Modern.az

Tələbə ordusu kredit şərtlərindən NARAZIDI - “Nazirlik təhsillə məşğul olsa yaxşıdır”

Tələbə ordusu kredit şərtlərindən NARAZIDI - “Nazirlik təhsillə məşğul olsa yaxşıdır”

Təhsil

27 Noyabr 2021, 09:34

Təhsil Nazirliyi təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlayıb. Bildirilib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, bərabər imkanların yaradılması və əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

 

Bəs tələbələr bu kredit şərtlərini necə qiymətləndirirlər?

 

Modern.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, tələbələr arasında sorğu keçirib.

 

Sumqayıt Dövlət Universitetinin 1-ci kurs tələbəsi Ülvi İsgəndərli tələbə kreditlərinin şərtlərindən narazıdır:

 

“Elə şərtlər qoyulub ki, hər kəs yararlana bilməz. Tək məqsəd tələbəni asılı hala salmaqdır. Belə kömək olmaq istəyirlərsə, bu vəsaiti ayırsınlar hər yerdə tələb etdikləri dil, kompüter kurslarına. Onda deyərik ki, tələbəni fikirləşən var”.

 

Texniki Universitetin 1-ci kurs tələbəsi Aysun Məmmədli isə iş yerlərinin sayının artırılmasını istəyir:

 

“Aylıq 250-500 manat gəliri olan ailə həm uşağa, həm özünə baxmalıdır, həm də pulu ödəməlidirsə, krediti necə geri qaytaracaq? Kredit vermək yerinə, ölkədə iş yerlərinin sayını artırsınlar. Bu hadisə tarixdəki müvəqqəti mükəlləfiyyəti xatrılatdı mənə”.

 

Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Elmar Hüseynov hesab edir ki, 300 bal məhdudiyyəti düzgün deyil:

 

“Çünki 1-ci qrup üzrə təhsil alan tələblərin əksəriyyəti 300 baldan aşağı bal toplayıb və ödənişli əsaslarla təhsil alırlar. Düşünürəm ki, 300 bal məhdudiyyəti aşağı salınmalıdır. Ən azı 250 bal olsa yaxşı olar”.

 

Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi Ayşən Məmmədlinin sözlərinə görə, şərtlər bütün tələbələr üçün keçərli deyil:

 

“Necə qeydiyyatdan keçmək lazımdır onun haqqında belə məlumat verən yoxdur. Məncə, bir tələbəyə faizlə kredit verilməməlidir, bir gəncin gələcəyini düşünüb doğru qərar verməlidirlər. Belə şərtlərlə təhsildə heç nə dəyişməyəcək”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Rauf Alışov işin sonunda işıq görmür:

 

“Gənclərin ömründən kəsdikləri azmış kimi hələ kredit bataqlığına da batırırlar. Təhsil orta əsrlərdəki kimi yalnız feodallara məxsus bir sahə olacaq. Bu işin sonunda işıq görmürəm.

 

Odlar Yurdu Kollecinin 1-ci kurs tələbəsi Fatimə Məmmədyarova kreditlərin səmərəli tərəflərinin müəmmalı olduğunu deyib:

 

“Bunun səmərəli yanı nə olacaq çox maraqlıdır. Tələbə indi krediti alsın, sonra otursun dərd çəksin ki, o krediti necə ödəyəcəm. Təhsilimizin köklü islahatlara ehtiyacı var. Ölkədə bir tələbə qalmışdı kreditlə yüklənməyən, o da oldu”.

 

Bakı Mühəndislik Univesitetinin 2-ci kurs tələbəsi Lalə Əliyeva deyir ki, nazirliyə əlavə iş yüklənməməli idi:

 

"Məncə Mərkəzi Bankı da Təhsil Nazirliyinə köçürsünlər ki, nazirliyin təhsilə ayırmağa vaxtı olsun. Təhsil tarixində "möhtəşəm" xəbər, ancaq kredit ola bilərdi".

 

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Fidan Qarayeva da şərtlərdən məmnun deyil:

 

"Verilən qaydalara nəzər salsaq görərik ki, əksər tələbə bu kreditdən yararlana bilməyəcək. Bu kredit tələbələr üçün nəzərdə tutulubsa, digər ölkələrdəki kimi şərtlər yüngülləşdirilməlidir. Təklif edirəm ki, qərarlara yenidən baxılsın. Çünki, ehtiyacı olan hər tələbə bu kreditdən yararlanmalıdır".

 

Azərbaycan Diplomatik Akademiyasının 5-ci kurs tələbəsi Vəfa Alışova bu qərarın lazımsız, tələbə üçün əlavə yük olduğunu düşünür:

 

"Bu günə kimi belə bir şey olmayıb, tələbələr necə oxuyubsa, indi də elə təhsil ala bilərlər. Qeyd olunan şərtləri nəzərdən keçirdikdə görürük ki, ölkəmizdə təhsil alan bir çox tələbənin narazılığı yaranacaq. Məncə, ən önəmli faktor tələbələrin maddi durumunun nəzərə alınmasıdır. Buna uyğun olaraq da güzəştlər tətbiq edilməlidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?