Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının 2009-2012-ci illər ərzindəki fəaliyyətinin yekunları haqqında VI seçki-hesabat konfransı keçirilib.
Modern.az bildirir ki, konfransda kənd təsərrüfatı naziri, federasiya prezidenti İsmət Abasov çıxış edib. Nazir qeyd edib ki, idman sahəsindəki uğurlar ildən-ilə artır. Bu il London Olimpiadasında ilk dəfə olaraq 16 idman növü ilə təmsil olunmuş respublikamızın 53 idmançısı yarışlara qatılıb, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb, 205 ölkə arasında 30-cu, Avropa ölkələri arasında15-ci, MDB dövlətləri arasında 5-ci yer tutublar.
İsmət Abasov qeyd edib ki, ölkəmizdə Olimpiya Hərəkatı geniş vüsət alıb. Paytaxtda və bölgələrdə istifadəyə verilən çoxsaylı Olimpiya –İdman Kompleksləri Azərbaycanda idmanın inkişafından xəbər verir.
İ.Abbasovun sözlərinə görə, gənclərin stolüstü tennisə olan marağını və həvəsini artırmaq üçün Federasiya tərəfindən davamlı olaraq, silsiləli şəkildə tədbirlər həyata keçirilir.
Nazir bu gün yığma komandamızın maddi-texniki bazasının möhkəmləndirilməsi, onun üzvlərinin bütün lazimı ləvazimatlarla, idman geyimləri ilə tam təmin olunduğunu və daimi təlim-məşq prosesləri üçün Tibb Universitetinin idman zalı onların istifadəsinə verildiyini söyləyib.