“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun Milli Məclisdə qəbul olunmasından xeyli müddət keçsə də, hələ də bu cür şəxslərin cəmiyyətə sosial adaptasiya olunması üçün sosial reabilitasiya mərkəzləri yoxdur. Belə ki, qanun layihəsi ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya və maddi yardımın göstərilməsini nəzərdə tutur. Keçmiş məhbuslara orta əmək haqqının dörd misli qədər birdəfəlik pul verilməlidir ki, bu da 400-500 manat deməkdir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş keçmiş məhbuslar bir il müddətində sosial reablitasiya mərkəzlərində qala bilərlər. Bu müddət keçmiş məhbusun penitensiar müəssisədən azad olunduğu gündən deyil, sosial reabilitasiya mərkəzində qeydiyyata götürüldüyü gündən hesablanmallıdır.
Sosial reabilitasiya mərkəzlərinin olmamasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən sorğumuza verilən cavab da təsdiq edir: “Hazırda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üçün sosial reabilitasiya mərkəzi yoxdur. Lakin Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi nəzərdə tutulur”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da bunun həll olunmalı məsələlər arasında birinci yerdə durmalı olduğunu deyib: “Bizim cəmiyyət üçün bu problemlər o qədər vacib və məsuliyyətli problemdir ki, bununla çox ciddi məşğul olmaq lazımdır. Çünki o məhbuslar azadlığa çıxandan sonra özlərini cəmiyyətdə itirilmiş kimi hiss edirlər. Eləsi olur ki, ailəsi ondan üz döndərir, eləsi olur ki, heç uzun müddət özünə iş tapa bilmir. Bəzən də şikayətçilər olur ki, evləri əllərindən alınmış olur və küçələrdə qalırlar. Mənə elə gəlir ki, bununla bağlı bir proqram hazırlanmalıdır. Həm onların problemləri həll olunsun həmdə ki, cəmiyyətə adaptasiya olunmaları üçün şərait yaradılsın”.
Şahanə Rəhimli