Tamam Bayatlı: “Bu informasiya hardan çıxdı?”
ARDNŞ: “Bu barədə xəbərsizik”
Bp şirkətin prezidenti Robert Dadlinin Azərbaycana gələcəyi qeyd edilir.
Modern.az xəbər verir ki, “Oligram News” saytında qeyd edilib ki, R.Dadlinin Bakıda müzakirə edəcəyi başlıca məsələ bp-nin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın aşağı düşməsi ilə bağlı yaranmış vəziyyətdir. Səfərin yaxın günlərdə gerçəkləşəcəyi bildirilir, ancaq konkret tarix açıqlanmır.
Bp Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı Modern.az saytına açıqlamasında bildirib ki, onların bu haqda heç bir məlumatları yoxdur.
“Bilmirəm bu informasiya harada çıxıb. Amma məndə bu haqda heç bir məlumat yoxdur”.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də elə bir məlumatı olmadığını vurğulayıb. “Onun nə vaxt gələcəyi, ümumiyyətlə gəlib-gəılməyəcəyi barədə bizdə məlumat yoxdur. Bu barədə xəbərsizik”.
Oktyabr ayında prezident İlham Əliyev bp-ni tənqid edərək deyib ki, hasilat Britaniya şirkətinin “səhvləri” nəticəsində aşağı düşüb. O zamandan bəri bp-nin regional rəhbərliyində dəyişikliklər edilib.
Aytən ƏLİYEVA