“Şoloxovun sözü olmasın, hər gün reaktiv təyyarədə peyin daşımaqdansa, at arabasında taxıl daşımaq xalqa daha çox xeyir verir”
Modern.az saytı uzun illər jurnalistikada işləyən qələm sahiblərilə silsilə müsahibələri davam etdirir. Bu dəfə qonağımızı təsadüfən seçmədik. Belə ki, tanınmış jurnalist Etibar Cəbrayıloğlunun doğum günü olduğunu nəzərə alaraq, onu Modern.az-ın redaksiyasına dəvət etdik. Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də anadan olub. Jurnalistikada 1991-ci ildən çalışır. Qeyri-leqal “Çeşmə” qəzetinin yaradılmasında və nəşrində yaxından iştirak edib. “Elin səsi”, “Lənkəran»” “Press-fakt”, “Bu gün”, “Azərbaycan gəncləri”, “Yeni Müsavat”, “Yeni yüzil”, “Cümhuriyyət”, “Politika” qəzetlərində, “Hesabat”, “Biz+” jurnallarında müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Ədalət” qəzetinin köşə yazarıdır.
- Dekabrın 11-də 45 yaşınız olur. 45 illik ömrünüzün necə ilini jurnalistikaya həsr etmisiniz?
- Əgər hesablasaq, jurnalistikaya gəlməyim Azərbaycanın müstəqilliyi ilə eyni vaxta təsadüf edir. 1991-ci ildən yazılar yazmağa başlamışam.
- Elə ilk vaxtlardan “Etibar Cəbrayıloğlu” imzası ilə yazmısınız?
- Əvvəlki yazılarım imzasız nəşr edilirdi. O zaman “Çeşmə” qəzeti dərc edilirdi. Həmin qəzeti indi xaricdə yaşayan Ayaz Əhmədov nəşr etdirirdi, onunla məni Lənkərandakı dostlarımız tanış etmişdi. Daha sonra Lənkəranda Xalq Cəbhəsi Partiyasının “Elin səsi” qəzeti nəşr edilirdi. Orada ilk dəfə “Etibar” imzası ilə bir-iki böyük yazım çıxıb. O zaman rayonun rəsmi qəzetinin baş redaktoru mənə iradını bildirdi ki, “sən elə yazırsan ki, elə bil Anarsan. Ya familya, ya təxəllüsünü qeyd elə”. Onda atamın adını götürdüm. Etibar İsmayılov imzası ilə isə bir-iki yazı yazmışam.
- Jurnalist fəaliyyətinizin böyük hissəsini ictimai-siyasi nəşrlərdə keçirmisiniz, daha sonra tamam başqa şou sahəsində getdiniz, indi isə bildiyimiz qədər rəsmi idalərdən birində də işləyirsiniz. Bu cür dəyişiklikləri necə qəbul edirsiniz?
- Harada lazım olmuşamsa, orada çalışmışam. Uzun müddət gündəlik qəzetlərdə işləmişəm. Kimsə qəzet, jurnal açmaq istəyib kömək etmişəm. İstəmişəm ki, o sahədə nə bacarıramsa edim. Həm də təzə sahəyə gedəndə təzə məlumatlar öyrənmişəm. Bu gün hesab edirəm ki, yalnız iqtisadiyyatdan yaza bilmərəm. Sırf iqtisadi qəzet və jurnalda işləməmişəm. Getdiyim yerlərə isə tez adaptasiya olmağa çalışıram. Adətən düşdüyüm mühitə tez uyğunlaşan biriyəm.
- Əvvəllər aktiv jurnalistikada görməyə öyrəndiyimiz Etibar Cəbrayıloğlu indi nədən kölgəyə çəkilib?
- İlk baxışda belə ola bilər. Gündə yazmaq, gündə şəkli qəzetdə çıxmaq baxımından hesablasaq, bəlkə az-az görünürəm. Amma məşhur rus yazıçısı Şoloxovun yaxşı sözü var: “Hər gün reaktiv təyyarədə peyin daışımaqdansa, at arabasında taxıl daşımaq xalqa daha çox xeyir verir”.
Hətta, az-az yazmaqla da hesab edirəm ki, nəsə etmək olar.
- Tez-tez futboldan, xüsusilə “Xəzər-Lənkəran” klubundan da yazırsınız. Sizi futbol azarkeşi adlandırmaq olarmı? Bəlkə belə bir sual da verək: bu gün futbolumuzun durumunu necə qiymətləndirirsiniz?
- Düzdür, futbol azarkeşiyəm. Uşaq vaxtı, gözümü açandan evimizdə futbola böyük həvəslə baxılıb. Həm də yaxşı futbol oynamışam. Yadıma gəlir, uşaq vaxtı ayaqlarımda ağrı var idi, o qədər futbol oynayırdıq ki, səhərə qədər ayaqlarımın ağrısından nə özüm yatırdım, nə də evdəkilərə imkan verirdim. Tədricən o ağarılar azaldı, amma futbola həvəsim azalmadı. Oyunlar olanda istər televizordan, istərsə də stadiona gedərək baxıram. Bu da bizə irsən keçib. Uşaq vaxtı danışılanlardan eşidirdim ki, babam dostları ilə “Neftçi”nin oyunlarını izləmək üçün Bakıya gedirmiş. Bu ənənə atama, ondan da mənə keçib. Hətta deyim ki, Moskvada, Bakıda çap olunan elə nəşrlər evimizdə olub ki, Lənkərandakı idman müəllimləri onlara baxmaq üçün bizə gəlirdilər.
Lənkəranlı kimi “Xəzər-Lənkəran”ın azarkeşiyəm. Vaxtım olanda onların oyunlarına baxmaq üçün rayona gedirəm. Ona görə komanda yaxşı nəticə verməyəndə, mən də onlara qarşı qələmimlə hücuma keçirəm. Azarkeşlik etdiyin komanda qol vurarkən yaşadığın sevinc gün ərzində topladığın stressi bir anda yox edir və problemlərdən azacıq da olsa qurtulursan.
- Futbolu bu qədər çox sevirsiniz, yaxşı da oynamısınız, nə yaxşı futbolçu deyil, jurnalist olmağa qərar verdiniz?
- Düzdür, oynaya bilirdim, amma məndən də güclü oyunçular var idi. Xaraktercə eləyəm ki, görürəm ki, o sahəyə xeyir vermirəm, oradan rahatca gedirəm. Öz yerimi bilən adamam.
- Azarkeşlik etdiyiniz komandalar hansıdır?
- Bu gün kimi dindirsəniz, Brazilya, İspaniya, ya da “Barselona”nın oyunalrına baxır. Əvvəllər dünyaya çıxışımız olmayanda sovet komandalarına baxırdıq. İndi Messinin oyunlarını izləyirəm, Türkiyənin “Qalatasaray” komandasının oyunlarına baxıram. Çalışıram ki, vaxtdan bir az da futbola ayırım. Düzdür, hərdən bunun üstündə evdə bir az narazılılıq olur, amma bir təhər ötüşdürürük.
- 1991-ci ildən jurnalistikaya gəldiyinizi qeyd edirsiniz. Sizin yaşda olan həmkarlarınız da danışanda qeyd edirlər ki, o zamanlar yazılan yazılarla indikilər arasında böyük fərq var, onda senzura olmasına baxmayaraq, fikri daha açıq bildirirmişlər, nəinki indi?
- Hər dövrün öz tələbləri var. O dövr təbii ki, qaynar mühit idi. Qəzetlər çox olduğu kimi, söz demək imkanı da var idi. Yadıma gəlir senzuradan hansısa cümləni keçirmək üçün nə qədər əziyyət çəkirdik. Hətta iki senzura var idi. Əvvəl hazırladığımız qəzeti hərbi senzuradan, sonra siyasi senzuradan keçirirdik. Orada da müəyyən vaxt var idi, çatdırmayanda qəzetin çap olunmamaq problemi yaşanırdı.
“Press-fakt” qəzetində işləyəndə senzurada tanış adam tapmışdıq. Mərhum şair Süleyman Rüstəmin qohumu idi, qəzeti çatdıra bilməyəndə onun evinə aparırdıq, möhür həmişə evində olurdu. Qəzeti də möhürsüz mətbəədə nəşr etdirməyə icazə vermirdilər. O oxuyub möhürü vururdu, aparırdıq mətbəəyə. Deməyim odur ki, çətinliklər olsa da, söz demək imkanları çox idi. Sonrakı dövrlərdə belə manevr imkanları azaldı, müstəqil qəzetlər demək olar ki, meydanda qalmadı.
- Sizin aktiv jurnalistikadan uzaqlaşmağınızı bir az da bununla əlaqələndirmək olarmı?
- Bəlkə də olar. Onda elə təsisçilərlə işləmişəm ki, onlar qəzetin işinə heç vaxt qarışmayıblar. “Press-fakt” qəzeti yeganə qəzet idi ki, 5 professor o qəzetə köşə yazırdı. Təsisçisi Xanlar Abulov adlı bir iş adamı idi və demək olar ki, qəzetin heç bir işinə qarışmırdı. Daha sonra “Yeni musavat” qəzetində İsa Qəmbərlə işləmişik, o da ideal təsisçi idi, heç vaxt qəzetin işinə qarışmırdı. “Cümhuriyyət” qəzetində işləmişik. Yadigar Məmmədli də qəzeti köşkdən alırdı, heç vaxt gəlib demirdi ki, “qəzetdə filan şey getsin, filan şey getməsin. Filankəsdən yazı yazmaq olar, filankəsdən olmaz”.
“Politika” qəzetinin baş redaktoru olduğum vaxtda onun təsisçisi Hicran Fərzəliyeva idi, o da heç vaxt qəzetə tam müstəqillik verirdi. Yəni mən belə adamlarla işləmişəm ona görə azadlığın dadını çıxartmışam və aclığım qalmayıb, doymuşam.
- Hesab edirsinizmi ki, bu gün jurnalistikamız bəsitləşib?
- Bəlkə mənim qiymət vermək səlahiyyətim o qədər də yoxdur. Məndən də istedadlı əməyi olan insanlar danışa bilər. Amma hər dövrün öz tələbi var. O vaxt biz nəyi öyrənirdiksə, onu da tətbiq edirdik. Amma indi tətbiq etməyə meydan qalmayıb. Məsələn, hərdən oxuyuram ki, hansısa jurnalist qurumu jurnalistləri xaricdə təcrübə keçməyə aparıb. Maraqlıdır, gəlib onlar o təcrübəni burada harada tətbiq edəcəklər? Çünki Azərbaycanda o standartlara cavab verən qəzet, jurnal, televiziya kanalı qalmayıb. Gedib orada öyrəndikləri təcrübəni burada gəlib necə tətbiq edəcəklər? Son vaxtlar çıxan qəzetlərimizə baxaq. Heç bir qəzetimiz nəinki beynəlxalq standarta, heç Biləcəri standartına da cavab vermir, heç Xocahəsəndən o yana keçmir. Belə baxanda görürsən ki, saytlar, qəzetlərin sayı çoxdur, həmin o standartlara cavab verən, tərəfsiz meydan yaradan qəzet yoxdur. Tək yazıdan söhbət getmir, tərtibatın özündən də çox şey asılıdır. Məsələn, “New Baku Post” qəzetindən başqa tərtibatı bir az oynaq, baxımlı olan qəzet hər halda son vaxtlar görmürəm. O vaxt çıxan “Press-fakt” qəzetini indikilərlə yanaşı qoysan, görürəsən ki, o qəzet nə qədər inqilablar edib, hətta texnika, şərait olmaya-olmaya.
- Bu gün mövzu qıtlığının yaşadığı qeyd edilir, siz bunun səbəbini nə ilə izah edirsiniz?
- Mövzu qıtlığı əslində indi olmamalıdır. O vaxtı cavan jurnalistlər deyəndəki “nədən yazaq?”, deyirdim ki, “çıx şəhərə, şəhər özü başdan-ayağa mövzudur”. Əslində şəhərdəki bir elan, avtobusda yazılan elan, danışılan söhbət sənə mövzu verə bilər. Mövzunu məncə tapmaq olar. Sadəcə onu harada, necə yazmaq məsələsi var, təsisçi, baş redaktor o mövzunu qoyacaq ya yox.
- Bəlkə bir səbəb də odur ki, bu gün jurnalistlərimiz gəzmir, getmir, mövzu tapmırlar, oturaq jurnalistikaya meyillidirlər?
- Bunu indi jurnalistikanın ən böyük bəlası hesab edirəm. Bəlkə də köhnə mühafizəkar kimi düşünürəm. Deyə bilərlər internet var, knopkanı basırsan, hər şey ora gəlir, ola bilər. Mədəniyyət müxbirləri tanıyıram ki, heç aylarla tamaşaya, sərgiyə, filmin nümayişinə getmir, amma hər gün mədəniyyətdən yazır və elə bilir ki, mədəniyyət müxbiridir. Əslində bunları bilmək üçün getməlidir, məşqlərdə iştirak etməli, sərgilərə baxmalıdır. İşimi elə qurmuşam ki, hər həftə bir tamaşaya, sərgiyə gedib baxa bilirəm. Adicə kitab təqdimatına gedib xəbər yazmağı özümə eyb bilmirəm. Bizim bəlamız odur ki, bu dəqiqə xəbər yazmağı jurnalistlərimiz özlərinə aşağılayıcı şey kimi baxırlar. Əslində jurnalistika xəbərin içində yetişir, xəbər yazmaqla öyrənir. Ona görə getmək, qaçmaq, hərəkətdə olmaq lazımdır. Yəni jurnalistin başından əlavə, ayağı da işləməlidir. İkisi işləsə, lap yaxşı olar. Peşə də dinamikliyi tələb edir.
- Bir zamanlar “Yasamaldan məktublar” adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdınız və orada diqqəti çəkən məqamlar da çox idi. Necə hesab edirsiniz, bu gün o tip yazılara ehtiyac azalıb, ya artıb?
- O vaxtı belə köşə yazıları yenilik idi, hər qəzetdə çap etdirmək olmurdu. “Yasamaldan məktublar”ı “Bu gün” qəzetində yazmağa başlamışam. Onda da qəzetin baş redaktor Nəsib İsmayılov belə təklif etdi ki, o cür köşələrlə başlayaq. İlk dövrlər yaxşı qarşılanmırdı, insanlar deyirdi ki, “bu nədir, qəzetdə şəklinizi verirsiniz”. Yadımdadır, o vaxtı nəşr olunan “İnşaatçı” qəzetinin baş redaktoru, əməkdar jurnalist Oqtay müəllim redaksiyamzıa gəlib dedi ki “bu nədir? Necə il qəzet redaktoru olmuşam heç adımı da bütöv yazmamışam. Siz adınızı yazırsınız, şəkil verirsiniz”. Bəzisi dedi ki, köşə yazısı nə deməkdir? Sonra adət halını aldı, başqa qəzetlər də bunu etməyə başladılar. Hərdən dost-tanışlar sual verir ki, niyə davam etdirmirsən? Müsahibənin əvvəlində dediyim kimi, vaxt çatanda bilirəm ki, dayandırmaq lazımdır. Onda da hiss etdim ki, onu dayandırmaq lazımdır, burada əslində siyasi qadağa yox idi. “Yasamaldan məktublar”ın o səviyyədə qalmağı yaxşı idi, bəlkə zəifləyərdi, bəlkə daha yaxşı olardı. Amma hesab edirəm ki, zamanında yaxşı saxladım.
- Bu gün mətbuatımızı, saytları izləyirsiniz? Onların fəaliyyətini necə xarakterizə edirsiniz?
- Qəzetlərin, saytların sayı çoxdur, rəqabəq mühiti yoxdur. Bizim vaxtımızda qəzetlər, sözün əsl mənasında, bir-birilə rəqabətdə idilər. İndi bu hiss olunmur. Çünki oxucuların sayı sənin reklam işinə təsir etmir. Ona görə də rəqabət olmayanda da hamısı yerində sayır. Məsələn, parlamentdə iclas gedir. Qəzetləri səhər açıb oxuyursan ki, iclas günün birinci yarısı ilə bağlıdır, ikinci yarısından heç nə yoxdur. İclasın keçirildiyini yazır, amma qərarın qəbul edilib-edilmədiyini yazmır. O da ondan irəli gəlir ki, bir nəfər gedib iştirak edir, o da orada olanları hamısının həmkarlarının e-mailinə atır və yazılar da bir-birinə oxşayır. Amma o vaxtı hərə özü gedib iştirak edir, çalışırdı ki, yazılar digərindən fərqlənsin. İndi o rəqabəti görə bilmirəm.
- Bu gün gənc jurnalistlərin sayı artır, fikrinizcə onlar əsl jurnalisika yolunda addımlaya bilirlər?
- Jurnalistika elə bir sahədir ki, ora həmişə gənclərin marağı olub. Bu gün mətbuatda, saytlarda, qəzetlərdə daha çox gənclərdir. Hansısa qüsuru, detalı görəndə tanıdığım jurnalist olanda deyirəm və ya redaktoru olanda zəng edib deyirəm ki, “hiss edirsən ki, təcrübəsizliyindən yazıb, belə yazılsa daha yaxşı olardı”. Qısqanmıram, hesab edirəm ki, istedadlı gənclər nə qədər çox gəlsə, bu sahənin irəli də olmasa, zəifləməməsi, yerində qalması üçün yaxşıdır.
- Jurnalistlər üçün tikilən bina bitmək üzrədir, hesab edirsinizmi orada sizin də mənziliniz var?
- Təbii ki, orada öz mənzilimi görürəm. Hesab edirəm ki, orada təkcə kənardan baxmaq yox, hətta, o mənzildən çölə baxmağa haqqım var. Amma eyni vaxtda min adam da o iddiaya düşə bilər. Adətən qohumlar, tanışlar söhbət edəndə sual verirlər ki, “bəs sən niyə hərəkət etmirsən?”. Molla Nəsrəddinin bir lətifəsi var, yəqinki yerinə düşər: mollanın evində oğurluq olur, qonşular gəlir deyir ki, qapını düz qoymamısan, o birisi deyir pəncərəni açıq qoymusan. Axırda molla deyir ki, belə çıxır oğrunun günahı yoxdur, bütün günah məndədir? İndiyə qədər mənzilsiz qalmağım tək mənim günahım deyil. İşlərə cavabdeh olan insanların da məsuliyyəti var. Onlar bu məsuliyyətdən yaxasını kənara çəkə bilməzlər, necə ki mən çəkmirəm. Nə lazımdırsa, hesab edirəm ki, işimin xeyli hissəni görüməşəm. İndi onlar da bir-iki addım atmalıdılırlar. Ümumiyyətlə bu mövzuda çox danışmışam. Ona görə istəyirəm ki, bir lətifə ilə buna son qoyum. Sovet dövrünün məşhur lətifəsi var: “Bir nəfər Kremlin qarşısında gəlib ağ vərəq paylayır. Milis yaxınlaşıb deyir ki, nə edirsən? Deyir etiraz edirəm. Deyir bu necə etirazdır, vərəqlərdə heç nə yazılmayıb. Cavabında deyir ki, o qədər yazmışam ki, axırda sözüm qurtarıb indi də ağ vərəqlər paylayıram”.
- Bir dəfə bizə demisiniz ki, “evim olanda Modern.az kollektivinə qonaqlıq verəcəm”, fikrinizdən daşınmamısınız?
- Sözümün üstündə durmağı xoşlayıram, çalışıram onu yerinə yetirim. Necə ki, bundan əvvəl yazdığım yazıların heç birindən imtina etmirəm, o sözdən də imtina edirəm. Sizə bu qonaqlığı məmnuniyyətlə verə bilərəm, təki gerçəkləşsin.
- Bu gün köşə yazılarınızın mövzusunu necə seçirsiniz?
- Gündəmi təbii ki, nəzərə almalı olursan. Səni narahat edən məsələ varsa və ya hansısa sənə yaxın olan insanın, tanınmış adamın ad günüdürsə, ona uyğun və ya sənət aləmində bir hadisə baş veribsə, onu qələmə alırsan. Bir neçə detallar var ki, çoxu yəqinki belə yazır. Nəyin vaxtı zamanıdırsa, o qeyd edilir.
- Digər köşə yazarlarının yazılarını izləyirsiniz, baxırsınız?
- Oxuyuram. Öyrənməyi heç vaxt eyb saymıram. Yaxşı qələmi, imzası olan jurnalistləri oxuyuram, onlardan öyrənirəm. Həyatda baş verən adi hadisəyə 10-15 köşə yazarı necə münasibət bildirib, kim sənin ürəyindən tikan çıxartdı, mən olsam nə bildirərdim, necə yazardım... Həmklarlarımı hər zaman izləyirəm, sevdiyim jurnalistlər də var.
- Əvvəllər yazıları əllə yığırdınız, bu ənənəyə indi də davam edirsiniz?
- Mən kompüteri çox gec öyrənmişəm. ANS-də “Hesabat” jurnalında işləyəndə “Yeni musavat” qəzetindən tanıdığım Vüsal Qasımlı məni öyrətdi. Ona qədər isə əllə yazırdım. İndi həm kompüterlə, həm də əllə yazıram. Kompüterlə rahat yazıram, məktublaşıram. Düzdür, Facebook-da yoxam, amma e-mailim var, həmişə açıb baxıram, cavab olunası məktubları oxuyuram. Facebook-a vaxt ayırmaq istəmirəm. O elə şeydir ki, gərək vaxtının hamısını ona sərf edəsən. Dost-tanışlar hərdən soruşur “sən mənim dostluğumda varsan?”. Bu hələ bilmir bunun dostu kimdir, əgər fikirləşsən ki, bu adam dostluğumda var və ya yox, ona vaxt itirməyə dəyməz. Gec də öyrənsəm kompüterlə dostluğum var.
- 45 yaşda ilk hədiyyə və ilk təbriki kimdən gözləyirsiniz?
- Adətən ad günlərim orta məktəbdən maraqlı keçib. Uşaqlar, dostlar həmişə təbrik ediblər. Ümumiyyətlə, ad günlərimə maraqlı yanaşmam var. Bütün dostlarımı həmişə təbrik edirəm. Hədiyyə olmazsa sözlə, zarafatla da olsa birinci təbrik etməyi xoşlayıram, kasıbın olanından. Bunun da qarşılığını həmişə görmüşəm. İstər yuvarlaq rəqəm, istər adi ildönümləri olsun, həmişə təbrik ediblər. 40 illiyimdə dostlarım, konkret Ağadadaş Ağayev qonaqlıq təşil etmişdi. Ən yaxın adamlarımız ora yığışmışdı. Birinci Ağadadaş müəllim qonaqlığı mənə hədiyyə etmişdi. Qonaqlığın axırında qardaşım gözləmədiyim halda mənə “Xəzər-Lənkəran”ın maykasını hədiyyə verdi, arxasında da “40 nömrə Etibar Cəbrayıloğlu” yazılmışdı. İndi də onu saxlayıram. Bu ad günümdə də dostlarım zəng edib təbrik edəcəklər. Həyat yoldaşım dünən artıq öz hədiyyəsini verib. Hədiyyənin böyüyü-kiçiyi, dəyəri o qədər önəmli deyil, elə diqqət bəsdir.
- Bu ad gününüzü necə keçirməyi planlaşdırırsınız?
- Bu il keçirməyi planlaşdırmıram. Çünki 40 illik yadda qalan oldu, istəyirəm ki, bir az fasilə verim. 50 illikdə, İnşallah, qismət olsa, qeyd edərik.
- 45 yaşda həyata baxınşınızda fərqlikliklər hiss edirsiniz?
- Təbii ki, ildən-ilə insanın yaşı üzərinə yaş gəldikcə, məsuliyyəti bir az da artır. 45 yaş əslində faciəli yaş da deyil. Fikirləşirsən ki, 10 il qabaq atdığın addımı indi atmazdın və ya ondan da radikal addımlar atardın. Əvvəl özünə görə cavabdeh idin, sonra ailənə görə, daha sonra övladlarına görə cavabdeh olmağa başladın. Ona görə yük artır, addım atanda məcbur olub A, B planını hesablayırsan. Bizim dostumuz Tofiq Abdinin yaxşı şeiri var:
Bu qışdan, bu vuruşdan çıxa bilsək,
Qarşıdan gəlir yaz,
Biz hələ qocala bilərik bir az.
İnanıram ki, biz hələ qocala bilərik, İnşallah...
- Övladlarınızdan hansınansa sizin yolunuzu davam etdirməsini istərdiniz?
- Elə ailədə tərbiyə almışam ki, nə mənim, nə qardaşımın, nə bacımın istədiyinə qarşı sədd qoyulub, hər şeyi-həyat yolunu, ailə qurmağı özümüz seçmişik. Ona görə də mən də istəmirəm qadağa qoyum. Oğlum Turanın yazı-pozuya, teatra həvəsi var. Onun imzası ilə bir-iki yazı yazmışam, yəni imzasını artıq mətbuatda görmək olar. Qızım Fatimə həkim olmaq istəyir. Nə olurlarsa, olsunlar, əsas odur ki, cəmiyyət üçün xeyirli insan olsunlar və nə işlə məşğul olsalar, onun dərinliyini bilsinlər”.
Son zəng şəkli: məni orada tapmaq çətin olacaq.