Modern.az

Torpağı zəbt olunmuş şairin varisləri: “Yenidən ekspertiza keçirilməsini gözləyirik”

Torpağı zəbt olunmuş şairin varisləri: “Yenidən ekspertiza keçirilməsini gözləyirik”

8 Dekabr 2012, 14:50

“Dövlət Torpaq və Xəritəçəkmə idarəsinin nümayəndəsi ekspertiza yerinə lazımı avadanlığı gətirməmişdi, halbuki ekspertiza üçün həmin avadanlıq çox vacib idi”. Bu sözləri Modern.az-a açıqlamasında mərhum şair Ağa Laçınlının oğlu, “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli deyib.

A.Qaraçənli bildirib ki, məhkəmə ekspertiza təyin etsə də, bu bir dəfə baş tutmadı. “Ekspert qeyd etdi ki, ekspertizanın baş tutmamasının səbəbi odur ki, Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının nümayəndəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri və tərəflər - yəni iddiaçı tərəf kimi biz, qarşı tərəf kimi Səbail rayonun keçmiş icra başçısı Rüstəm Məmmədovun ailə üzvləri iştirak etməlidir. Biz bir dəfə toplaşdıq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi ekspertiza yerinə lazımı avadanlığı gətirməmişdi, halbuki həmin avadanlıq çox vacib idi. Ondan sonra da ekspertiza təxirə salınmışdı”.

Baş redaktor yenidən ekspertiza keçirilməsini gözlədiklərini deyib. “Dekabrın 6-da hakim Nurəddin Bağırov və Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzinin nümayəndəsi çalışdılar ki, ekspertiza olsun, amma bu, gələn həftəyə qaldı. Yəni hazırda son vəziyyət belədir ki, ekspertiza keçirilməyib, gələn həftə keçirilməsi planlaşdırılır. Biz də gözləyirik ki, ekspertiza keçirilsin və müəyyənləşsin ki, nə qədər zəbt olunmuş ərazi var, ümumiyyətlə zəbt olunma varmı? Məhkəmə də ekspertiza rəyindən sonra davam edəcək”.

Qeyd edək ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub.

Sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama