Modern.az

Deputatlar 2012-ci ildən danışdılar

Deputatlar 2012-ci ildən danışdılar

Parlament

8 Dekabr 2012, 08:53


2012-ci ilin sonuna artıq sayılı günlər qalıb. Dekabrın sonunda Milli Məclis də payız sessiyasını başa vuracaq. Milli Məclisin başa çatmaqda olan il ərzində-yaz və payız sessiyaları dövründə xeyli qanun qəbul edib. Bəs deputatların fikrincə, 2012-ci il Milli Məclisi nə ilə yaddaşlarda qaldı?

Millət vəkili İqbal Ağazadə deyir ki, Milli Məclisdə iclaslar keçirilir və onlar da mövqelərini ifadə edirlər. “Nə ilə yaddaşlarda qaldı məsələsi bir az romantik səslənir və Milli Məclis romantika yeri deyil, daha çox siyasət yeridir. Milli Məclis hər zamankı kimi ənənəvi fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan reallıqlarına uyğun olaraq mövqelərimizi ifadə etmişik. Milli Məclis mənim yox, bu seçicinin yaddaşında nə iləsə, kimlərinsə çıxışları ilə yaddaşlarda qalmalıdır. Özüm deyə bilmərəm ki, “mənim filan çıxışım yadımda qaldı””.

Deputat Tahir Rzayev deyir ki, Milli Məclisin fəaliyyəti üçün 2012-ci il uğurlu olub. Onun sözlərinə görə, bir çox qanunların, başlıcası Azərbaycan büdcəsinin müzakirəsi çox effektli idi.

“Çünki dövlət büdcəmiz hardasa 20 milyarda yaxın həcmdədir. Digər tərəfdən insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar bir çox qanunvericilik aktlarına əlavələrinə əlavələr və dəyişiklər oldu. Xüsusilə ən mühüm qanunlardan biri mənzil tikintisi və şəhərsalma ilə bağlı qanun layihəsidir ki, bu ölkədə tikintinin sürtətləndirilməsi, mənzil problemlərinin həll olunması baxımından çox əhəmiyyətlidir. Bundan əlavə, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar bir neçə qanunlara əlavə və dəyişiklər oldu. Ədliyyə Nazirliyinin hesabatı dinlənildi”.

T. Rzayev bildirib ki. ilin bitməsinə hələ var və gündəlikdə duran mühüm məsələlər də müzakirəyə çıxarılacaq. “Fikrimcə bunlar da uğurlu olasıdır”.

Millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, Milli Məclis hər il olduğu kimi bu ildə öz üzərinə düşən vəzifəni layiqində yerinə yetirib. “Milli Məclis bu il çox saylı qanunlar qəbul edib, Azərbaycanda gedən abadlıq, quruculuq, inkişafa təsir edən qanunların qəbul edilməsində fəal iştirak edib. Beynəlxalq təşkilatlarda deputatlarımız iştirak edib və Azərbaycanın maraqlarını kifayət qədər yüksək səviyyədə müdafiə ediblər. Milli Məclisin Konstitusiya ilə üzərinə düşən vəzifələri yerinə yetirilib. Yadda qalanlar isə beynəlxalq qanunlar, beynəlxalq təşkilatlardakı fəaliyyətdir. Bütövlükdə hər bir hadisə yadda qalan hadisə kimi də qeyd oluna bilər”.

Millət vəkili Vahid Əhmədov 2012-ci ildə Milli Məclisdə çoxlu qanunlar qəbul etdiklərini, çoxlu qanunlara əlavə və dəyişiklər etdiklərini vurğulayıb. “Ümumiyyətlə 2013-cü ilin dövlət büdcəsini qəbul etmişik. Əvvəlki illərdə olduğu kimi eyni məsələləri müzakirə etmişik. Ciddi, eyni zamanda mübahisələrə səbəb olan qanun layihələri də olub. Ümumilikdə 2012-ci il Milli Məclisi normal fəaliyyət göstərib”.

Deputat Fazil Mustafa deyir ki, 2012-ci ilin Milli Məclisi siyasi partiyaların maliyyələşməsi haqqında qanuna dəyişikliklər və partiyaların maliyyələşməsi ilə yaddaşında qalıb. “Bu ciddi bir hadisədir, çünki partiya demokratiyası inkişafı baxımından ən ciddi addımlardan biridir”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım