Dünyanın bir çox ölkələrində yol-patrul xidmətində çalışanlar arasında xanımlar üstünlük təşkil edir. Azərbaycanda isə polis qadınlar əsasən Daxili İşlər Nazirliyinin tabeliyində olan statistika, kadrlar, pasport qeydiyyatı və s. strukturlarda cəmləşib. Bu günlərdə ATƏT-in Bakı ofisi DİN-lə keçirdiyi ictimai dəstək kampaniyasının icrası zamanı bir neçə təklif irəli sürüb. Bunlardan biri də yol polisi sistemində qadın işçilərin sayının artırılmasıdır. Avropalı mütəxəssislər hesab edir ki, yol polisində işləyən qadınlar daha diqqətli olurlar. Odur ki, yol polisi sistemində qadınların olması daha məqbuldur.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev
Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yol-patrul xidmətində işləyən xanım yoxdur.
“Xidmətə qəbulla bağlı elan bizə müraciət edən və müsabiqə əsasında işə qəbul olunan qadınlar var. Amma yol patrul xidmətində işləyən xanım yoxdur. Çünki bu, ağır səyyar xidmətidir. Buna görə də zərif cins nümayəndələri arasında bu sahəyə meyl edən olmayıb. Xidmətin çətinliyi ilə bərabər, müəyyən qədər milli mentalitet də burada rol oynayır. Qadınlar daha çox oturaq işlərə üstünlük verirlər. Amma yol-patrul xidmətində qadın əməkdaşlara zərurət var. Belə ki, ölkədə sürücü xanımların sayı get-gedə artır”.
Qeyd edək ki, hazırda Azərbaycanda DİN əməkdaşlarının 3%-i qadındır. Qonşu Türkiyədə isə qadın polislər ümumi şəxsi heyətin 9%-ni təşkil edir. Avropada bu sahədə daha öndədir. Belə ki, inkişaf etmiş Qərb ölkələrində bu rəqəm 15-20% təşkil edir.
Anar Kəlbiyev