Modern.az

İraq da İsraillə münasibətləri bərpa edir?

İraq da İsraillə münasibətləri bərpa edir?

24 Noyabr 2021, 23:35

İraqın xarici işlər naziri Fuad Hüseyn İsraillə münasibətləri normallaşdırmağı planlaşdırmadıqlarını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, noyabrın 19-dan 21-dək Bəhreyndə keçirilən 17-ci Manama Dialoq Konfransında çıxışı zamanı danışıb.

 

İştirakçılardan birinin “İraq İbrahim razılaşmalarının bir hissəsi olacaqmı?” sualına İraqın XİN başçısı belə cavab verib: “Yox. Bu çətin mövzudur və bir çox amillərlə bağlıdır. Təbii ki, bu amilləri burada izah etməyəcəm. Amma bu suala cavabım, “yox”dur”.

 

Hüseyn İsrail mərkəzli “i24NEWS” televiziya kanalına verdiyi açıqlamada İbrahim razılaşmalarına qatılmayacaqlarını qeyd edib.

 

“Bunun bir çox səbəbi var. Fələstin məsələsi, İraqdakı siyasi mədəniyyət və siyasi partiyalar... İraqda bu məsələ çox həssasdır”, - deyə XİN rəhbəri əlavə edib.

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həm kürəkəni, həm də baş müşaviri olan Cared Kuşnerin rəhbərliyi ilə əldə olunan razılaşmalara Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Sudan daxildir. Razılaşmalar çərçivəsində bu ölkələrin İsraillə diplomatik əlaqələr qurması istiqamətində addımlar atılıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal