Vaşinqtonun tannmış “beyin mərkəzlərindən” olan Ceymstaun Fondunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyi və Ceymstaun Fondunun təşkilatçılığı ilə “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda dəyirmi masa təşkil edilib. Bu barədə DQİDK-nin mətbuat xidməti Modern.az-a məlumat verib.Məlumatda bildirilib ki, DQİDK-nin sədri Elşad İskəndərovun ABŞ-a səfəri çərçivəsində keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin ABŞ siyasi və akademik elitasına təqdim etmək olub.
Tədbiri dəyirmi masanın ev sahibi qismində açan Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor müzakirə mövzusunun əhəmiyyəti barədə danışıb. Azərbaycanın ABŞ-ın önəmli müttəfiqi olduğunu bildirən natiq, ölkəmizin təkcə enerji və təhlükəsizlik məsələlərində deyil həmçinin “dinlərarası münasibətlərin modeli” kimi də ABŞ və ümümilikdə Qərb ölkələri üçün əhəmiyyətini vurğulayıb.
Dəyirmi masanın əsas məruzəçisi kimi çıxış edən Elşad İskəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə tədbir iştirakçılarını məlumatlandırmış və bu kontekstdə Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verib. Natiq öz çıxışında Azərbaycanda qədim dövrlərdən başlayaraq müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin yaşadığını, onların unikal Azərbaycan mədəniyyətinin formalaşdırılmasına töfhə verdiyini önə çəkib və bildirib ki, Azərbaycan Prezidentinin təbirincə desək “multikulturalizmin Azərbaycan milli kimliyinin tərkib hissəsidir”. Məsələnin nəzəri cəhətlərini vurğulayaraq, o, Azərbaycanda konfessiyalararası münasibətlərin tolerantlığın çox ötəsində olduğunu, və əslində qarşılıqlı hörmət və əməkdaşlıq müstəvisində inkişaf etdiyini bildirib. O həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər keçirilən tədbirlərin beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası anlaşmanın yaranması, həqiqi dialoqun aparılması istiqamətində bir platformun yaradıldığını bildirib.
Dövlət Komitəsinin sədri həmçinin müasir dövrdə Azərbaycan dövlətinin tarixi ənənələri qoruyub saxlamaq istiqamətində gördüyü işlərə toxunub və bu sahədə mövcud təhdidlərin qarşısının uğurla alındığını qeyd edib. Azərbaycandakı dinlərarası dialoq modelinin dünya üçün önəm daşıdığını vurğulayan E.İskəndərov, “Azərbaycam modelinin” beynəlxalq səviyyədə tərənnüm edilməsi məqsədini daşıyacaq “Dinlərarası dialoq və tolerantlıq mərkəzinin” yaradılmasının bu sahədə bir çox beynəlxalq mütəxəssilərin təklif etdiyini qeyd edib. Sonda E. İskəndərov auditoriyanın marağını doğuran sualları cavablandırıb. ABŞ-a səfəri çərçivəsində sözü gedən mövzulara bu ölkənin rəsmi və ictimai dairələrinin maqağı haqqında məlumat verilib.
Tədbiri yekunlaşdıran Fondun nümayəndəsi və dəyirmi masa iştirakçıları bildirlər ki, Vaşınqtında akkreditə olunan diplomatik korpusun, ABŞ-ın dövlət və elmi dairələrinin nümayəndələrinin və media mənsublarının təmsil olunduğu tədbir istər mövzu və istərsə də verilən məlumatların dolğunluğu baxımından ciddi maraq yaradıb. Onlar həmçinin Azərbaycanın “tolerantlıq modelinin” uğurunu daha yaxından tanımaq, tədqiq və tərənnüm etmək məqsədilə iki ölkənin ictimaiyyəti və əlaqəli dövlət qurumları arasında əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.
Modern.az