...İşdə ən rahat yer mənim idi. Çünki hər dəfə gözlərimi yazı-pozudan ayıranda əsəbləri daim sakit, gülümsər çöhrəli bir insanı görürdüm. Masalarımız paraleliydi. Göz-gözə gəlirdik. İstər-istəməz mən də gülümsəyirdim. Yaşı 70-in astanasındaydı. Ona otaqda hamımız “müəllim”, deyə müraciət edir, ehtiram göstərirdik. Maraqlı söhbətləriylə də arabir ürəyimizi açırdı...
Bir gün işə gələndə otaqdakları üzügülər gördüm. Hiss olunurdu ki, müəllim yenə məzəli əhvalat danışıb. Salamımı sevincək aldılar və dərhal ona baxdılar. Gözləri ilə: “Danış, bu da gülsün”, deyirdilər. Müəllim təmkinlə gözləyirdi. Özümü söhbətə hazırlaya-hazırlaya keçib yerimdə əyləşdim və ona baxdım: “Danışın”. Müəllim baxışlarımdan bu sözü oxuyub sözə başladı: “Bizim balacanı deyirəm e...”. Hə, deməli, söhbət yenə onun sevimli nəvəsindən gedirdi. Əlbəttə, müəllimin başqa hekayələrindən, xatirələrindən də xəbərsiz deyildik. Bir müddət pedaqoji sahədə çalışdığını, hətta orta məktəblərdən birində direktor olduğunu, sonralar müxtəlif vəzifələrdə işlədiyini bilirdik. Çap olunub-olunmadığını bilmirəm, arabir nəsihətamiz hekayələr də yazırdı.
Amma nəvəsi onun ən sevimli mövzusuydu. Öz adını verdiyi 3 yaşlı uşağa alışdırmışdı bizi. Üzünü görmədiyimiz balacanı xatırlamadan bir günümüz keçmirdi. Budur, babası yenə ondan danışırdı: “Nəvəm dünən kiçik oğluma deyir ki, əmi, mənə şirə al. Qoymadım oğlumu dükana getsin. Dedim: “Ay bala, nə var o hazır şirələrdə. Vallah xəstəlikdi... Onlardansa, evdəki kampotlardan verin içsin uşaq”. Müəllim bu yerdə söhbəti kəsib uğundu. Yaşarmış gözlərini silə-silə davam etdi: “Nəvəm qayıdıb evdəkilərə nə desə yaxşıdı?”. Məni intizarda saxlamadan sualına dərhal cavab verdi: “Deyir, köpəyoğlu baba qoymur əmim mənə şirə alsın”. Müəllim çiyni atıla-atıla güldü: “Əmisinə də deyir ki, sən köpəyoğlu babaya baxma, get al”. Ondan 3-4 yaş kiçik olan iş yoldaşımız söhbətə müdaxilə etdi: “Oxşayıb da əmisinə”. Müəllim söhbətin nədən getdiyini anlatdı mənə: “Kiçik oğlum balacaydı. Hələ məktəbə getmirdi. Hər gün deyirdi, mənə velosiped al. Bir gün işdən gəlirəm. Oğlum eyvana çıxıb yolumu gözləyirmiş. Məni əliboş görüncə anasına dedi ki, bu itoğlu yenə mənim velosipedimi alıb gətirməyib”. Müəllim gözləri yaşarınca güldü. Otaqdakılar da ona qoşuldular.
Anladığım bu oldu ki, müəllimin nəvəsi ailədə uzun illərin adət-ənənəsi üzrə tərbiyə alır. Böyüyəndə bəlkə də heç yaramazın, söyüşcülün biri olmayacaq. Hər halda ona öyrətdikləri söyüşləri evdəkilər “uşaqdır, böyüyər, ağıllanar” ümidi ilə həzm edirlər. Amma bəs o körpənin üzünü görmədiyi, “köpək”, “it” deyə hər gün məzarından qaldırdığı ulu babasının günahı nədir? Niyə uşağa oyuncaq, özlərinə əyləncə olsun deyə, bizimkilərin çoxu rəhmətliklərini məzarlarından qaldırırlar? Bunu anlamıram.
İki il öncə Rusiyada yaşayan qohumumun həyat yoldaşı ilə oğlu qonaq gəlmişdilər. Uşaq o zaman elə müəllimin nəvəsi yaşda olardı. Valideynləri Rusiyada böyüyüb təhsil alacağını düşünərək onunla evdə yalnız rus dilində danışmışdılar. Hələ nitqi tam formalaşmamış körpə bütün istəklərini rus dilində anladırdı. Ancaq söyüş söyəndən-söyənə keçirdi ana dilimizə. Ağzını açırdı, nə açırdı...
Bir dəfə oyuncaq mağazasındaydıq. Yekə bir ayı oyuncağını anasına göstərib almasını tələb etdi. Anası almayacağını söyləmişdi ki, uşaq özünü yerə çırpdı. Döşəmənin üstündə qıvrıla-qıvrıla: “Sənin ananı...” giriş sözləriylə keçdi anasını söyməyə. Hamı bizə baxırdı. Çoxu gülürdü: “Mən sizi tanımıram”, deyərək üzümü tutub mağazadan çıxdım.
Bir neçə gün sonra uşağın atası Rusiyadan zəng vurdu. Hal-əhval tutan kimi oyuncaq mağazasında baş verənləri ona danışdıq. Ürəkdən güldü. İradımı bildirdim: “Mən öyrətməmişəm”, - dedi: “Burda azərbaycanlı uşaqlar öyrədirlər” (Dostlarını deyirdi). Həyat yoldaşı müdaxilə elədi: “Yalan demə, çoxunu elə özün öyrədirsən. Küçədən keçəndə “kişi, bu rus qızını söy”, deyən sən deyilsən?”. Qohumum arvadına açıqlandı. Dalaşmasınlar deyə araya girdim: “Başında qalacaq”, dedim. Qohumum arxayın-arxayın dilləndi: “Qələt eləyir. Hələ böyüsün, sonra qadağan eləyərik”.
Dəfələrlə marşurut avtobuslarında bu cür səhnələrə şahid oluruq: ata-anasının, ya da başqa qohumlarının qucağında oturmuş uşaq böyük-böyük söyüşlər söyür. Onun qohumları, avtobusdakılar eşitdiklərindən utanaraq nəzərlərini bir-birlərindən yayındırırlar. Amma buna görə uşağın valideynlərini məzəmmət eləyən olmur. Əksinə, əksəriyyət gülüşünü zorla boğur.
Bizdə adətən daha çox oğlan uşaqlarına söyüş söyməyi öyrədirlər, bununla da gələcəyin kişisini yetişdirdiklərinə əmindilər. Görünür bizdə hər zaman belə olub. XX əsrdə Mirzə Ələkbər Sabir uşağını söyüş söydüyünə görə, tənbeh eləyən ərini qınayan ananın dilindən yazırdı:
Ay başı daşdı kişi! Dinmə, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Keyfinə dəymə, söyə ya sənə, ya qardaşına,
Atavun goru üçün, boşda bu tifli başına!
Xüsusilə, uşaq babalı-nənəli ailədə böyüyürsə, ona evdə qaşın üstə gözün var deməyə bir kəsin cürəti çatmır. Ailə, qohumlar bir yerə yığışanda balacanı fərəhlə ortaya çəkirlər. Onu şirniklənirə-şirnikləndirə deyirlər: “Əmini söy”, “Dayıya tüpür”, “Xalanı vur...”. Şirin balalar da deyilənlərə əməl eləyirlər, “şəkər” söyüşləri ilə hamının payını verirlər...