Modern.az

Sonuncu deportasiya: Qərbi Azərbaycan xatirələrdə - BDU-nun müəllimi Pərvanə İbrahimova danışır

Sonuncu deportasiya: Qərbi Azərbaycan xatirələrdə - BDU-nun müəllimi  Pərvanə İbrahimova danışır

Ölkə

8 Dekabr 2012, 11:38


Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ – 1905-1920-ci illər; İkinci mərhələ – 1948-1953-cü illər; Üçüncü mərhələ – 1988-1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib.

Modern.az silsilə yazılarla deportasiyaya edilmiş azərbaycanlıların xatirələrini oxucularla bölüşəcək. Bu dəfə Bakı Dövlət Universitetinin müəllimi və mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Amasiyanın Qaraçanta kəndində deportasiya zamanı gördüklərini danışır. 

– Uşaqlıq illərimdən söz düşəndə ilk olaraq ağlıma Amasiya gəlir. Baxmayaraq ki, 8-ci sinfə qədər Gəncədə yaşamışam və uşaqlığımın bir hissəsi də orada keçib. Gəncədəki həyatım da əzizdir. Qaraçanta kəndindəki həmin mənzərələr mənim gözümün qabağından getmir. Görünür ki, bu biz bilmədiyimiz, doğulduğumuz torpağa genetik kodlarla bağlıdır. Hansı kimliyə çatırsan, kim olursan, necə olursan bir gün arxaya baxırsan, çıxdığın yerə baxırsan, doğulduğun torpağa baxırsan, oranı unutmaq, başqa cür olmaq mümkün deyil.

Qərbi Azərbaycanın da özünə məxsus cəhətləri var idi. Buradan olan insanlar daha çox elmə, təhsilə meylli olur. Oxumaq onların bir nömrəli həyat kredosu idi. Çünki biz ermənilərin içərisində kənd həyatı yaşayırdıq ki, onunda özünə məxsus çətinlikləri var idi. Düşünürdük ki, biz necə öz gələcəyimizi qura bilərik. Ona görə hamı bir istiqamət götürürdü doğma Azərbaycana. Burda ali təhsil alırdılar.

1988-ci il idi, biz artıq köçmək ərəfəsində idik. Hər gün ermənilərdən bizə bir xəbər gəlirdi ki, artıq buradan çıxmalısınız. Amma yenə də o məktəbdən əl çəkə bilmirdik. Biz yalnız zəlzələdən sonra həmin torpaqları tərk etdik. Yəni həmin günlərə qədər biz məktəbdə idik. Anam həmin zəlzələni xatırlayarkən danışır ki, “elə bildim ki, evin arxasından tank gedir. Güclü gurultu səsi gəldi. Çıxdım bayıra başa düşdüm ki, bu zəlzələdir. Çox dəhşətli bir səs gəlirdi”. Deyir, “yol ayrıcına qaça-qaça gəldim və durdum yol ayrıcında, üzü aşağı məktəbə, bir də anam gilin evinə tərəf baxdım. Bilmədim ki, anamın evinə tərəf qaçım, baxıb görüm sağdır, yoxsa məktəbə sənin dalınca qaçım...”. Anam məktəbə mənim arxamca gəlmişdi. Həmin vaxt bədən tərbiyəsi dərsində idik. O zaman 5-ci sinifdə oxuyurdum.

Bir dəfə biz Tbilisidən qayıdırdıq . Orada dəmir yolunda həmyaşıdım olan erməni uşağı üstümə cumub “sən türksən, sən türksən” dedi. O zaman balaca uşaq idim. Yaddaşımda möhkəm bir xatirələrlə bu hadisə qaldı. Bəlkə də həmin uşaq həqiqətən mənim kimliyimi mənə demişdi. Sonradan mən o sözün sevdalısına çevrildim. Onda isə uşaq idim, dərk etmirdim ki, o nə deyir. Bu məndə o zaman onu oyatdı ki, gör onlar uşaqlarını bizə qarşı necə tərbiyə edirlər. Biz onların içərisində olsaq da biz onlarla nə qohum olmadıq, nə də qız alıb vermədik. Biz başqa cür olduq, mətin olduq, cəsarətli olduq.

Üzü tüklü ermənilər hələ də gözümün qabağındadır. İndi fikirləşirəm ki, biz o zaman necə qorxmamışıq, mətin olmuşuq. Biz həmişə özümüzü ona görə arxalı hiss edirdik ki, arxamızda Türkiyə var idi. Çünki Qarsla həmsərhəd idik. Maraqlı məqamlardan biri də o idi ki, biz deportasiya zamanı bura köçəndə türk müğənnilərinin adını çəkirdik və onları tanıyırdıq, amma onları burada tanımırdılar. Çünki orada Azərbaycan telekanallarına baxa bilmirdiksə, erməni kanallarına da baxmırdıq.

Kəndimiz Hülley adlı dağın qoynunda yerləşirdi. Deyirdilər ki, əgər dağın başında ocaq qalanarsa, bu Türkiyəyə bir işarədir ki, burada biz çətinliyə düşmüşük. Son günlər kənddə ağsaqqallarımız məsləhət gördülər ki, qız-gəlinləri Qarsa köçürsünlər. Çünki faktik olaraq Azərbaycana gəlmə imkanlarımız məhdud idi. Güclü yağış yağdığından Arpa çayını keçib gedə bilmədik. Elə bil ki, təbiət də bizi qoymurdu, qoruyurdu, istəmirdi ki, biz keçək. Deyirdi, yerinizə qayıdın. Yenə də təbiət bizi xilas etdi. Zəlzələ baş verdi və bir azərbaycanlının burnu qanamadı . Halbuki ermənilər əməlli-başlı qırıldı. O mənzərə hələ də gözümün qabağındadır.

Bizim kənddən durub yola baxırdıq. Həmin yolda təcili yardım maşınları dalbadal durmuşdular. Ermənilərin başları öz dərdlərinə qarışdıqlarına görə həmin vaxt atam Gəncədən maşın gətirdi və az bir əşyalarımızı götürməklə Amasiyanı tərk etdik. Orada mən bir şeyin də şahidi oldum ki, bəzən heyvanlar da insanı başa düşür . Belə ki, qara inəyimiz var idi. Onun gözündən su tökülürdü, o da bilirdi ki, biz gedirik. İtlərimiz Qaplan və Toplanın səsləri, küyləri az qala yeri-göyü səsləyirdi. Evimizdə ocaqlıq var idi. Biz gələndən sonra kənddə qalan adamlar deyirdilər ki, ermənilər evləri buldozerin qabağına verib uçurdurmuş, bizim evə çatanda iki ilan çıxıb buldozerin qabağında dayanıb, evimizi uçurda bilməyiblər. Bax beləcə bu da mənim Amasiya ilə bağlı son xatirəm.

Şahanə Rəhimli 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?