Elçin Şıxlı: “Eşitməmişəm ki, o haçansa maddi sıxıntı çəksin və evi satmaq məcburiyyətində qalsın”
Neçə yaşım olduğunu xatırlamıram, amma bilirəm ki, çox balaca idim. Ailəliklə bir filmə baxırdıq. Kinoda “Cahandar ağa” adlı bir kişi bacısını şillə ilə vurdu. Kinonun bu yerində nənəm əmimə “yaman yazıb İsmayıl Şıxlı”, – dedi. Hadisələrin nədən bəhs etdiyini və zəhmli Cahandar ağanın bacısını niyə vurduğunu anlamırdım. Amma filmin yalnız bu yerləri uşaq təfəkkürümdə xüsusi bir təsirlə qaldı, nənəmin o sözündən sonra isə elə bilmişdim ki, Cahandar ağa İsmayıl Şıxlının özüdür. Uşaq ağlı ilə fikirləşirmişdim ki, İsmayıl Şıxlı əsəri yazıb, sonra da kinoda özü oynayıb. İsmayıl Şıxlını məktəbdə ədəbiyyat dərsində öyrənənə qədər beynimdə elə də yadda saxlamışam. Amma ədəbiyyat dərsliyində şəklini görəndən və onun rolu oynayan deyil, əsəri yazan olduğunu biləndən sonra da “İsmayıl Şıxlı” deyəndə uşaq beynimdən qalma o zəhmli kişi canlanırdı gözümün qabağında.
Amma Xalq yazıçısının yaxınlarının onunla bağlı xatirələri beynimdəki qorxulu Cahandar ağaya əməlli-başlı qalib gəldi.
“Köhnə Ev” adlı layihəmizin budəfəki ev sahibi vaxtı ilə Üzeyir Hacıbəyov27, “Hökumət evi” ilə üzbəüz binada yaşamış mərhum yazıçı İsmayıl Şıxlıdır. Yazıçının oğlu Elçin Şıxlı bizi atasının köhnə evi ilə tanış edir:
“İsmayıl Şıxlının dədə-baba mülkü Bakıda olmayıb. Çünki onun valideynləri Qazaxda yaşayıb. Bəy nəslindən olduqlarına görə, sovetlər bütün mülklərini müsadirə ediblər. O ki qaldı onun Bakıdakı evinə, kirayə qalmadığı ilk evi indiki Azadlıq prospekti, Amerika səfirliyi ilə üzbəüz, bir az ondan yuxarı binada olub. Sonra, 1957- ci ildə Hüsü Hacıyev küçəsindəki “Yazıçılar binası”nda yaşayıb. 1972-ci ildə isə “Hökümət evi” ilə üzbəüz, Üzeyir Hacıbəyov-27 ünvanında yerləşən mənzilə köçmüşük. Əvvəllər həmin evdə mən yaşayırdım, indi bağ evinə köçdüyümə görə, bundan sonra orada oğlum yaşayacaq.
O dövrdə, indiki kimi, şəhər ətrafında yaşamaq məfhumu yox idi. Şəhər ətrafında tək-tük adamların, yaxud da dədə-babadan Bakıda yaşayanların evi olurdu. Atam təbiəti xoşlayan adam idi, yəqin ki, şəhərdən kənarda yaşamaq istəyərdi. Amma mövcud vəziyyətlə əlaqədar olaraq şəhərdə yaşayıb. Mən özüm 6 ildir ki, bağda yaşayıram, yəqin imkan olsa idi, o da bağ evində yaşayardı. Amma İsmayıl Şıxlıda ayağını yorğanına görə uzatmaq pirinsipi var idi. Mən eşitməmişəm ki, o haçansa maddi sıxıntı çəksin və evi satmaq məcburiyyətində qalsın”.
Elçin müəllim deyir ki, ev məfhumu İsmayıl Şıxlı üçün tavan və döşəmədən ibarət deyildi.
“Ev məfhumu onun üçün ocaq məfhumu idi. O isə ailəyə və ocağa qarşı çox həssas adam idi. Onun üçün fərqi yox idi ki, evi mərkəzdədir, yaxşı yerdədir və s. Əsas o idi ki, ailəcanlı adam idi. Evimizə qonaq-qaranın gəlməyinə gəlincə, deyə bilərəm ki, o zamanlar insanların bir-birinə qonaq getmək vərdişləri var idi. Evdə bekar idisə, ya gərək teatra, ya da qonaq gedərdin. Xüsusən yazıçı mühiti idisə, yığışırdılar bir yerə, hər hansı təzə yazılmış yazını müzakirə edirdilər. Mən gözümü açandan bu mühiti görmüşəm. İndi də gedirik, amma mən indi oğlumgilə getmək üçün zəng edirəm, deyirəm, ay bala, evdəsinizmi, vaxtınız varmı, bir yana getməyəcəksinizsə, mən gəlim. Amma biz uşaq olanda oturduğumuz yerdə bir də görürdün ki, qapı döyüldü və atamın qonaqları gəlirdi. Atam onları “ay xoş gəlib, səfa gətirmisən” təəssüratı ilə qarşılayırdı. Hamı bir-birini tanıyırdı, hamı bir-birinə həyan olurdu.
Hazırda onun kitabxanasını, yazı masasını mən aparıb bağ evimdə necə var, eləcə saxlayıram. Orada bunun üçün ayrıca bir otaq təşkil etmişəm”.
Atası haqqında xüsusi bir qürurla danışan Elçin Şıxlı mərhum yazıçının bazarlıq etməmə səbəbindən danışır:
- Anam ona evə bazarlıq etməyə icazə vermirdi. Deyirdi ki, kişi əlində səbət gəzdirməz. Təbii ki, ağır yüklərdə biz ona kömək edirdik. Biz olan yerdə atamın bazarda heç bir işi ola bilməzdi.
Atamın evdə xüsusi həssaslıqla yanaşdığı bir şey var idisə, bu da o idi, gərək iş masasına toxunmayaydın. Anama deyirdi ki, ola bilər ki, “masamın üzəri səliqəsiz və ya sahmansız olsun mən deməsəm mənim masama toxunmayın”.
Bəzən elə olurdu ki, atamı basa düşmürdüm, amma sonralar anlayırdım ki, bir şey bilir ki, filan hərəkəti edir. Tutaq ki, mən ondan umurdum ki, əsgərliyə gedən zaman o məni Bakıda bir yerdə saxlatdıracaq. Amma mən Almaniyaya getdim. O zaman onu qınadım ki, niyə belə edib, sonra başa düşdüm ki, düz edib. Getdim, orada ingilis dilindən başqa, alman dilini də öyrəndim.
Həmişə böyük səbirlə qardaşımı və məni dinləyərdi. Əgər ağlına batan fikir olurdusa, deyirdi, “ay bala, mən düz hərəkət etmədim, sən haqlı çıxdın”. Mən onun oğlu idim, istəsəydi, mənə bunu deməyə də bilərdi, amma etiraf etməkdən çəkinmirdi”.
Müsahibimizin sözlərinə görə, İsmayıl Şıxlı vəfat edəndə heç bir vəsiyyət etməyib, sadəcə, öz hərəkəti, davranışı ilə səsləndirib ki, “adam olun, kişi olun və o cür də yaşayın...”.
Oğulla söhbətimizi bitirib yollanırıq adı çəkilən ünvana ki, həm evin fotolarını çəkək, həm də İsmayıl Şıxlının yaxın dostu və qonşusu olan Teymur Bünyadovla yazıçı və onun evi haqqında söhbət edək. Budur artıq sözügedən evə çatmışıq. Amma evdə təmir işləri gedir və ustadan başqa evdə heç kim olmadığına görə, birbaşa yuxarı mərtəbəyə qalxırıq. Teymur Bünyadovla söhbətə başlayırıq:
“İsmayıl Şıxlı ilə qohumuq. İsmayıl mənim bacım qızı Ümidənin yoldaşıydı. Uzun müddət bir-birimizi yaxşı tanımışıq. Sonra elə oldu ki, bu binaya köçdük. İsmayıl müəllimgil 5-ci, biz isə 6-cı mərtəbədən ev aldıq. Qayınatam Mehdi Hüseyn bu binanın yerini Rusiyada Yazıçılar İttifaqından almışdı.
İsmayılla hər gün bir yerdə olurduq. O, məndən 10 yaş böyük olardı. Özünü elə aparırdı ki, guya, mən ondan böyüyəm. Çox vaxt mənə güzəştə gedirdi. Mən çox ötkəm adam idim. Bir də görürdün gedirdik dəniz kənarına, dalaşıb gəlirdik. O səbirli idi. Mən isə yox. İsmayıl Şıxlını belə xarakterizə edərdim: sadə, səmimi, dupduru. Hətta deyərdim ki, zəmanəsinin adamı deyildi.
Deputat olanda ona bir məktub gəlmişdi ki, “İsmayıl Şıxlı gəlir Qazaxa Damcılıda araqdan vurur, sonra çıxıb gedir”. Çox pis olmuşdu ki, gör onun haqqında nə yazıblar. Güldüm, dedim, ayə, kaş ki, mənim haqqımda belə yazardılar, mən də gedib Damcılıda araq vurub gələrdim. Nə fikrə düşmüsən...
Bəlkə də indi burada deməyin yeri deyil, qızlar var idi ki, onun evinə qədər gedirdilər, yəni yol yoldaşlığı edirdilər. Demirəm ki, onlar İsmayıla qarşı başqa fikirdə idilər, sadəcə onlar onda bir ideal axtarırdılar. Onu da nəzərinizə çatdırım ki, mənim gözüm-qaşım oynayardı qızlara baxardım, o gözünün ucu ilə də baxmazdı (gülür). Bir az qaraqabaq adam idi, yəni özü içində olan adam”.
Teymur müəllim deyir ki, evdarlıq baxımından İsmayıl Şıxlı kimi ikinci adam dünyaya gəlməyib ki, ona oxşasın.
“Bazara gedirdik, deyirdim, İsmayıl gəzmək lazımdır ki, bizə görək münasib nədir. Bir balaca gəzirdi, deyirdi, “yox e mən burada dururam, sən get gəz, bax”. İsmayıl nə bilirdi bazar nədir, bazar harada başlayır, harada qurtarır. Evdə heç nəyə əlini vuran deyildi, onunku o idi ki, stol arxasına keçsin, ya mühazirə yazsın tələbələrə. Elə şeydə çox aciz, heç kimə oxşamayan, deyərdim ki, tənbəl idi”.
Teymur Bünyadov deyir ki, İsmayıl müəllimlə hər ikisinin sevimli ailəvi dincəldikləri yer Nalçik imiş.
“İstirahətdə bir yerdə nərd, domino oynayardıq, məclislərdə iştirak edirdik, arada bir tamadalıq da edirdi. Birlikdə sürücülyə gedirdik, onun bir həftəyə öyrəndiyini mən hələ öyrənməmişəm.
Hərdən isə evdə qızlarım səs edəndə yoldaşı Ümidə gələrdi ki, “ay köpək uşaqları neynəyirsiniz, niyə səs salırsınız, axı İsmayıl aşağıda çalışır...”.
İsmayıl Şıxlının “Köhnə ev”i bax belə olub...
Şahanə Rəhimli