Artıq 2012-ci ilin son ayını yaşayırıq. Hər il olduğu kimi, bu il də həm mədəni, həm iqtisadi, həm də ictimai-siyasi sahələrdə yaddaqalan mühüm hadisələr baş verdi. İlin yekun nəticələrini hər kəs bir cür dəyərləndirir. Modern.az bu il siyasi arenada baş verən hadisələrin nəticələrini, siyasi partiyaların necə fəaliyyət göstərdiyini siyasi yazarlardan soruşub.
“Yeni Müsavat” qəzetinin siyasi yazarı Etibar Seyidağa bildirib ki, hazırda Azərbaycanda 50-dən çox partiya olsa da, onların içərisində 10 partiya müəyyən qədər fəaliyyət göstərir: “Qalanlarının heç bir fəaliyyəti nəzərə çarpmır. Bu baxımdan partiyaların ayrı-ayrılıqda fəaliyyətinə qiymət vermək daha düzgün olardı. Mən siyasətdən yazan bir jurnalist kimi bu il siyasi prosesi izlədim və özüm üçün bir qənaətə gəldim ki, az-çox fəaliyyət göstərən partiyalar mümkün qədər aktivlik etdilər. İctimai Palatada olan partiyaların aktiv fəaliyyəti müşahidə olundu. Real ciddi nəticələr olmasa da, hər halda çalışdılar. Bu həm tədbirlərlə, həm də müəyyən aksiyalarla özünü göstərdi. Digər qurumlarda təmsil olunan bir neçə partiya var ki, onlar da tam passiv olmadılar və müəyyən qədər fəaliyyət göstərdilər. O cümlədən Yeni Azərbaycan Partiyasının (YAP ) da hakim partiya olaraq fəaliyyəti nəzərə çarpdı və bu fəaliyyət mətbuatın gündəmində oldu, ən azı partiyanın rəhbərliyində olan şəxslərin işi gözə dəydi. Üzdə olan partiyaların fəaliyyətinə passiv qiymət vermirəm, 100% aktiv fəaliyyət göstərməsələr də, işlərini orta qiymətləndirmək olar”.
“Olaylar”İnformasiya Agentliyinin siyasi yazarı Elman Cəfərli siyasi partiyaların bu ilki fəaliyyətini belə qiymətləndirib: “Bu il seçki ili deyildi. Adətən, seçki ili olmayanda həmin dövr siyasi partiyalar üçün maraqlı, işgüzar keçmir. Amma ötən il siyasi partiyalar üçün daha maraqlı keçmişdi. 2012-ci il hakim Yeni Azərbaycan Partiyası üçün daha çox Gülər Əhmədova olayı ilə xatırlanacaq. Yaxşı ki, partiya vaxtında sabiq millət vəkilindən imtina edə bildi. Bu məsələdə YAP-ın icraçı katibi Əli Əhmədovun daha çevik davrandığını düşünürəm. YAP 20 illik yubileyini qeyd etdi. Gələcəklə bağlı müəyyən mesajlar verdi. Ümumilikdə, son iki il hakim partiya üçün çətin keçdi. Müşahidələr göstərir ki, YAP üçün 2013-cü il daha çətin olacaq”.
E. Cəfərli qeyd edib ki, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP ) də daxilindəki hadisələrlə yadda qaldı: “Bir qrup şəxs fraksiya elan etdi. KXCP rəhbərliyi sərt addımlarla problemi həll etməyə nail oldu. İnanmıram ki, gələcəkdə partiya divarlarından kənarda qalmış fraksiya adlanan qrup KXCP-yə problem yaratsın.
Müsavat Partiyası üçün mühüm hadisə başqan olacaq şəxsin dəqiqləşməsidir. Hesab olunur ki, indidən xarici ölkələrə dəvət alan Arif Hacılı partiyanın başqanı olacaq. Mən də bu fikirlə razıyam. Əgər Nizamnaməni pozub oyunbazlıq etməsələr, Arif Hacılı öz halal haqqını alacaq. Mərhum Aydın Acalovun vəfatını Müsavat üçün itki hesab edirəm. Bu il mətbuata, özəlliklə siyasi yazarlara, analitiklərə daha çox mövzu verən Müsavatla KXCP oldu. AXCP bu il də qərargah və sədrinə pasport ala bilmədi. 1993-cü ildən sonra jurnalistlər üçün ən maraqlı, ən cəlbedici qərargah AXCP-nin qərargahı olub. Qərargahsız AXCP çox maraqsızdır.
Açıq Cəmiyyət Partiyası üçün uğurlu il oldu. Partiya Sülhəddin Əkbər kimi təcrübəli bir sədr qazandı. Eks-spiker Rəsul Quliyev doğru siyasət aparsa, bu partiya bir zamanların ADP-si kimi güclü ola bilər. Amma buna ümidim azdır.
Azərbaycan Demokratik Partiyası (ADP) isə heç nə ilə yadda qalmadı. Hörmət etdiyim siyasət adamlarından olan Sərdar Cəlaloğlu yenə də tək qaldı. Müxalifət onun təşəbbüslərinə razılıq vermədi.
Böyük Quruluş Partiyası haqında deyə bilərəm ki, hələ ki bu partiya sədrindən kiçik görünür. Partiya kütləvilik qazana bilmədi, böyümədi. Bu onunla bağlıdır ki, Fazil Qəzənfəroğlu daha çox elm adamıdır, nəinki siyasət. Yəqin ki, millət vəkili elmin dalınca gedəcək. Ümumiyyətlə, Sərdar Cəlaloğlu ilə Fazil Qəzənfəroğlu elm sahəsində cəmiyyətə daha faydalı ola bilərlər.
Ümid Partiyasında kadr dəyişikliklərini, gənclərin partiyaya cəlb edilməsini müsbət hal kimi vurğulamaq olar. Amma Ümid müxalifət daxilində əvvəlki mövqeyini itirib, bərpa edə bilmir.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ziddiyyətli mövqeyini davam etdirdi. Bu partiyada sanki rəhbərlik bir tərəfdədir, gənclər bir tərəfdə. Amma hər iki qanada Sabir bəy nəzarət edə bilir. Hiss edilir ki, partiyada nəsil dəyişimi vacibdir. Gənclər arasında yeni liderlər yetişib, Nurəddin Mehdixanlı, Fəzail İbrahimli kimi fiqurları onlarla əvəz etmək olar”.
APA-nın siyasi yazarı Ramil Məmmədli bildirib ki, 2012-ci ildə məsələyə iki mərhələdən baxmaq olar. “Müxalifətdə olan siyasi partiyalar iki rakursdan göründü. 2012-ci il ərzində bu partiyalar özlərində güc tapıb birlik istiqamətində müəyyən addımlar atdılar. Bu il daha çox müxalifət partiyalarının birlik yaratmaq ili kimi yadda qaldı. Müxalifət partiyalarında əsas istiqamət gələn il keçiriləcək prezident seçkiləridir, əsas hədəf ona hazırlıqla bağlıdır. Hələlik müxalifətdə olan partiyaların 2012-ci il görüntüsü 2013-cü ilə hazırlıq anlamı verdi”.
İqtidarda təmsil olunan Yeni Azərbaycan Partiyası ( YAP ) və ona müttəfiq olan partiyalara gəldikdə isə, R. Məmmədli qeyd edib ki, YAP daha çox xarici əlaqələrin genişləndirməsinə yer ayırıb:
“2012-ci ildə YAP-ın təşəbbüsü ilə bir neçə beynəlxalq müstəvidə tədbirlər keçirildi. Həm Asiya ölkələrindən olan partiyaların iştirakı ilə tədbirlərin keçirilməsi, həm də bu və ya digər formada siyasi məzmunlu tədbirlərin keçirilməsi, burada xarici ölkələrdən olan partiyaların iştirakı ilə gündəmdə qaldı. Ümumilikdə, ölkədəki siyasi partiyaların fəaliyyətini bu il qənaətbəxş hesab etməmək olar, çünki bu partiyalar daha çox özləri ilə işləməyə üstünlük verdilər, nəinki cəmiyyətlə”.
“Yeni Müsavat” qəzetinin siyasi yazarı Azər Rəşidoğlu qeyd edib ki, bu il siyasi partiyaların həyatında canlanma hiss olunub:
“Görünür, bu qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. İctimai Palatanın fəaliyyəti, Ziyalılar Forumunun müzakirələri diqqəti çəkdi. Müsavat və AXCP-nin piket və aksiyalar cəhdləri də bu qəbildəndir. YAP Elşad Abdullayevin açıqlamalarından sonra müəyyən təlatümlər yaşadı. Bu il baş verənlər gələn ilə hazırlıq kimi qiymətləndirilə bilər. Lakin təəssüf ki, müxalifət seçkiyə vahid komanda, vahid proqram və vahid namizədlə qatıla bilmir. Bu iqtidar opponentlərinin şanslarını xeyli dərəcədə azaldır. Bu baxımdan, hakim partiya daha inamlı görünür. Baxmayaraq ki, iqtidar ilboyu yerli və xarici təzyiqlərlə üzləşdi. Gələn il müxalifətin taleyi həll oluna bilər. Bu baxımdan, müxalifət 2012-ci ildə yol verdiyi səhvləri aradan qaldırmağa məhkumdur. Güman edirəm ki, 2013-cü il siyasi partiyalar üçün son dərəcə gərgin keçəcək. Qələbə qeyri-standart gedişlər edə biləcək qüvvələrin olacaq”.
Nihadə Eyyubova