Dekabrın 19-20-də Bakıda GUAM Parlament Assambleyasının növbəti beşinci iclası keçiriləcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq. İclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər.
Toplantıya bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunublar.
GUAM PA-nın beşinci iclasında quruma üzv dövlətlərdə avrointeqrasiya prosesləri: Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı: Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
Təşkilatın Bakıda keçiriləcək iclasında Benilüks Parlamenti prezidentinin gözlənilən iştirakı bu qurumun GUAM PA-ya verdiyi əhəmiyyətin göstəricisidir.
Anar