaycan və Ermənistan sərhəddində baş verənlər göstərir ki, dayanıqlı sülhün əldə edilməsi üçün kommunikasiyaların paralel bərpası və ölkələr arasında sülh anlaşmasının imzalanması vacibdir".
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi Yerevanın özü üçün ziyanlıdır.
"Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu bu gün bir daha təsdiq etdi. Azərbaycanda növbəti il üçün müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 489 milyon manat (2 milyard 640 milyon dollar) proqnozlaşdırılır. Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri Ermənistanın illik büdcəsinin gəlirlərindən çoxdur. Bu isə o deməkdir ki, növbəti illərdə də iki ölkə arasında iqtisadi fərq və hərbi güc səviyyəsi daha da dərinləşəcək.
Son savaşdan sonra regionda yeni düzən formalaşıb. Bu gün baş verənlər göstərir ki, yeni reallıqlardan narahat olanlar var. Amma bu cəhdlər yeni düzəni pozmaq gücündə deyil və olmayacaq da", - deyə deputat bildirib.