Gürcüstanın yeni baş naziri Bidzina İvanişvili prezident Mixail Saakaşvilini sərt tənqid edib. Modern.az-ın gürcü KİV-lərinə istinadən verdiyi məlumata görə, “Gürcü arzusu” siyasi blokunun lideri İvanişvili növbəti seçkilərdə Saakaşvilini özünə rəqib görmədiyini bildirib. O, həmçinin prezidenti zorakılıq siyasətini davam etdirməkdə ittiham edib.
“Mixail Saakaşvilinin partiyasının növbəti seçkilərdə qalob gəlmək şansı yoxdur. Onlar zorakılıq siyasətlərini yenə də davam etdirirlər. Buna görə onlar bizim üçün ciddi rəqib ola bilməzlər. Belə getsə gələcəkdə də onlar bizim üçün ümumiyyətlə seçkilərdə rəqib olmayacaqlar”, - deyə İvanişvili bildirib.
Baş nazir daha sonra açıqlamasında sədri olduğu “Gürcü arzusu- Demokratik Gürcüstan” partiyasının qurultayının keçirilmə vaxtını açıqlayıb. Qurultayın 2013-cü ilin yanvar ayında keçiriləcəyini deyən Bidzina yenidən sədr seçiləcəyini vurğulayıb.
Anar RÜSTƏMOV