Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Güney Azərbaycan məsələləri” kitabı (“Bakı Çap Evi” nəşriyyatı, 2012, 224 səh.) işıq üzü görüb. Kitabda müəllifin Güney Azərbaycan probleminə həsr olunmuş məqalə, müsahibə və tərcümələri toplanıb.
Müəllif Güney Azərbaycan məsələsini xalqımızın perspektivinə birbaşa dəxli olan strateji bir məsələ kimi nəzərdən keçirərək, Güney Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-fəlsəfi fikri, ədəbiyyatı, dili barədə fikirlərini bildirib, bununla bağlı qiymətli qaynaqları ilk dəfə oxuculara təqdim edib. Kitabın diqqət çəkən özəlliklərindən biri də müasir İranda Azərbaycan Respublikası əleyhinə bəlli dairələrin apardığı təbliğatın ifşa edilməsi, onun əsas tezis və müddəalarının ümumiləşdirilərək, tutarlı şəkildə cavablandırılmasıdır.
Bütövlükdə Güney Azərbaycanda milli kimlik və mədəni haqlar uğrunda çətin və şərəfli mübarizənin mənzərəsini canlandıran “Güney Azərbaycan məsələləri” kitabı “Məqalələr”, “Müsahibələr” və ”Tərcümələr” bölümlərindən ibarətdir. “Məqalələr” bölümündəki yazılarda fars şovinizminin anti-türk və anti-Azərbaycan siyasətinin tarixi-ideoloji kökləri açıqlanır, Güneydəki soydaşlarımıza qarşı yürüdülən assimilyasiya siyasətinin müxtəlif yönlərinə işıq salınır. Bu baxımdan müəllifin “Günəş hələ sönməyib”, “Şimali İran gərək azad ola...”, “Kuruş Babəkə qarşı?!” adlı məqalələri xüsusi maraq doğurur.

“Müsahibələr” bölümündə Məsiağa Məhəmmədinin Güney Azərbaycan milli hərəkatının çağdaş durumu, Azərbaycan türklərinin milli kimlik davası, Bütöv Azərbaycan ideyasının gündəmə gəlməsi ətrafında düşüncələri və söhbətləri yer alıb.
Məsiağa Məhəmmədinin yüksək peşəkarlıqla etdiyi tərcümələr oxucuları Güney Azərbaycanın tarixi və müasir vəziyyəti ilə bağlı bir çox yeni faktlar və sənədlərlə tanış edir. Bununla da Güneydə baş vermiş hadisələrin bəzi qaranlıq guşələrinə işıq salınır, olub-keçənlərə yeni nəzərlərlə baxmaq imkanı yaranır.
“Tərcümələr” bölümündə verilmiş Turxan Gəncəyi, Cəlal Al-Əhməd, Sirus Mədədi kimi müəlliflərin, eləcə də Güneydə milli hərəkatın tanınmış fəallarının yazıları bu baxımdan qiymətli və əhəmiyyətlidir.
Kitab Güney Azərbaycan problemi ilə məşğul olan mütəxəssislərə, eləcə də Azərbaycanın bütövləşməsini arzulayan bütün oxuculara ünvanlanıb.
Vüqar Məmmədov,
filologiya üzrə fəlsəfə doktoru