Azərbaycan Respublikası Baş Prokurorluğu saxta sənədlərlə əmək pensiyası alan şəxslərin qanunsuz əməllərini ifşa edib. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, İsmayıllı rayon sakinləri Əzizova Aybəniz Gürzalı qızı və Nadirova Şölə Həmid qızının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olan materiallar araşdırılıb.
Müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Aybəniz Əzizova və 1961-ci il təvəllüdlü Şölə Nadirova yaşa görə əmək pensiyası almaq məqsədi ilə 2004-cü ildə İsmayıllı rayon polis şöbəsindən müvafiq olaraq 11 fevral 1954-cü il və 17 avqust 1953-cü il tarixlərdə doğulmaları barədə saxta şəxsiyyət vəsiqələri əldə ediblər. Bundan sonra həmin vəsiqələri digər zəruri sənədlərlə birgə Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə təqdim edərək Aybəniz Əzizova 7 min 257 manat, Şölə Nadirova isə 7 min 287 manat məbləğində əmək pensiyası almaqla külli miqdarda özgə əmlakını ələ keçiriblər.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi, eyni zamanda vurulan ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Modern.az