Yeni il ərəfəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal gücləndirilmiş iş rejimində çalışacaq.
Gürcüstana turist aparacaq qatar xəttə buraxılacaq
“Azərbaycan Dəmir Yollar” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovun Modern.az-a verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yollar” QSC bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəklər. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də yalnız Gürcüstana turist qatarı xəttə buraxılacaq:
“ Bu il də yəqin ki, Gürcüstana turist qatarı olacaq. Çünki bununla bağlı müraciət edənlər var. Bundan əlavə ölkə daxilində tələbatı ödəmək və sıxlığı aradan qaldırmaq üçün qatarlara əlavə vaqonlar qoşulacaq”.
Biletlərin qiymətində heç bir dəyişiklik olmayacağını söyləyən mətbuat katibinin dediyinə görə, biletlər adi günlərdə olduğu kimi, Tarif Şurasının qoyduğu qiymətlərlə satılacaq. Ayın 31-də Gürcüstana gedənlərin sayı artdığıından yalnız həmin gün Gürcüstana turist qatarı xəttə buraxılacaq”.
Naxçıvana uçuşların sayı artırılacaq
Hələ ki, bütün işin qrafik üzrə getdiyini deyən “Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin saytımıza verdiyi məlumata görə, bayram günlərində “Azərbaycan Hava Yolları” QSC və Heydər Əliyev Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejimində çalışacaq:
“Hələ ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında bütün ucuşlar qrafik üzrə həyata keçirilir. Tələbat yaranarsa, Naxçıvana uçuşların sayı artırıla bilər. Biletlərin qiymətində isə dəyişiklik yoxdur”.
Bayram günlərində sərnişindaşımada sıxlığın adi günlərdəkindən xeyli çox olacağını nəzərə alaraq, əhalinin tələbatını ödəmək məqsədi ilə marşrutlara buraxılacaq avtobusların sayı da artırılacaq”.
Əlavə avtobuslar hazırlanır
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından Modern.az-a bildiriblər ki, həmişə olduğu kimi, bu il də 31 dekabrda Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək. Onu bildiriblər ki, hansı marşrut üzrə tələbat çox olacaqsa, həmin xətlərə əlavə avtobuslar buraxılacaq. Bilet satışında da heç bir problem olmayacaq. Belə ki, biletlər Tarif Şurasının müəyyən etdiyi qiymətlə satılacaq. Süni qiymət artımına yol verilməyəcək.
Gültəkin Ələsgər