“Əgər şəxsin cinayət törətməsi ilə bağlı məhkəmə qərarı yoxdursa, KİV-də həmin şəxslər haqqında informasiya verilərkən qanundakı maddələrin müddəaları nəzərə alınmalıdır. Lakin təəssüflər olsun ki, bu halları nəzərdə tutan qanunların jurnalistlər tərəfindən pozulması halları praktiki olaraq geniş yayılıb”.
Bunu Modern.az-a açıqlamasında media hüququ eksperti Rəşid Hacılı kriminal verilişlərdə məhkəmə qərarı olmadan təqsirləndirilən şəxslərin üzünün efirdə göstərilməsi məsələsinə münasibət bildirərkən deyib.
Media mütəxəssisi onu da qeyd etdi ki, bu həmin şəxslərə qarşı aşağılayıcı bir addımdır. “Bunlar hətta şəxsi həyatın işıqlandırılması kimi də qiymətləndirilməlidir. Ancaq bu qanunsuzluğa məruz qalan insanların özünün də hüquqi bilgisi yoxdur və bununla bağlı məhkəmələrə şikayət etmirlər. Mən özüm demək olar ki, müraciət olunması ilə bağlı hallara rast gəlməmişəm”.
Millət vəkili Fazil Mustafa da belə bir şeyin qətiyyən yolverilməz olduğunu deyir. Milli Məclis deputatının sözlərinə görə, bunlar jurnalistlərin hüquqi bilgisizliyindən irəli gəlir.
“Hətta ən böyük qatili belə, özü də cinayət törətdiyini etiraf edərsə, onu cinayətkar adlandırmaq, təqsirsizlik prezumpsiyasına ziddir. Məhkəmənin hökmü olmadan heç kim bu adı üzərinə götürməli deyil. Bu haqda məsələ qaldırmaq olar ki, bu cür hallar aradan qaldırılsın. Düşünürəm ki, jurnalistlər tərəfindən bilə-bilə edilmir bunlar. Sadəcə olaraq, qanunlardan xəbərləri yoxdur. Hesab edirəm ki, maarifçilik işi aparmaqla bunun qarşısını almaq olar”.
Aqşin Kərimov